Bu direktorlara maaşdan əlavə 1500 manat veriləcək
23 Avqust 2022 13:39 Sosial500 nəfərdən 700-dək şagirdi olan məktəblərin direktorlarına maaşdan əlavə 600 manat ödənilir.
Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə məlumat verib.
Nazir qeyd edib ki, 865 nəfər direktor və 2243 nəfər direktor müavininin maaşına əlavə ödəniləcək:
"700-900 şagirdi olan direktorlara 750 manat, 900-1300 şagirdi olan məktəblərin direktorlarına 900 manat, 1300-1700 şagirdi olanlara 1050 manat, 1700-2100 şagirdi olanlara 1200 manat, 2100-2500 şagirdi olan məktəblərin direktorlarına 1350 manat, 2500-dən yuxarı şagirdi olan məktəblərin direktorlarının maaşlarına isə 1500 manat əlavə ödənilir".
"Məqsədimiz odur ki, savadlı müəllimlərimizin əməkhaqqı daha çox olsun".
Nazir qeyd edib ki, hazırda Azərbaycanda 129 min müəllim var: "Əlavə olaraq, 11 minə qədər müəllim həm məktəb idarəçiliyində təmsil olunur, həm də dərs deyir. Həmin şəxslər də gələcəkdə sertifikasiyada iştirak edəcəklər və sertifikasiya nəticəsi ilə bağlı əlavələr həmin şəxslərə də tətbiq olunacaq. Ümumilikdə 140 minə yaxın pedaqoji fəaliyyətlə məşğul olan müəllimimiz var.
Müəllimlərin işə qəbul imtahanının məqsədi müəllimləri işə götürməkdir. Sertifikasiya isə artıq işləyən müəllimlərin bir-birindən fərqləndirilməsi mahiyyəti daşıyır. Ona görə MİQ imtahanlarında yüksək bal toplayan müəllimlərin maaşlarının da yüksək olmasına çalışırıq".