Azərbaycanda informasiyalı cəmiyyətin formalaşması prioritet hesab olunur

İstiqamət: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Müasir dünyada informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Hazırda onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. Artıq informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. Məhz bu amil nəzərə alınaraq  Azərbaycanda da informasiya texnologiyalarının tətbiqi və inkişafına üstünlük verilir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda "elektron hökumət"in formalaşdırılmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya ilə qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində özünü büruzə verir. Məhz bu münasibətin nəticəsidir ki, "elektron hökumət" ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaranıb.

Məlum olduğu kimi informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricisidir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qadiyyəti onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən asılı olacaq. Dünya təcrübəsi göstərir ki, informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcuddan problemlərin həll olunması və yoxsulluğun azaldılması üçün tutarlı vasitələrdəndir. Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müəyyən addımlar atılmış, bir sıra sahələrdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılmış və ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir.

Belə ki, Azərbaycanda "Elektron hökumət"in tətbiqi sahəsində görülən işlər ölkədə elektron hökumətin formalaşmasında müstəsna rol oynayıb. Məhz bu sahədə dövlət proqramlarının tətbiqi dövlət strukturları arasında inteqrasiyanı mümkün edib.  Ölkədə iqtisadi və sosial sahələr üzrə təsdiq edilmiş 20-dək dövlət proqramı çərçivəsində "elektron hökumət" layihələri həyata keçirilməkdədir. "Elektron hökumət"in fəaliyyəti üçün zəruri olan normativ-hüquqi bazanın və infrastrukturların formalaşdırılması, elektron ödəmə sistemlərinin tətbiqi əhalinin dövlət orqanları ilə təmaslarının sadələşdirilməsinə, daha münasib və çevik formada həyata keçirilməsinə, yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə və biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulmasına əlverişli imkanlar yaratmışdır. "Elektron hökumət" mühitində münasibətləri tənzimləyən bir sıra mühüm sənədlər, o cümlədən Azərbaycan Respublikasının qanunları, dövlət standartları və təsnifatları qəbul olunmuşdur. Ölkədə elektron imzadan istifadənin təşkili üçün Açıq Açar İnfrastrukturu və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmış və 2011-ci ilin sentyabrından dövlət orqanlarına, vətəndaşlar və sahibkarlıq fəaliyyəti subyektlərinə elektron imzaların verilməsinə başlanılmışdır. Elektron imzanın tətbiqi əhalinin elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinə, onlara daha keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsinə, habelə elektron hökumətin və elektron ticarətin geniş nüfuzetməsinə xidmət etməkdədir.

Ölkədə informasiya kommunikasiya texnologiyalarının tətbiqi Azərbaycan hökumətinin informasiya cəmiyyətinin formalaşdırılması prosesini sürətləndirməyə qərarlı olduğunu deməyə əsas verir. Birmənalı şəkildə qeyd etmək olar ki, informasiya cəmiyyətinin hüquqi-normativ bazasının yaradılması sahəsində Azərbaycan dövlətinin artıq müəyyən müsbət təcrübəsi var. Belə ki, hazırda respublikanın ali və orta ixtisas məktəblərinə tələbə qəbulu prosesində yeni texnologiyalar geniş şəkildə tətbiq edilir, online rejimində biliyin yoxlanılması həyata keçirilir, bu sahədə informasiya resursları formalaşdırılır. Azərbaycanın bir çox elm və təhsil müəssisələrini birləşdirən telekommunikasiya şəbəkəsi yaradılıb. Əhaliyə internet vasitəsilə geniş informasiya xidmətləri göstərilir. Respublikada məhkəmə hakimlərinin və bir sıra dövlət qulluqçularının seçilməsi prosesində informasiya və kommunikasiya texnologiyaları müvəffəqiyyətlə tətbiq edilir. Azərbaycanın bank sistemində real vaxt rejimində banklararası milli elektron ödəniş sistemi və kiçik ödənişlər üçün avtomatlaşdırılmış klirinq sistemi layihələri həyata keçirilib.

Məlumat üçün qeyd edək ki, hazırda Avropa İttifaqı ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən 20 əsas elektron xidmət növünün bir çoxu, o cümlədən rəsmi sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların təqdim olunması, məşğulluq orqanları vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu və s. ölkəmizdə də tətbiq edilməkdədir. Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanı dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyinin və şəffaflığının artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında elektron xidmətlərin təşkilinin əhəmiyyətini önə çəkərək bu istiqamətdə işlərin sürətləndirilməsinə ciddi təkan vermişdir. Dövlət orqanları tərəfindən xüsusən əhali ilə bilavasitə təmasda həyata keçirilən xidmətlərin, o cümlədən fərdi sahibkarların və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı, daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi, gətirilən və aparılan malların bəyan edilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların və sığortaolunanlar barədə məlumatların təqdim olunması, ünvanlı sosial yardım və pensiya təyinatı üçün ərizələrin, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin qəbulu və s. elektron formada göstərilməsi təmin edilmişdir və bu say gündən-günə artır. Bir sıra dövlət orqanlarında göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinə şərait yaradılmışdır.

Onu da qeyd edək ki, informasiya texnologiyaları epoxasında dövlətlə cəmiyyət arasındakı qarşılıqlı asılılığın getdikcə daha da artacağı şübhə doğurmur. Tarixi təcrübə göstərir ki, dövlətlə vətəndaş cəmiyyətinin münasibətlərində heç vaxt tam harmoniya olmayıb. Lakin hakimiyyətlə vətəndaş arasında yalnız qarşılıqlı hörmət, işgüzar qarşılıqlı fəaliyyət və əməkdaşlıq əsasında informasiya cəmiyyətinə doğru uğurlu hərəkət mümkündür. Məhz bu amillər nəzərə alınaraq ölkədə İKT sahəsində tətbiq edilən Milli Strategiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın  İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31