Sosial şəbəkə qurbanları..

Zəfər tarixi yazmış gənclərin təmsilçiləri "iphone"a, konfetə və şirin sözlərə uymamalıdır

Azərbaycan gəncliyinin əcnəbi "ulduzlarına" həsəd aparamalarını normal hal kimi qəbul etmək olardı. Əgər onlar normal şəkildə xarici "incəsənət ustaları"nın çıxışlarını mədəni şəkildə dinləyib emosiyalarını nümayiş etdirsəydilər. Çox təəssüf ki, reallıqda tamam başqa, əsasən də xoşagəlməz mənzərənin şahidi oluruq. "İncəsənət ustaları" ifadəsini ona görə dırnaqda qeyd etdim ki, gənclərimiz tanıdı-tanımadı, məhşur oldu-olmadı təki əcnəbi olsun deyə, istənilən şəxsin ölkəmizə gəlişini qeyri-adi tərzdə qarşılayır, emosiyalarını əndazədən çıxmış halda nümayiş etdirirlər. Belə hallardan birinin də bu günlərdə  "Park Bulvar"da blogerlə görüşə gələn gənclərin davranışında şahid olsuq. Çox təəssüf ki, bir qrup insan nə istədiyini belə bilmədən xoşagəlməz hərəkətlərə yol verirlər. "Park Bulvar"da blogerlə görüşə gələnlərin belə bir səhnə yaratması sözün həqiqi mənasında dözülməz idi. Ancaq 44 günlük Vətən müharibəsində misli görünməmiş Zəfər tarixi yazmış gənclərin təmsilçiləri "iphone"a, konfetə və şirin sözlərə uymamalıdır.

Politoloq Elman Vəliyev bildirib ki, insanların baxış bucaqları, zövqləri fərqli olur: "Hər insanın öz "kiçik dünyası" var: "Milyardlarla insan var və hər biri fərqli həyat yaşayır. İnsan seçimini özü edir. Bəşər övladına verilən ağıl onu yaradılanların ən üstünü qılmışdır. Adam yaş kateqoriyalarını keçdikcə daha ağayana olmağa, dünyanı nisbətən daha yaxşı dərk etməyə başlayır. İstər gənc olsun, istərsə də yaşlı, amma bir reallıq var ki, mövzu Vətən olduqda hamının ictimai rəyi bir nöqtəyə fokuslanır. Xüsusilə də, Azərbaycanda bu daha da qabarıqdır. Bu gün gənclər müxtəlif sosial qrupları təmsil edir. Gənclər stratifikasiyası cəmiyyətin ən aktivləridir. 44 günlük Vətən Müharibəsində biz şahid olduq ki, şəhid olanların əksəriyyəti kasıb təbəqənin nümayəndələridir. Şahid olduq ki, yüzlərlə gənc döyüşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət elədi. Düzdür, bəzi gənclər lazımsız, faydasız işlərlə məşğuldur, ancaq dediyim kimi, mövzu Vətən olarsa, axan sular durur. Dövlətlərin vətənpərvərlik sahəsində önəmli strategiyası vardır. Mən deyə bilmərəm ki, bəziləri istisna olmaq şərtiylə cəmiyyətin hər kateqoriyası Vətən üçün döyüşməyə hazırdır".

Onun sözlərinə görə, bir müddət əvvəl paytaxtın ticarət mərkəzlərinin birində böyük bir izdiham yaşandı: "Yüzlərlə gənc  bu izdihamın içində idi. Psixologiyada "kütlə psixologiyası", "şüursuz kütlə" anlayışları vardır. Lakonik desəm, yəni bir neçə nəfər bir işi gördükdə kənardan baxanlar da bir anlıq bunlara qoşulur. Əgər onlar alqış çalırsa, bunlar da istər-istəməz alqış çalmağa başlayacaq. Yəni, elə bir situasiya yaranır ki, məntiq yürütməyə macal olmur. Bizim gəncləri belə izdihamlarda görmək adamı üzür. Onları innovativ, daha kreativ layihələrin həyata keçirilməsində görməliyik. Lakin bunları təkcə o gənclərin üstünə yıxmaq da düz deyil. Cəmiyyət olaraq, dövlət olaraq, valideyn olaraq hər birimiz fikirləşməliyik ki, görəsən harada səhv etdik və bundan sonra belə xoşagəlməz halların yaşanmaması üçün nələr etməliyik? Bu dövlətin gələcəyi gənclərdir. Həmin o gəncləri nə cür yetişdiririk? Belə hadisələr göstərir ki, təhsil sektorunda dərin bir boşluq mövcuddur. Maarifləndirmə tendensiyası azalan xətlə getməkdədir. Bir telefon üçün dəyərmi özünü bu qədər alçaltmağa?  Axı insan oğlu uca varlıqdır! Belə işlər üçün yaradılmayıb. Niyə cəmiyyətdə sinifləşmə gedir? Oxuyan, gələcək karyerası arxasınca düşənlər, tiktok çəkənlər, sosial şəbəkə fenomenliyi etməyə çalışanlar, neytral mövqe tutanlar və s. Həmin o telefon paylayan şəxsi "məşhur" edən bizlər deyilmiyik? İnkişaf başqa bir zəmindədir. Biz, bəlkə də, yanlış yoldayıq. Bəlkə də bu yolda olmağımızı istəyirlər, ya necə? Amma Azərbaycan gəncliyi məhv olmamalıdır. Azərbaycan gənci sosial şəbəkə zəncirinin, siyasətinin qurbanı olmamalıdır. Mən gənclərin qarşısında hər çıxış etdikdə, onlara siyasətin nə olduğunu, super güclərin gənclərin başını nə ilə qatdığını, gənclərin niyə siyasətdən uzaq durduğunu, niyə daha çox şouya meyl etdiyini azdan-çoxdan izah etməyə çalışmışam və çalışacam da. Azərbaycan gəncliyi dünyanın digər həmsiniflilərindən aşağı dayana bilməz!"

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31