"Bizim vicdanımızı da bu yolla öldürürlər, sonra da insanlarda mərhəmət yoxdur deyə sitəm edirlər"
12 May 2022 11:56 SosialDemək olar ki, hər addımda, xüsusən metro stansiyalarının çıxışlarında, metro keçidlərində, vaqonlarda, şəhərin hərəkət sıxlığı olan küçələrində, parklarda uşaqlardan tutmuş, qocalara qədər hər yaşda dilənçilərə rast gəlirik. Kimisi qucağında körpəsi ilə, kimisi də əlil arabasında bir ayağı qatlanmış şəkildə əyləşib, "işləyirl." İş saatı başa çatandan sonra isə bu adamların normal insanlar kimi ayağa qalxıb necə gəzdiyini hamı bilir.
Bəlkə də "dilənçilər adi insanlardan daha çox qazanır" ifadəsi heç də yalnış deyil. Bütün gün öz seçdiyi "iş şəraitində", ürəyi istədiyi formada hərəkət edib, digər insanlardan gələnlərlə dolanan dilənçilərin gün ərzində qazancı normal bir insanın aylıq yaşam minimumuna bərabərdir, hətta daha artıqdır. Zəhmət çəkib halal yollarla pul qazanmağı özünə əziyyət bilən bu insanlar kimlərdir? Dilənçi kimlərə deyilir? Onlar gün ərzində nə qədər qazanc əldə edirlər?
Sosioloq Lalə Mehralının sözlərinə görə, bir dilənçi gün ərzində 30 manatdan 100 manata qədər pul qazana bilir:
![]()
""Dilənçi kimlərdir" sualı 20-30 il əvvəl kimə verilsəydi, cavabı - "dilənçi nəyəsə ehtiyacı olan kimsədir" olardı. Amma günümüzdə dilənçi ya hansısa maraqlara xidmət üçün diləndirilən, ya da bunu özünə asan peşə seçən insanlar üçün ən gəlirli peşə sayılır. Bunu sübut etmək üçün gün ərzində bir dilənçini 1-2 saat müşahidə etmək kifayətdir. Dilənçi gün ərzində minimum halda 30-40 manat pul qazana bilir və bu məbləğ dilənçinin diləndiyi ərazidən asılı olaraq 50-100 arası dəyişə bilir".
Sosioloq həmçinin qeyd edir ki, ənənəvi dilənçilərlə yanaşı onlayn dilənçilər də az deyil:
"Bu dövrdə dilənçi təkcə küçədə oturub, əlini açıb insanlardan pul yardımı istəyənlər deyil. Həm də dövrün tələblərinə uyğun olaraq müasir dilənçilər də artıq boy göstərir. Bunlar kimlərdir? İnternetdə, xüsusilə sosial şəbəkələrdə bank kartı məlumatlarını paylaşıb, özünün, övladının, valideyninin xəstə olduğunu, onlara baxmaq məcburiyyətində olduğu üçün işləyə bilmədiyini əsas gətirərək, insanlardan maddi yardım istəyənlər - mədəni dilənçilərdir.
İnsan həyatının hər hansı bir dönəmində köməyə ehtiyac duya bilər. Amma bu kömək artıq kömək kontekstindən çıxaraq, dilənçilik kontekstinə dönürsə, o zaman artıq kömək sayılmır".
Maraqlıdır, istər ənənəvi, istər "onlayn dilənçilik" fəaliyyəti ilə məşğul olan insanlar niyə məhz bu yolu seçirlər?
Sosioloqun sözlərinə görə, belə insanlar artıq digər insanların normal işlərini özlərinə peşə seçdikləri kimi, dilənçiliyi özlərinə peşə seçiblər:
"İndi onlayn dilənçiliyin bütün hallarında insanlar asan yolla evində oturaraq gəlir əldə etməyin sirlərini bilirlər. Bayaq qeyd etdiyim xəstəlik bəhanələri, bundan başqa, "tələbəyəm, təqaüdüm ilə dolanıram, təhsil haqqımı ödəyə bilmirəm, hər hansı dərsə görə kitab almalıyam, ala bilmirəm" bəhanələri, "uşağım körpədir, südüm yoxdur, süni-qarışıq almalıyam" və s. bu tip bəhanələrlə insanların mərhəmətini ədalətsiz və çox acınacaqlı bir vəziyyətdə sümürürlər. Bəli, məhz sümürürlər. Ona görə ki, insanlar kimisə ac, ehtiyac içərisində görməyə dözə bilmir. Xüsusilə bizim ölkəmizin insanları mərhəmət baxımından bəlkə də bütün dünyada öndədir. Ona görə də bizim insanların mərhəmətinin sümürülməsi ilə o cür insanlar özlərinə asan formada gəlir mənbəyi yarada bilirlər.
İnsanların işləməyib tənbəllik, dilənçilik etmələri onların daha çox işinə yarayır. Çünki evində oturur və mərhəmətli insanların mərhəmətini sümürərək daha rahat yoldan gəlir əldə edirlər. Bu halda niyə işləsin? Niyə özünü əziyyətə salsın, fiziki əziyyət çəksin? Niyə yollara xərc çəkib, işə getsin, zəhmət çəksin? Yəni, zəhməti olmayan bir yol ilə pul qazana bilirsə, niyə zəhmətli yolu seçməlidir? Onlar buna görə onlayn və ənənəvi dilənçiliyin tərəfindədirlər. Ənənəvi dilənçilər də gün ərzində saatlarla rahat şəkildə oturur, hətta ovcu açıq vəziyyətdə başını aşağı salıb yatır və rahatlıqla istirahətini edə-edə pul qazanır.
Səhv eləmirəmsə, təxminən on gün əvvəl qarşıma bir video çıxdı. Xanım həmkarlarımızdan biri dilənçi qılığına girərək, 28 May metrostansiyasının qarşısında 1 saata 25 manata yaxın pul qazanmışdı. Yəni, 1 saata 25 manat qazanmaq mümkündürsə, hesablayın ki, gün ərzində 8-10 saat iş saatı elan edən dilənçi nə qədər pul qazana bilər. Burdan da dilənçilərin əslində milyoncu olduğu qərarına gəlmək olar".
Sosioloq insanların mərhəmətindən istifadə edib, "Allah rızası üçün" deyə-deyə pul dilənən, verməyəndə isə qarğışlar yağdıran dilənçilərə pul verməyin nə dərəcə düzgün olub, olmadığına da aydınlıq gətirdi:
"Mən heç bir halda dilənçilərə pul verilməsinin tərəfdarı deyiləm. Bunun əvəzində ehtiyacı olan zəruri bir əşyanın və ya qidanın alınmağının tərəfdarıyam. Tutaq ki, küçədə uşaqları diləndirən qaraçıları görürük. Yaxşı bilirik ki, onlar bunu ehtiyacdan yox, dilənçiliyi özlərinin peşəsi olduğu üçün edirlər və qaraçıların həyatı heç də bildiyimiz qədər aztəminatlı vəziyyətdə deyil. Yəni, kifayət qədər yaxşı yaşayırlar, sadəcə bu onların peşəsidir. Bir növ küçədə işə gedib gəlirlər. Ona görə qaraçı uşaqlarına pul verməyin tərəfdarı deyiləm. Əgər vicdan və mənəvi baxımdan özünüzü rahatlatmaq istəyirsinizsə,əgər ailəsi onu ac saxlayır deyə narahatsınızsa, o zaman onun üçün qida alın. Məsələn, qutab, bulka və ya başqa nəsə alın və gözünüzün önündə yeməyini tələb edin və bu cür kömək etdiyinizi hesab edin.
Bəzən yaşlı, qoca nənə-babaların diləndiyini görürük. Bu halda onların üzündəki ifadədən bilmək olur ki, o fırıldaqçıdır, yoxsa həqiqətən ehtiyacdan dilənir. Hər birimiz dilənçilərin çox olduğu yerdə yaşayırıq, yəni, addımbaşı dilənçi görürük. Ona görə əksəriyyətimiz artıq üz ifadələrindən onların dilənçi, yaxud fırıldaqçı olduğunu anlaya bilirik. Təbii ki, mən 70-80 yaşında qoca birinin diləndiyini görsəm, ona kömək etməyə çalışacam. Çünki 70 yaşında bir insan orda dayanıb dilənirsə, demək ki, həyatında yaxşı olan nəsə yoxdur. Yəni, düşdüyü vəziyyət onu dilənməyə vadar edir və üzündən bəlli olur ki, necə utanc hissi ilə dilənir. Belə hallarda onlara kömək etməyin tərəfdarıyam.
Onlayn kömək istəyən insanlara bir neçə dəfə yardım etmiş və aldanmış biri olaraq deyirəm ki, onlayn kömək istəyən insanları araştırmadan heç bir halda onlara kömək etməyin. Bu çox vaxt fırıldaq vəziyyət olur. Çünki o insanlar sosial şəbəkələrdə kart məlumatlarını paylaşırlar və özləri ilə bağlı şablon məlumat verirlər. Məsələn, dəqiq ünvan vermirlər, qısa və lakonik küçə adı qeyd edirlər. Və ya özləri haqqında uydurma məlumat paylaşırlar. Bu kimi hallarda onların hesabına pul köçürtməyin tərəfdarı deyiləm. Yaxşı olar ki, araştırılsın, ünvana gedilsin və nəyə ehtiyac varsa, o alınsın. Məsələn, deyir ki, bir yaşında övladım var və qidası, yeməyə heç nəyi yoxdur. Bir yaşında uşağın qidalanması üçün zəruri olan ərzaqları alıb, evinə aparmaq və yerində bilmək lazımdır ki, bu insanın həqiqətən köməyə ehtiyacı var, yoxsa yox. Bundan sonra həmin insana güvənmək olar.
Mən yardım qruplarının çoxuna üzvəm. Bir neçə dəfə şahid olmuşam ki, həqiqətən də insanlar yardım alıb aparanda,həmin ünvanda belə bir insanın yaşamadığının şahidi olublar. Məsələn, Zabratda hansısa bir küçənin adını verirlər, küçəyə gedəndə isə, dəqiq ünvanı vermirlər. Bütün evlərin qapıları döyülür və aydın olur ki, orda elə bir insan yaşamır.Bu kimi hallarda təbii ki, fırıldaqçılıq məsələləri əksini tapır. Yəni, bu üsul ilə kömək istəyən insanlara araşdırılmadan kömək etməməyin tərəfdarıyam".
Lalə xanım həmçinin həqiqətən yardıma ehtiyacı olan insanlara kömək etmək istəyənlərə də müraciət etdi:
"Çox təəssüf ki, biz belə fırıldaqçı insanların ucbatından həqiqi ehtiyaclı insanlara yardım edə bilmirik. Gözü çıxan qardaşdan dərs alma misalı kimi. Kiminsə başına fırıldaq vəziyyəti gələndə, biz də artıq bizdən kömək istəyən insanlara yardım etmək istəmirik. Çünki bizdə onun fırıldaqçı və ya əsl ehtiyaclı olduğunun sübutu yoxdur, inana bilmirik. Bizim vicdanımızı da, mərhəmətimizi də bu yolla öldürürlər, ondan sonra bəzi insanlarda mərhəmət yoxdur deyə sitəm edirlər. Axı bu mərhəməti və vicdanı içimizdə dolayı yollarla yenə də insanlar öldürür...
Qeyd etmək istəyirəm ki, əgər insanlar "mənim imkanım var, amma heç kimə kömək etmirəm" deyə düşünüb, kiməsə yardım etməməyi öz vicanına sığışdırmırsa, bu hallarda sığınacaqlara üz tuta bilərlər. Bakıda qadın, uşaq sığınacaqları fəaliyyət göstərir. Onlara geyim, ərzaq, təhsil ilə bağlı xərclərin ödənməsində yardım edə bilərlər. Orda hər şey şəffafdır. Həmin sığıncaqların rəhbərləri sosial şəbəkələrdəki səhifələrində hesabat verirlər ki, sığınacağa nə qədər yardım gəlib və həmin yardımlar ilə nələr əldə olunub. Orda uşaqlara təhsil verilir, qadınlara peşə öyrədilir. Biz bir qadının peşə öyrənərək öz ayaqları üzərində durmağına vəsilə oluruqsa və dolayısı ilə o qadın öz uşaqlarına baxa bilirsə, bunun savabı dünyada hər şeydən üstündür. Ona görə, əgər öz halal qazancınızdan kiməsə kömək etmək istəyirsinizsə, elə o sığınacaqlarda ehtiyacı olan qadınlara və uşaqlara kömək edin. Bundan əlavə həqiqətən xəstə olan insanları tapın və onların müalicəsinə kömək edin. Bu həm mənəvi, həm hüquqi, həm dini cəhətdən daha çox şəffaf kömək olar".
Röyalə Xəyal