Səyahət, yoxsa son mənzil?
17 İyun 2022 10:56 SosialYenə itki, yenə məsuliyyəti kimin daşıdığı məlum olmayan hadisə...
Sosial şəbəkələrdə axtarış bölməsinə "tur" sözünü yazmaq kifayət edir ki, qarşınıza onlarla seçim çıxsın.
Çayxanada domino oynayarkən qurulan biznes, iş planlarının nəticəsidir hamısı. Bilirsiniz niyə? Çünki, tur təşkil etmək çox asandır. Asandır, amma təkcə dildə yox, gerçəkdən asandır. Avtobusu dolduracaq qədər sərnişin, "bələdçi", sürücü varsa, yola çıxa bilərsiniz.
Axı, bu insan həyatıdır. Risklidir. İşin sığortası haradadır?
Dünyada çox belə nümunələr var ki, hətta zəvvarları Həccə aparmaq adı ilə aldadıb, festivala aparmışdılar.
Demək olar ki, belə hadisələrin baş verməsində iki ən böyük səhv var.
Birincisi məsuliyyət daşıyan qurumlar tərəfindən edilən səhvlər.
Nəyə görə çayxanada biznes xəyalları quran, x adlı şəxs bu istəyini asanlıqla həyata keçirə bilir? Ümumiyyətlə, bələdçi, rəhbər kimi adlar verdiyimiz şəxslər bu işin təhsilini alıbmı ki, onlara bu cür səlahiyyət verilir? Qeyd etdiyim şəxslərin çoxu səyahət avtobusunda mahnı açmaq, oyun təşkil etməkdən başqa bir şey bilmirlər. Deyərdim ki, böyük əksəriyyəti heç insanları apardıqları yerin tarixi, mədəniyyəti ilə də uzaqdan- yaxından tanış deyillər.
Bəlkə, təşkilatçı narkotik istifadəçisidir? Bəlkə, səyahət üçün apardığı məktəbliləri, gəncləri başqa məqsədlər üçün istifadə edəcək?
Bu şəxslərin psixi, ruhi sağlamlığı test edilməlidir. Hələ fiziki sağlamlıqdan danışmıram belə. Yaxınlarda turla uzaq məsafəyə səyahət edən şəxslərdən biri bildirdi ki, sürücünün sağlıq problemi olduğu üçün, planlaşdırılmayan yerdə dayanmaq məcburiyyətində qalıblar. Bələdçilərə ən az əlli vətəndaşın canı əmanət edilə bilməz. Tur şirkətlərinin işi mərhələli şəkildə tənzimlənməlidir. Əks halda bu cür hadisələr mövsüm boyunca manşetləri bəzəməyə davam edəcək.
Tur rəhbərləri ən başda psixoloji, tibbi müayinədən keçməlidir.
İnstagram platforması üzərindən bir neçə tur şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Təşkilatçı çox olduğu üçün qiymətlər cib yandırmır. Hətta turizm daim rəqabət halındadır demək mümkündür. Əlaqə zamanı şirkətlər bizə sadəcə bələdçinin adı, yaşı barədə məlumat verə bildilər. Onların bu iş üçün təsdiqlənmiş sənədi və.s kimi tələblərimiz isə qarşılıqsız qaldı. Çox qısa və sadə bir araşdırmadan sonra da qənaətə gələ bilərik ki, sərnişinlərin heç bir halda sığortası yoxdur.
Bir neçə gün öncə gəzintidən qayıdan səyahət avtobusu qəzaya uğrayıb. Həmin qəzada tur şirkətinin sığorta ödənişi etməyəcəyi məlum olub. Valideynlər isə narazı idi. Başqa nə gözləmək olardı ?
Valideynlər nə üçün araşdırmadan övladlarının və öz həyatlarını başqa birinə əmanət edirlər?
Səyahətə çıxmazdan öncə yaxşı araşdırma aparmaq, sənədlər tələb etmək, tur rəhbəri, sürücü haqqında məlumat toplamaq mütləqdir.
Yuxarıda bir neçə yerdə "tur şirkəti" ifadəsini işlətdim. Əslində şirkət, şəbəkə anlayışı ilə əlaqəsi yoxdur bir çox təşkilatçılığın. Ölkədə hər hansı bölgədən bir otaqlı ofisə sahib olmaq hər şeyi həll edir. Bunun üçün böyük məbləğ tələb olunmur. Məsuliyyət daşıyan qurumlara isə nə qədər məbləğ ötürüldüyü haqqında məlumatımız yoxdur.
Problem ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı fikirlərini Olaylar.az-la bölüşüb:

"Turizm şirkətlərinin fəaliyyəti istənilən halda qanunvericiliyə əsasən tənzimlənir. Ancaq fəaliyyətin nəqliyyat hissəsi var ki, çox ciddi boşluqlar var. Nəzarət mexanizmi isə demək olar ki, yoxdur. Əslində Baş Dövlət Yol Polis İdarəsi neçə ildir ki, vətəndaşlara, turizm şirkətlərinə müraciət edir. Azyaşlıların daşınmaması və ya avtoqatar şəklində olan avtobusların bölgələrə və Bakıya hərəkəti qanunvericiliklə tənzimlənir. Bununla bağlı əvvəlcədən mütləq yol polisinə müraciət etmək lazımdır ki, müşaiyət həyata keçirilsin. Onların sayı 3 və daha çoxdursa, müşaiyət edilməsi mütləqdir. Sürücünün fiziki sağlamlığı, tibbi müayinəsi avtomobilin texniki vəziyyəti vacib olan məsələlərdir. Sadəcə olaraq, bu gün turizm sahəsində elə bir vəziyyət yaranıb ki, sanki, bir mövsümdə hər şey qazanmaq istəyirlər, bütün planları doldurmaq istəyirlər. Sonrası isə maraqlı deyil. Belə yanaşmaq olmaz. Burda məsələ ondan ibarətdir ki, turizm şirkətləri yol polisi ilə mütəmadi əlaqədə olmalıdır. Yol polisinin müqaviləli şəkildə əməkdaşlıq etdiyi daşıyıcı şirkət və ya fiziki şəxs qaydalara əməl etməlidir.
Məsələ artıq gündəmə gəlmişkən nizam-intizam yaradılmalıdır. Hadisə unudulmamalıdır. Gələcəkdə daha ağır hadisə baş vermədən qarşısı alınmalıdır. Valideynlər məsuliyyətli olmalıdır. Əgər, hansısa turizm şirkətindən onlara avtobus ayrılırsa, onlar mütləq şəkildə şərtlərini ortaya qoymalıdırlar. Şərtlər təqdim edilməlidir".
Əfsanə Kamal