MİS-lərin qanunsuz pul yığımı
2 Sentyabr 2022 10:42 Sosial30 noyabr 2018-ci il tarixində "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanuna edilən dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Bu, o deməkdir ki, MİS-lər əhalidən mənzil pulu yığa bilməzlər. Amma MİS-lər hələ də sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər. Bu azmış kimi, Azərbaycanda heç bir funksiyası olmayan Mənzil İstismar Sahələri (MİS) - "JEK"lər "fəaliyyət"lərini genişləndirərək qanunsuz pul yığımına da başlayıb.
Bəs bu nə dərəcədə düzgündür? Ümumiyyətlə, bu qurum kimə lazımdır?

İqtisadçı Razi Abbasbəylinin sözlərinə görə, Mənzil İstismar Sahələri heç bir halda kimdənsə mənzillərin idarə edilməsinə görə pul tələb edə bilməz:
"Ümumiyyətlə Azərbaycanda mənzil təsərrüfatlarının idarə edilməsi ilə bağlı faktiki həm qanunvericilikdə, həm də səlahiyyətlərin paylaşdırılması ilə bağlı müəyyən mənada xaotik bir vəziyyət var. Bu ondan irəli gəlir ki, müxtəlif qurumlar arasında səlahiyyətlərin dəqiqləşdirilməsi, xüsusilə də göstərilən xidmətlərlə bağlı bir sıra bölgülərin həyata keçirilməsinə və dəqiqləşdirilməsinə ehtiyac var.
Mənzil İstismar Sahələri əvvəllər faktiki olaraq dövlət fondunda olan mənzillərin idarə edilməsi, həmin mənzil təsərrüfatlarının həm rəsmi sənədləşmə prosedurlarını, həm də digər təsərrüfat xidmətlərini həyata keçirirdi. Bura təmir-tikinti, su, elektrik enerjisi təsərrüfatları, mavi qaz təminatları, mənzillərin istilik sistemləri ilə bağlı bir sıra funksiyalar daxildir. Eyni zamanda, məişət tullantılarının atılması və daşınmasını həyata keçirir.
Bilirsiniz ki, Azərbaycanda özünüidarəetmə bələdiyyə sistemləri qurulub və bu bələdiyyə sistemlərinə müəyyən səlahiyyətlər verilib. Əvvəllər bu səlahiyyətlər MİS-lərdə idi. O səlahiyyətlərin bir qismi bələdiyyələrə verilib.
Digər məsələ sənədləşmə prosedurları ilə bağlıdır. Düzdür, müəyyən mənada səlahiyyətləri qalsa da, faktiki olaraq dövlət qurumları arasında bölüşdürülür və xüsusilə də ASAN Xidmət sistemləri vasitəsilə bu sənədlərin verilməsi, çıxarışlar və digər rəsmi sənədləşmə prosedurlarını həyata keçirirlər.
Bu gün Azərbaycanda mənzil istismar sahələri heç bir halda kimdənsə mənzillərin idarə edilməsinə görə pul tələb edə bilməz. Pul o halda vergi və rüsum şəklində alına bilər ki, qarşılığında hər hansı bir şəkildə xidmət göstərilsin. Ola bilsin ki, Bakı şəhərinin hansısa ərazilərində hazırda dövlət fonduna aid olan mənzillər var və o mənzillərin idarə edilməsində də birbaşa dövlət qurumları cavabdehdir. Müəyyən mənada bu ərazilərdə Mənzil İstismar Sahələri hansısa rüsumlar yığıb, toplaya bilər. Amma bütün hallarda digər sahələr üzrə, məsələn, bilirsiniz, Bakı şəhərində 1998-ci ildən etibarən mənzillərin özəlləşdirilməsi və şəxsi mülkiyyətə verilməsi prosesi başlayıb və bu çox sürətlə gedir. Bu gün demək olar ki, Bakı şəhərində, xüsusilə də mərkəzdə, bina quruluşlu evlərdə sənədləşmə mülkiyyət hüquqları var və bu mülkiyyət hüquqları olduğuna görə də təbii ki, hər hansı bir şəkildə nə kooperativlərin, nə mənzil sahələrinin idarə edilməsi vəsaitlər toplana bilməz.
Ümumiyyətlə, MİS-lər ləğv edilməlidir, hökumət bunu ən qısa zamanda həyata keçirməlidir. Hesab edirəm ki, bir neçə xırda səlahiyyətlər var, onlar da alınıb, bələdiyyələrə verilərsə, burda həm təkmilləşmə həyata keçirmək olar, həm də bələdiyyə institutlarının inkişafına xidmət edər. Əgər bu prosedur davam edəcəksə, bununla paralel olaraq, bilirsiniz ki, yerli icra hakimiyyətlərinin də günü-gündən səlahiyyətləri azalır və MİS-lər də yerli icra hakimiyyətlərinin bir qolu, strukturudur. MİS-lər ləğv edildikdən sonra avtomatik olaraq icra hakimiyyətlərində səlahiyyətlər demək olar ki, heçə endiriləcək və sadəcə siyasi bir qurum kimi fəaliyyətini davam etdirəcək. Böyük ehtimalla yaxın gələcəkdə Azərbaycanda icra strukturları, ölkədə ərazi idarəetmə institutları ilə bağlı islahatlar həyata keçirilməlidir və yəgin ki bu islahatlar da baş tutacaq. O zaman nə MİS-lərin, nə də icra hakimiyyətlərinin mövcudluğuna heç bir ehtiyac olmayacaq. Yəgin ki, sovet dövründən qalan və çağdaş dövrün tələblərinə cavab verməyən sistem də sıradan çıxarılıb, ləğv olunacaq".

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyin sədri Vüqar Tofiqli bildirir ki, bu gün vergilərin nəğd şəkildə ödənişinə şəxsən razı deyil:
"Demək olar ki, elə bir həftə olmur ki, "Jek"də çalışan pasport qeydiyyatçısı zəng edib "zibil pulu"nu istəməmiş olsun. Mən zibil pulunu vermək istəyirəm, amma belə nəğd şəklində yox, konkret olaraq köçürmə ilə. Heç olmasa köçürmə ilə edəndə bilirəm ki, belə olan halda neqativ halın baş vermə ehtimalı sıfıra bərabərdir. Çünki mədaxil olunan vəsait rəsmi qeydiyyata alınır. Niyə bu sahədə mövcud olan neqativ halların qarşısının alınması üçün addımlar atılmır? Və ən pisi odur ki, vergi və ödənişi nəğd şəkildə yığan "jek" strukturunda çalışanlar öz "maxinasiyalarını" ört-basdır etməkdən ötrü bir çox hallarda dolayısıyla ictimaiyyət arasında bələdiyyələrin fəaliyyətini kölgə altına alır.
Hələ 2014-cü ilin 20 iyun tarixində Azərbaycan Prezidenti "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb. Qanuna edilən dəyişikliyə əsasən: Maddə "11.4. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.".
Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minib. Məhz həmin vaxtdan yerli vergiləri bələdiyyələr nəğdsiz yığır və bununlada bu sahədə mövcud neqativ hal aradan qalxmış oldu. Ölkə başçısının bir sərəncamıyla bələdiyyələrə qarşı yönələn neqativ iddialara son qoyulmuş oldu. Bu gün artıq onlayn şəkildə hər kəs hətta mobil telefon vasitəsiylə ödənişlərini edir.
Sual olunur belə olan halda paytaxtın mənzil-kommunal təsərrüfatı sistemində "zibil pulu"nun nəğdsiz şəkildə ödənilməsinə nə vaxt başlanılacaqdır?
Təkrar edirəm ki, bu gün vergilərin nəğd şəkildə ödənişinə şəxsən mən razı deyiləm. Çünki verdiyim pulun necə, nə nə cür xərcləndiyinə və ya həqiqətənmi təyinatı üzrə xərcləndiyi barədə şübhəm olduğuna görə nəğd şəkildə ödəmək fikrində də deyiləm.
Nəzərə almaq lazımdır ki, bu sahədə şəffaflığın, habelə hesabatlılığın təmin edilməsinin vaxtı çatıb".

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı MİS-lərin səlahiyyətlərinin ləğv olunmasının yalnış qərar olduğunu bildirir:
"MİS-lərin artıq bir neçə ildir ki, rəsmi olaraq səlahiyyəti alınıb, lazımsız bir orqan kimi qalıb, amma faktiki olaraq pul yığılır, bəzi işlər də görürlər. Mən əvvəldən deyim ki, onların səlahiyyətlərinin ləğv olunması çox yalnış bir qərar idi. Çünki mənzil fondunun idarə edilməsi ilə bağlı bir dövlət orqanına ehtiyac var. Yeni tikilən yaşayış məhəllələrində xüsusi şirkətlər, MTK-lar və s. xidmət şirkətləri fəaliyyət göstərir. Amma onlar çox baha xidmət göstərirlər. Deyək ki, kvadratı təxminən ortalama 50 qəpikdən götürürlər və 100 kvadratlıq evi olan adam kommunallardan əlavə tək 50 manat bina xidmət haqqına ödəməlidir. Bu isə əhali üçün həddən artıq ağır yükdür. Hansı ki, bizim ölkədə minimum əmək haqqı 300-dür, bəziləri isə ümumiyyətlə heç işləmir, o pulu almırlar. Belə bir halda vətəndaşın öz özəl mənzilində yaşamaq hüququ var, o 50 manatı verməyə borclu olmamalıdır. Köhnə binalarda bu şirkətlər ilə işləmək çətindir. Onlar ayda 40-50-60 manatı verə bilməyəcəklər. Ona görə Mənzil İstismar Sahələri yaxşı idi ki, səhv eləmirəmsə, 2 manatdan pul yığılırdı və binada hər hansı bir problemlər baş verəndə heç olmazsa həll edirdilər. Su daşanda, kanalizasiya borusu zədələnəndə və ya başqa problemlərin həlli, həyətin süpürülməsi, təmizlənməsi və s. kimi işlər görülürdü. Dövlət bu işi öz üzərindən atır, yüz minlərlə bina boşda qalır, şirkətlərlə də sakinlərə sərf etməyəcək, çünki orda əksəriyyəti imkansız təbəqədir. Bina idarəçiliyi havada qalır. Dövlət yükü atır, amma kimin üzərinə atır bilinmir. Sakinlərin özü bunu edə bilməz, onların müvafiq texnikaları yoxdur. Hər hansısa bir qəza baş verdikdə kimsə bunun qarşısını almalıdır, amma almayacaq və beləliklə bu binalar getdikcə yararsız vəziyyətə düşəcək. Ona görə dövlət bu mənzil fondunu qorumaq üçün MİS-ləri saxlamalıdır. Saxlamırsa, ona uyğun bir orqan yaradılmalıdır. Yəni dövlət kommunal sisteminə bağlı binalar idarə olunmalıdır. Simvolik bir haqq yığılmalıdır, lap 5-10 manat olmalıdır, amma bu binalara xidmət göstərilməlidir, problemlər həll olunmalıdır. İndiki halda burda xaotik bir vəziyyət var. Əksər binalarda idarəedici yoxdur, olanlar da çox bahadır. Təsəvvür edin ki, bəzilər 100-200 manat ödəməyə məcburdur. Bu evin kommunalından daha baha başa gəlir, belə bir şey ola bilməz. Düşünün ki, insanlar işləmir, birbaşa özəl mülküdür, özəl mülkündə pul vermədən yaşamaq hüququ var, buna görə niyə pul verməlidir? Yeni binada yaşayanlar yenə yaxşıdır. Bəs köhnə binalarda Sovet dövründən yaşayan fəhlə, pensiyaçı, az maaş alan müəllim və digər vətəndaşlar o pulu necə ödəyəcək? Bu məsələ tənzimlənməlidir, dövlət bunu öz öhdəsindən atmamalıdır.
MİS-lərin pul yığması şəffaflaşdırıla bilər. Şəffaf yığılsın, hesabat verilsin, binalarda hansısa işlər görüləndə sakinlər bilsinlər ki, ayda 5-10 manat pul verirlər, amma hər hansısa nasazlıq yarananda MİS-lər bunu həll edəcək. Məsələn, binanın damı uçursa, bunu kim düzəltməlidir? Üçüncü mərtəbədə yaşayan sakinin nəyinə lazımdır dam üçün pul yığsın? Heç kim etməsə kim edəcək? Belə çıxır ki, binalar xaraba vəziyyətdə qalacaq.
Bu çox mürəkkəb məsələdir, xaos yaratmaq lazım deyil. MİS-lər qalmalıdır, işləməlidir, onların öhdəlikləri olmalıdır. Yeni tikilən binalarda sakinlərin öz razılığı ilə MTK idarə edə bilər. Bunlar könüllüdür. Amma köhnə binalarda, hansı ki, ölkənin 70-80%-i köhnə binalardır, onların idarəçiliyi ilə məşğul olan dövlət orqanı olmalıdır. Əks halda xaos yaranacaq və binalar yararsız vəziyyətə düşəcək".
Röyalə Xəyal