Soyuna ömürlük qürur hissi hədiyyə edən addır Şəhid...
4 Avqust 2022 11:10 SosialBöyük Vətən müharibəsindən üç mindən çox qəhrəmanın sırasına adını yazdırmaq Məmmədli Sübhan Səbuhi oğluna da qismət olub. Sübhan 12 avqust 1994-cü ildə Naxçıvanın Babək rayonunun Xıncab kəndində dünyaya göz açıb. Uşaqlıqdan hərbi fəaliyyətə meyilli olması onun əsl zabit kimi yetişməsinə səbəb olub. Böyük Vətən müharibəsində vətənin işğal altında olan torpaqlarına ilk dəfə ayaq basan əsgərlərdən olub, Sübhan. Sübhanı Vətən müharibəsinə qədər yetişdirən həyat yolu Naxçıvanda Heydər Əliyev adına olan hərbi liseydən başlayıb. Əsl zabit kimi yetişmək istəyən Sübhan 2012-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Düşünürəm ki, hərbiçi olmaq bəlkə də yeganə işdir ki, həm çox qürurvericidir, həm də hərbiçi olmaq istəyən gənclər bu yolu sadəcə özləri istədiyi üçün seçə bilərlər.
Xıncab kəndindən İkinci Fəxri Xiyabana qədər davam edən həyat yolunda Sübhan gənc yaşda əlinə silah almağı,müharibənin gedişatında iştirak etməyi özünə borc bilib.
Atası Səbuhi Məmmədov bildirir ki, Sübhandan Vətənə yadigar olaraq iki azyaşlı qızı qalıb. İkinci qızı Sübhanın şəhadət xəbərindən üç ay sonra dünyaya göz açıb. Adını da atasının adını əbədi yaşatmaq üçün Sübhanə qoyublar. Belədir şəhidlik. Sübhan onun dünyaya gəlməsinə səbəb olan valideynləri və özündən sonra dünyaya göz açan övladı üçün ömürlük qürur hissini bəxş edən igidlərdən biri oldu. Sübhanə atasının şəhid olmasından sonra dünyaya göz açan onlarla şəhid övladından biridir. Axı biz bir ölür, min dirilirik!
Sübhan Mingəçevir, Tərtər, Goranboyda N sayılı hərbi hissədə vəzifəsini yerinə yetirib. 2019-cu ildə layiq olduğu baş leytenant adını alıb. Daha sonra Bakıda hərbi hissələrdən birində bölük komandiri vəzifəsini icra edib. 2020-ci il sentyabrda döyüş başlayan zaman cəbhəyə yollanan Sübhan Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Elə bu qəhrəmanlığın göstəricisidir ki, oktyabr ayının 7-də Sübhan bölüyün ilk şəhidi adını qazanır. Atası Səbuhi Məmmədov bildirir ki, həmin vaxt Sübhanın qardaşı Sunay Məmmədov da Suqovuşanda hərbi xidmətdə olub. Sübhan ailəsi ilə danışmaq imkanı tapdığı zaman ilk olaraq qardaşı haqqında xəbər tuturmuş. Qardaşı da Sübhan kimi zabit olub. Atası onlar haqqında danışanda səsi çox qürurlu gəlirdi. Əsl zabit atası kimi!
Sübhan ölümündən sonra "Füzulinin azadlığı uğrunda", "Vətən uğrunda" medallarına, 3-cü dərəcəli "Rəşadət" ordeninə layiq görülüb. 2-ci Fəxri Xiyabanda- yüzlərlə əqidə dostu ilə eyni məkanda dəfn edilib.


Əfsanə Kamal