"Abituriyentlərin aşağı nəticə göstərməsi faciə deyil"

Hər il abituriyentlərin  öncəki illərə nisbətən aşağı nəticə göstərdiyinin şahidi oluruq. Mövcud pandemiya şəraiti səhiyyə, ictimai-iaşə obyektləri qədər təhsilə də zərbə vurub. Digər sahələrə olan təsirini zamanla düzəltmək mümkün olsa da, təhsilə olan təsiri çox böyük fəsadlar ortaya qoyub və gələcəkdə də özünü göstərməyə davam edəcək.

Abituriyentlərin bu ilki nəticələri ürəkaçan olmadı. Nəticələr nə abituriyentlərin özlərini, nə də valideynləri qane edir. Təhsil haqqları isə verilən təhsilə görə olduqca yüksəkdir. Hər kəs alqışlasa belə 700 bal toplayan gəncin Türkiyədə təhsil almağa üstünlük verməsi bir çoxlarımızı olduqca məyus edib. 700 bal abituriyentlər üçün xəyala çevrilib desək, yalan olmaz. 2018-ci ildə 29 nəfər 700 bal toplamışdı. Bu onu göstərirdi ki, test sistemi ilə işləmək qabiliyyəti abituriyentlərdə artıq formalaşıb. Yüksək bal toplayanların sayı kəskin şəkildə çox idi. Bu da öz növbəsində keçid ballarının daha da yüksək olmasına gətirib çıxarırdı. Bəzən yüksək bal toplayan abituriyentlər istədikləri yerə belə qəbul ola bilmirdilər.

Lakin kurikuluma keçdikdən sonra biz onu müşahidə etdik ki, sırf açıq sualların olması ümumi imtahan nəticəsinə təsir etdi. Balların bir qədər də aşağı olması ilə nəticələndi. Qəbul balları aşağı düşdükcə nəticələr də ona uyğunlaşmağa başlayır. 150 bal toplayan abituriyentin belə universitetə qəbul olması digərlərində arxayınlıq yaradır. Valideynlərdən bir çoxu iddia edir ki, övladları bu səbəbdən dərsə məsuliyyətli yanaşmır. "Onsuz da qəbul olacam" psixologiyası formalaşıb artıq. Qəbul olduqdan sonra isə valideynlər "əli bir yerə ilişsin" prinsipi ilə illik 2000 manatdan çox ödəniş etməyə razılıq verirlər. Bəs həmin məbləğə dəyərmi? Və ya övladınız bu ixtisas üzrə gələcəkdə iş tapa biləcəkmi?

Abituriyentlərin aşağı nəticə göstərməsinin bir digər səbəbi isə ölkədə fəaliyyət göstərən bir sıra hazırlıq kurslarının valideyn və şagirdləri aldatmasıdır. Onlar yüksək reklamla şagirdləri cəlb etsələr də, onların proqramı qəbul proqramına uyğun olmadığına görə, bu hazırlıq kurslarına gedən abituriyentlər qəbul imtahanlarında keçid balını belə toplaya bilməyib.

Ölkəmizdə sadəcə maddi gücə dayanaraq tədris mərkəzləri açıla bilir. Bunun üçün xüsusi sənədlər, təhsil və.s tələb olunmur. Həmin mərkəzlərdə hazırlıq keçən yeniyetmələrin imtahan nəticələrinin aşağı olması normal hal alıb artıq. Valideyn pulundan, yeniyetmə isə təhsilindən geri düşür.

Dövlət İmtahan Mərkəzi və kurikulum sisteminin bu problemdə rolu nə qədərdir? Suallar il keçdikdə çətinləşir, yoxsa təhsil səviyyəsi aşağı düşür.

Problem ilə bağlı fikirlərini Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov Olaylarla bölüşüb:

"Abituriyentlərin aşağı nəticə göstərməsi zaman-zaman olub. Və bu həm də DİM-in sualları tərtib edərkən bir qədər çətinləşdirməsi ilə bağlı idi. Əlbəttə, burada pandemiyanın da rolu var. Çünki, pandemiya xeyli uzun bir müddətdə təhsili iflic etdi. Biz bunun nəticələrini əvvəllər də bilirdik və bunu görürdük. Mən hesab etmirəm ki, problemdə kurikulumun rolu var. Amma pandemiya təbii ki, birmənalı olaraq təhsilə mənfi cəhətdən ciddi təsir göstərdi. Sualların çətin olması isə mütləq qeyd edilməlidir. DİM sualları tərtib edərkən elə suallar hazırlaya bilər ki, 700 bal toplayan abituriyent 50-100 nəfər də ola bilər. Amma elə suallar tərtib edər ki, 1 nəfər də ola bilməz. Yəni əsas mən hesab edirəm ki, dövlət plan yerlərini dolması təmin olunur. Xeyli sayda gənclər xaricdə ali təhsil almaqla bağlı beynəlxalq imtahanlarda iştirak edib, uğur qazanıblar. Ümumilikdə, bu imtahan prosesi həm də psixoloji bir prosesdir. Abituriyentlər psixoloji hazır olmalıdırlar. Əlbəttə, hamımız istəyirik ki, imtahanlarda bizim gənclərimiz, məzunlar, abiturentlər ümumilikdə yaxşı nəticə göstərsinlər. İstəyirik ki, 700 bal toplayanların sayı çox olsun. Məncə, 700 bal toplayan 1 abituriyentimiz varsa, bu o deməkdir ki, ümumi təhsilin səviyyəsi və keyfiyyəti aşağı düşməyib. Əvvəlki illərlə müqayisədə təbii ki, keçid ballarında da balların xeyli aşağı düşməsi müşahidə olunub. Bir neçə qrupda hesab edirəm ki, əvvəlki illərlə müqayisədə əslində rəqabət artıb və ballar heç də aşağı deyil. Bəzən biz bu ilki kimi imtahan nəticələrinin aşağı olmasını müşahidə etmişik. Yenə də qeyd etmək istəyirəm ki, bu il qəbul və buraxılış imtahanlarında ümumi balların aşağı düşməsi bizim təhsilimizin aşağı düşməsi deməkdir. Düşünürəm ki, burada qeyd etdiyim obyektiv və subyektiv səbəblərin birmənalı olaraq rolu var. Bu baxımdan da mən həm də bunu faciə kimi qəbul etmirəm. Düşünürəm, əsas odur pandemiya bitib və insanlar artıq təhlükəsiz şəraitdə məktəbə gedə bilirlər. Bizim şagirdlərimiz məktəbdənkənar düşdülər. Növbəti illərdə ola bilsin, biz bunun təsirlərindən tam qurtula bilməyəciyik. Bunu faciə kimi dəyərləndirmirəm. Amma yüksək nəticənin hamımız arzusundayıq. Ümid edirəm ki, növbəti illərdə bizim abituriyentlər daha yaxşı nəticə göstərə biləcəklər".

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31