Qazilərimizin problemi nədir?

Azərbaycanda Vətən Müharibəsindən sonra qazilər arasında durumlarından narazılar, diqqətsizlikdən şikayətlənənlər, məmurların laqeyd və bəzən də yolverilməz davranışından qəzəblənərək sosial şəbəkələrdə müraciətlər yayanlar var.

Bunu danmaq olmaz - bəziləri "xeyr, belə vəziyyət süni yaradılır, yoxdur" söyləsələr də.

Qazilər arasında intihar edənlər də var.

Bu, niyə baş verir, səbəb nədir?

Çətin suallara cavab aramağa çalışaq.

... İyulun 11-də gecə saatlarında Respublika Yanıq Mərkəzində vəfat edən Qarabağ əlili Elvin Cəfərov intihardan az öncə Sabirabad rayon İcra Hakimiyyətinin binası önündə video çəkdirib. Həmin görüntülərdə o, icra başçısının qəbuluna düşə bilməməsindən şikayətlənir.

44 günlük müharibədəki xidmətlərinə görə səkkiz medal aldığını deyən 35-yaşlı Cəfərov vurğulayıb ki, iki azyaşlı övladını, xəstə anasını qoyub döyüşlərə yollanmışdı.

"Başçının qəbuluna çıxmaq olmur. Niyə? İmamdır, peyğəmbərdir?!.. Həyatda hərtərəfli qollarımı sındırdılar. Məni o dərinliyində sındırmağın yeri yox idi...", - Cəfərovun sözləridir.

İyunun 12-də Sabirabad rayonunun Qalaqayın kəndində Cəfərovlar ailəsinin qapısındakı yas mərasiminə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov da qatılıb. Jurnalistlərin suallarını cavablandıran icra başçısı Qarabağ veteranını qəbul etməməsi haqda deyilənlərlə razılaşmayıb. O bildirib ki, E.Cəfərovla bir neçə dəfə şəxsən görüşüb.

"Deyilənlər səhvdir. Hər həftənin cümə axşamı mənim qəbul günümdür. Qəbul bəzən 7-8 saata qədər çəkir. Güzəştli vətəndaşlarla başqa günlərdə də görüşürəm. Elvinlə dəfələrlə görüşüm olub. İcra hakimiyyəti, bələdiyyə, icra nümayəndəsi tərəfindən imkan daxilində onun istəkləri həyata keçirilib. Həmişə diqqət göstərilən qazilərimizdən, vətən müharibəsi iştirakçılarından olub", - icra başçısının sözləridir.

Qarabağ əlilinin özünə qəsd etməsinin səbəblərinə gəlincə, icra başçısı bu haqda ətraflı danışmaq istəməyib. O bildirib ki, bu məsələni hüquq-mühafizə orqanları araşdırır: "Xahiş edirəm, heç kim siyasiləşdirməsin. Bu, siyasi məsələ deyil".

Yaxınları isə onun diqqətsizliyə və pensiyası kəsildiyinə görə intihara əl atdığını demişdilər.

İyulun 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov sosial mediada məlumat yayıb ki, E.Cəfərov və ailə üzvləri işlə təmin edilib, özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatı yaradılıb. Ona 3-cü dərəcə əlillik təyin olunduğu, buna görə Prezidentin aylıq təqaüdünü (300 manat) və aylıq müavinətini (120 manat) aldığı qeyd edilirdi.

E.Cəfərovun ailəsinə "YAŞAT" Fondu və "Azərsığorta" tərəfindən 11 min manat birdəfəlik ödəniş edildiyi deyilirdi.

44 günlük müharibənin iştirakçılarından bəziləri vaxtaşırı mətbuatda onlara olan diqqətsizlikdən şikayət ediblər. Onlardan bir neçəsi ya intihar edib, ya da intihara cəhd göstərib.

Vətən Müharibəsi günlərində "Mauqli" kimi tanınmış Elvin Cəfərovun intişarı faktdır, danmaq mümkün deyil.

Fakt araşdırılmalıdır - təbii ki, müharibə veteranlarının ümumi psixoloji durumu kontekstində.

...Ukraynada müharibə çoxdan başlayıb - 2014-cü ildə, Donetsk və Luqansk vilayətlərində Rusiyanın birbaşa dəstəyi ilə separatçı rejimlər yaranandan, ölkə ərazisinin bir qismi ələ keçiriləndən, Krım yarımadası ilhaq olunandan sonra.

Ukraynalı müharibə veteranları arasında intiharların sayı azalmaq bilmir və bu, əslində dünyada hərbi əməliyyatların yaşandığı bütün ölkələrə - istisnasız olaraq - xas problemdir.

Veteranlar hərbi əməliyyatlar başa çatandan sonra adi, normal həyata dönəndə çox ciddi psixoloji problemlərlə qarşılaşırlar.

Ukraynanın xalq qəhrəmanı, Donetskdəki döyüşlərdə şücaətlər göstərmiş şəxs, 95-ci briqadanın veteranı İqor Volınets intihar edib. Onun dostlarının dediklərinə görə, veteran son vaxtlar həyatındakı ağır dönəmdən şikayətlənir, dəstək arayırdı.

Dostları özlərini suçlayırlar: "Sürəkli əlaqə saxlaya bilmədik, yardım etmədik".

İqor Volınets Ukraynada intihar etmiş veteranlardan sadəcə, biridir. Ukraynanın Ali Radasının veteranlarla iş üzrə komitəsinin sabiq sədri Aleksandr Tretyakovun dediyinə görə, ölkədə intihar etmiş veteranların sayı 1000 nəfərdən artıqdır.

Rəqəm təbii ki, təqribidir: dəqiq və konkret statistika hələ də yoxdur.

Problem sadəcə, Ukraynada deyil.

ABŞ Müdafiə Nazirliyinin rəsmi hesabatına görə, intihar edən veteranların sayı hərbi əməliyyatlarda həlak olmuş amerikalı hərbçilərin ümumi sayının 20 faizini təşkil edir.

Birləşmiş Ştatların Veteranlarla İş Nazirliyinin (United States Department of Veterans Affairs)  hesabatına görə isə, ölkədə hər gün təqribən 20 müharibə veteranı intihar edir.

Bu isə orta statistik amerikalılar arasında suisidlərin ümumi sayından, yəni "normal statistika"dan 21 faiz artıqdır.

Birləşmiş Ştatlarda veteranlar arasında intiharların statistikası o qədər təhlükəli və qorxulu həddə çatmışdı ki, Barak Obamanın prezidentliyi dönəmində "Veteranlar arasında intiharların qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında Kley Qrant Aktı" (Clay Hunt Suicide Prevention for American Veterans) adlı qanun imzalamışdı.

Məqsəd müvafiq dövlət qurumlarının fəaliyyətini intensivləşdirməkdi.

Tanınmış amerikalı psixoloq, elmlər doktoru Ketrin Mitçellin dediyinə görə, hərbi xidmətdən dönən şəxslər, yəni veteranlar ciddi problemlər yaşayırlar. "Onlar savaşdan sonra mülki həyata çətinliklə alışırlar. Üstəlik, bəzi məmurların laqeydliyi, hərbi əməliyyatlarla bağlı xatirələr, yəni "fləşbək"lər onları incidir".

Azərbaycandakı veteranların, qazilərin də problemləri amerikalı, fransız və ya ukraynalı veteranlarla faktiki olaraq identikdir. Belə ki, müharibədən dönən veteranın maddi dəstəkdən, müavinətdən, təqaüddən, birdəfəlik ödənişdən və s.dən daha çox, daha doğrusu, dəfələrlə çox xoş sözə, qayğıya, ünsiyyətə ehtiyacları var.

Üstəlik, veteranlarda ədalət hissi və ətrafdakılara qarşı tələbkarlıq daha yüksək olur. Bu isə müharibədən sonra dəyərlər sisteminin dəyişməsi ilə yanaşı, adi məişət qayğıları ilə bağlıdır.

Sadalanan səbəblərdən dolayı qazilərimizin maddi dəstəklə müqayisədə psixososial dəstəyə, reabilitasiyaya ehtiyacları var. Eyni zamanda qazilərin, veteranların yaşam şərtlərinin yaxşılaşdırılmasına yönəlmiş xüsusi proqramlara, layihələrə də zərurət duyulur.

Eyni zamanda, əsla unutmamalıyıq ki, NATO ölkələrinin, xüsusilə də ABŞ-ın Silahlı Qüvvələrindən fərqli olaraq, Azərbaycan Ordusu çağırış əsasında formalaşır. Yəni amerikalı, fransız, italyan və ya britaniyalı hərbçilərdən fərqli olaraq, ordumuzdakı sıravi heyətin total əksəriyyəti 18-19 yaşlı, çağırış əsasında hərbi xidmətdə olan və olmuş gənclərdən ibarətdir.

Gərçi amerikalı və ya britaniyalı veteran hərbi xidməti müqavilə əsasında reallaşdırmış, yetkin şüurlu, psixikalı və dünyagörüşlü şəxsdir, bizim qazilərimizin, veteranlarınımızın çoxu impulsiv qərarlar verən gənclərdir.

Bütün bunlarla yanaşı, dövlət qurumlarının əməkdaşları, xüsusilə də yerli idarəetmə strukturlarının rəhbərləri qazilərlə kommunikasiyalarda soyuqqanlı, sayğılı və diqqətli olmalıdırlar.

"Kombatant sindromu" yaşayan qazilərimizin problemləri ilə bağlı müraciətləri mütləq şəkildə diqqətlə araşdırılmalı, qanun çərçivəsində görülməsi gərəkən bütün işlər yerinə yetirilməlidir.

"Mauqli" Elvin Cəfərovun intiharının səbəbləri araşdırılır.

Lakin problem heç bir halda hansısa icra hakimiyyəti başçısında və ya konkret məmurda deyil.

Problem kompleks yanaşmanı, araşdırılmanı və təhlili tələb edir.

... Qazilərimiz canlı şəhidlərdir. Onlar diqqət, sayğı obyektidirlər.

Bununla belə, qazilərimizlə bağlı hansısa məsələnin və ya olayın siyasiləşdirilməsi, "onlar diqqətdən kənardır, eşidilmir, duyulmurlar" deyərək veteranlarımızdan çirkin, merkantil siyasi məqsədlər üçün istifadəyə də yol verməməliyik.

Vətən uğrunda döyüşən, torpağı qanı ilə suvaran hər kəs başımızın tacıdır.

Bunu unutmayaq.

Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31