Məktəbli forması istək yox, ehtiyacdır
19 Avqust 2022 12:48 SosialDemək olar ki, hər yeni tədris ilinə yaxınlaşdıqca məktəbli formaları məsələsi gündəmi zəbt edir. Baş verən meşə yanğınları bu məsələ qədər gündəm ola bilmir. Çünki, insanları ən başda maraqlandıran məsələ maddi məsələlərdir. Hər bir valideyn, məktəb başladığı zaman yetəri qədər xərcə düşür. Məktəbə aid olan ləvazimatlar olduqca bahalıdır. Ailədəki uşaqların sayına görə bu problem ikiyə, üçə qatlanır. İldən ilə böyüyən, yeniyetmə çağında olan məktəbli uşaqlara formaların pul ilə satılması vacibdirmi? Bu məsələdə təhsil alan yox, təhsil almaq üçün ən vacib vasitələri belə biznesə çevirən adamlar qazanır. Günbəgün artan ehtiyac siyahısının başına nəyə görə məktəbli forması yazılmalıdır? Məktəbli forması istək deyil, ehtiyacdır.
Valideynlər var ki, formanı bir az böyük ölçüdə seçib ətəyindən, qolundan qatlayır ki, övladı bir neçə il geyinə bilsin. Yeni tədris ilində isə yeni forma almaq məcburiyyətində qalır. Kim tikdirir bu formaları? Nəyə görə ən başdan elə özlərinin zövqüncə qərar vermirlər ki, sonradan dəyişməli olmasınlar?
Valideynlər narazıdır. Doğrudur, formaların qiyməti dodaq uçuqladacaq qədər bahalı deyil. Ancaq ucuz da deyil. Təhsilimizin təhsil, kitab, pedaqoq problemləri yoxmuş kimi forma dərdi çəkirik. Həm dizayn, həm də rahatlıq baxımından köhnə formalar dünya standartlarından çox geridə qalırdı. Yeni formalarımız isə rəng baxımından həmin standartlara yaxındır.
Ümumiyyətlə hər hansı bir kollektivdə, təhsil müəssisəsində məcburi formanın əhəmiyyəti nədən ibarətdir? Surətlə irəliləyən texnologiya erasında azyaşlı uşaqların da əlində bahalı smartfonlar, aksesuarlar görmək mümkün hal alıb. Sinif otağı daxilində "sinfi" bərabərlik yaratmaq da elə üst-başdan başlayır. Hər bir azyaşlının eyni formadan eyni qaydada istifadə etməsinin bullinqin qarşısının alınmasında olduqca əhəmiyyəti var. Buna görə məktəbli formasının satış prosesinin qarşısını qismən də olsa almaq mümkün olmalıdır. Bəs bərabərlik? Artıq ətrafda bir çox valideyn 2-3 uşaq oxutduğunu dilə gətirərək, övladlarının köhnə formadan istifadə edəcəyini deyib. Bir neçəsi isə sıra ilə övladlarına yeni forma alacağını bildirdi. Beləliklə, formanın əsas prinsipi olan bərabərlik özlüyündə bərabərsizlik yaratdı. Satın alınması məcburi olan hər şey kimi.
Formaların satışı başqa şəxslərin ixtiyarına verilməməli, azad iqtisadiyyat adlandırdığımız, qara bazara çevrilməməlidir. Sadəcə maddi problemlərə görə təhsildən uzaqlaşan yüzlərlə gənc var.
Əcnəbi filmləri izləyərkən diqqətimi çəkən şeylər çox zaman məktəbli formaları olurdu. Hansısa məktəbdə çəkiliş getdiyi zaman geyinilən formalardan hansı ölkəyə aid olması haqqında fikirlər yaranır izləyicidə. Bizdə isə "forma mədəniyyəti" formalaşmayıb. 30 ildir məktəbə övladlarımızın nə geyinəcəyi haqqında konkret qərarlar alınmayıb. Məktəb formasının özündə milliliyi, dövlət atributlarını daşıması gərəkdiyini anlamaq heç də çətin deyil. Hətta, Avropa ölkələrinə aid hansısa təhsil ocağının başqa ölkədə filialı varsa, orada oxuyan şagirdlər belə həmin qaydalara əməl etmək məcburiyyətində qalır. Bütünlüklə ona təhsil verən ocağın mədəniyyətini mənimsəyir. Biz isə tarix boyu əlifba dəyişən bir xalq kimi, tez-tez məktəbli forması dəyişirik. Yoxdurmu formalarda həm estetikanı, həm də milliliyi özündə cəmləşdirəcək bir dizayn? Məncə, bu, mümkünsüz deyil. Bu işi biznesə çevirən adamlar da bunları çox yaxşı bilir. Ancaq biznes daimi gəlir tələb edir.
Ümumilikdə, məktəbli formaları dizayn baxımından estetik, rahat, yaxşı materialdan hazırlanmış olmalıdır. Ucuz parçadan, keyfiyyətsiz şəkildə tikilib bazarda satılan formalar da olacaq. Valideynlər maddi imkanlara görə ucuza qaçmağı düşünsə, nəzərə almalıdır ki, həmin formalar övladı üçün zərərli olacaq. Eyni zamanda keyfiyyətsiz olduğu üçün bir neçə il davamlı istifadəsi mümkün olmayacaq. Orijinal formalar valideynlər üçün daha əlçatan, daha münasib olmalıdır. Tam şəkildə ödənişsiz olması mümkün deyilsə, maddi imkanı aşağı olan, bir neçə övladl təhsil alan ailələrə məktəbli formalarının güzəştə gedilməsi yaxşı təşəbbüs olar.
Deputat Ceyhun Məmmədov

məsələ ilə bağlı bildirib ki, "Hamının vahid forma geyinməsi vacibdir. Elm və Təhsil Nazirliyi qərara gəlib ki, yeni formalar hazırlansın. Bu proses elə bir şəkildə həyata keçirilməlidir ki, biz növbəti illərdə yenidən formanın dəyişdirilməsi haqqında atılan addımları görməyək. Formalar tez-tez dəyişdiyi zaman valideynlər üçün müəyyən çətinliklər yaranır. Onlar bu haldan narazı olurlar. Ehtiyac varsa, dəyişiklik edilə bilər. Ancaq, əhali prosesdən əziyyət çəkməməlidir".
Əfsanə Kamal