Bu mətndə istifadə edilən hekayədə gerçək həyatdan ilham alınıb Əfsanə Kamal yazır

Danışıram sizə 2016-cı ildən...

Çingiz Qurbanov şəhid düşüb və ermənilər onun nəşini Azərbaycana qaytarmaq istəmirlər. Bakı Dövlət Universitetinin fərqli fakültələrdən olan bir qrup tələbəsi Dağüstü parkda məsələ ilə bağlı videoçarx hazırlamaq qərarı alır. Qərarlarını icra etmək üçün qarlı bir qış günündə üz tuturlar məsul quruma. İdarədə yaxınlaşdıqları ilk qapıdan və sonra ikinci qapıdan geri qayıtmalı olurlar. Tələbələrə kağızda nömrə təqdim edilir. Həmin mobil nömrə ilə əlaqə zamanı dəstəyin o tərəfindəki şəxs bildirir ki, "mən nə bilirəm siz orada nə videosu çəkəcəksiniz? Gedin, rektorunuzdan icazə kağızı alın"

Tələbələr kor-peşman qayıdır. Çünki, Abel Məhərrəmovun qəbuluna düşmək üçün çox zaman tələb olunurdu. Və bu zaman dilimi ərzində şəhidimizin nəşi artıq vətənə gətirilmişdi.

Nəticə? Yenə süründürmə. Effektiv üsuldur. Vətəndaşları o qədər yorurlar ki,  nə istədiklərini belə unudurlar.

Demək istədiyim isə başqa məsələdir. Yəni, ölkə səmasında süzülən qartala qədər, məsuliyyət daşıyan qurumlar xəbərdardır. Çünki, bir çox qurumlar üçün hərəkət edən hər şey potensial rüşvət mənbəyidir.  Əgər, hər hansı bir qayda pozuntusu baş verirsə, deməli, bu onların istəyi ilə reallaşıb. İctimai qınaqdan sonra "xəbərim yox idi" demək and içə bilərəm ki, iş prinsiplərinə ziddir. Bu adamlar ya məsuliyyətlərini dərk etmirlər, ya da açıqlama vermək sərf eləmir.

Axı, Azərbaycan məmuru öyrəşib "evdən işləyirəm", "xəbərim yox idi", "bu haqda açıqlama vermək istəmirəm" kimi cümlələr qurmağa. Xeyr, verməlisən. Açıqlamanı ictimaiyyət şəxsən sənin ağzından eşitməlidir.

Siz əgər əcnəbi kimi ölkəyə baxsanız, hasara alınan dəniz sahili, tələbələr üçün ödənişli olan muzeylər, kəsilən ağacların yerinə salınan dayanacaq belə görə bilərsiniz.

Bakıya bəlkə "asfalt yollar şəhəri" adını verək? Kəsib, doğramağı çox yaxşı bilirik. Özü də hansı asfalt örtüyünün altını qaldırırsan, ya vəzifəli şəxs çıxır, ya da ittifaq. Görmüşük, dövlət, mədəniyyət adamları yaradıcı olar. "Yaradıcı" adamların ağac kəsdiyi toplumdan gözləntilərimiz bir qədər də azalıb.

Əgər sizi narahat edirsə, deyin, nəfəs belə almayaq.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31