Şəxsiyyəti pozulanlar -onları necə tanıyaq?
10 Mart 2022 12:05 SosialÖzünü sevməyən, görünüşünü, həyatdakı yerini, duruşunu bəyənməyən bir insanın xoşbəxt həyat sürməsi düşünülə bilməz. Belə insanlar özlərinə əzab verib, bir natamamlıq hissi içərisində ömürlərini tükədirlər. Nə özlərini, nə də başqalarını sevə bilmirlər. Sağlam bir ailə münasibətində böyüyən uşağın bəyənilmə və sevilmə arzusu yetərincə təmin olunduğunda yeniyetməlik və gənclik dönəmində insan özünü sevir və özünə dəyər verir. Lakin, normal inkişaf dövründə uşağın təməl narsistlik ehtiyaclarının yetərincə görülmədiyi, yəni diqqət və qayğı, sevgi olmadığı, dəyərlilik hissinin yaşanmadığı vəziyyətlərdə narsistik şəxsiyyət pozuntusu ortaya çıxır.
Günümüzün əsas yayılan "yoluxucu" viruslarından biri də narsizmdir.
Narsizm özünü sərhədsiz sevmə, yəni, öz bədən və ruhi mənliyinə heyranlıq və bağlılıq olaraq bilinir. Narsist insanların son zamanlarda artdığını düşünsək, yanılmış olmarıq. Psixi sağlamlıq mütəxəssisləri də narsizmin gündəlik həyatda daha çox yayıldığını və aşkar olduğunu düşünürlər.
Narsizm nədir?
Narsizm sözünün mənşəyi yunan mifologiyasında "Narkisos" adlı bir ovçudan günümüzə qədər gələn bir anlayışdır. Belə ki, ov zamanı yorulan ovçu, çay kənarında dincələrkən su içmək üçün əyilir. Bu zaman suda öz əksini görür və heyrətlənir. Daha əvvəl heç yerdə görmədiyi gözəllik qarşısında şok olur və özünə aşiq olur. Yeyib-içmədiyi üçün xəstəlik tapır və son günlərini də özünün suda yansımasına baxaraq keçirir. Öldükdən sonra bədəni Nərgiz çiçəyinə çevrilir. Nərgiz çiçəyi və "narsist" sözünün kökü də Narkisosun hekayəsindən gəlir.
Narsizm, cəmiyyətdəki bəzi fərdlərin yüksəldilmiş özgüvəni ilə özlərini davamlı olaraq digər insanlardan üstün görməsi ilə ortaya çıxan şəxsiyyət pozğunluğudur. Onlar özlərini başqa insanlardan üstün hesab edirlər. Ancaq bu xüsusiyyətlərə sahib olan insanların hamısında şəxsiyyət pozuntusu olmaya bilər. Narsistik şəxsiyyət pozuntusu olan şəxslərin əksəriyyəti həyatlarını yüksək özünə inam və təhrif olunmuş özünə hörmətlə yaşayır. Bu insanlar ətraflarından da eyni hisslərin onlara qarşı təkrarlanmasını gözləyirlər. Onlar daha çox özünü mərkəzləşdirən şəxsiyyət xüsusiyyətləri, empatiyanın olmaması, şəxsiyyəti həddən artıq şişirtmə, uğur və gücə bağlı davranışlarla özünü göstərir.
Narsistik şəxsiyyət pozuntusunun əlamətləri hansılardır?
Narsistik şəxsiyyət pozuntusu olanlar təkəbbürlü və eqosentrik olaraq seçilirlər. Belə insanlarda olan bəzi simptomlar aşağıdakılardır:
1. Onlar özlərini hər kəsdən üstün görürlər;
2. Manipulyasiya (idarə edən insanın mənafeyinə uyğun şəkildə digər bir insanın davranışının gizli idarə olunması) davranışlar nümayiş etdirirlər;
3. İnsanlardan öz mənfəətləri üçün istifadə edirlər;
4. Özləri ilə eyni statusa malik insanlarla dostluq etmək istəyirlər. Ancaq bu baş verdikdə belə, onlar irəlidə qalmaq həvəsi ilə ətrafları ilə rəqabət aparırlar;
5. Öz istedad və nailiyyətlərini şişirdirlər;
6. Həmişə haqlı olduqları mühitlər yaratmaqla təsdiqlənmək istəyirlər;
7. Daim tərif gözləyirlər və bunun üçün təzyiq mühiti qururlar;
8. Digər insanları özlərindən bacarıqsız, istedadsız, daha az ağıllı və daha az gözəl görürlər;
9. Fərz edirlər ki, insanlar onlara xidmət etməlidir;
10. Özünü cəmiyyətin bir parçası kimi görsə də, bu cəmiyyətdə xüsusi diqqətə layiq olduğunu düşünür və o cəmiyyətin zirvəsindəki şəxs olduğunu iddia edirlər;
11. Kənardan nə qədər özlərinə inamlı görünsələr də, daxilindəki özgüvən kövrəkdir və ən böyük qorxuları bunu göstərməkdir;
12. Əsasən, bu pozuntunun əsasında uşaqlıqda yaşanan dəyərsizlik, sevgisizlik kimi anlayışlar mövcuddur;
Narsist bir insanı necə tanımaq olar?
Narsistik şəxsiyyət pozuntusu olan insanlar problem yaradan davranışlarını dəyişdirmək mövzusunda son dərəcə dirənclidirlər. Narsist insanlar başqalarını günahlandırmaqda peşəkardırlar. Ən kiçik tənqid belə fikir ayrılığına, münaqişəyə və aqressiv davranışa çevrilə bilir.
Narsistik şəxsiyyət pozuntusu əsasən kimlərdə olur?
Narsistik şəxsiyyət pozuntusu hər yaşda olan insanlarda, cəmiyyətin bütün təbəqələrində müşahidə oluna bilər. Araşdırmalar göstərir ki, narsistik şəxsiyyət pozuntusu qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir.
Narsistik şəxsiyyət pozuntusunun uşaqlıq dövrü ilə necə əlaqəsi var?
Uşaqların həyat haqqında ilk bilikləri ailə çərçivəsində inkişaf edir. Uşaq ailədə yaşadığı mühiti müşahidə edir və onun bir parçası olmağa çalışır. Ailədə valideynlərdə müşahidə edilən mükəmməllik anlayışları uşaqda narsisistik şəxsiyyət quruluşu yarada bilər. Uşaq sonrakı həyatında girdiyi mühitlərdə səhv etməmək üçün özünü məhdudlaşdırır. Bu vəziyyət uşağın ünsiyyət problemlərini də özü ilə gətirir. Uğursuzluq qorxusu da bu çətinliyi yaşayan uşaqlar üçün çox əhəmiyyətli bir maneə ola bilər. Həyatını mükəmməl normalar üzərində qurmaq istəyən uşaq xoşbəxtlik və sülh anlayışlarından uzaqlaşa bilər.
Xüsusən də valideynlərin uşağı idarə etmək üçün daim danlamaları, ittihamları və təzyiqləri, uşağın şəxsi həyatına və şəxsi sərhədlərinə hörmət etməmələri bu pozuntuya səbəb ola bilər.
Narsistik pozuntunun ailə, dostlar və evliliklə əlaqəsi varmı?
Yaxın münasibətlərində və xüsusən də dostları tərəfindən "narsist" insanlar əvvəlcə mükəmməl görünürlər. Sevilən, müvəffəqiyyətli və təriflənən bir şəxsiyyət quruluşu nümayiş etdirirlər. Amma onlar adətən sevgini manipulyasiya davranışları ilə qazanmağa çalışırlar. Müvəffəqiyyətdəki üstün ambisiyaları və uğursuzluq anında günahkar davranışları ilə ön plana çıxırlar. Bu problemi yaşayan insanlar adətən qarşılarındakı insana ailə və evlilik baxımından dəyərsizlik, qeyri-adekvatlıq kimi anlayışlar təlqin edir və insanı təcrid etmək siyasəti quraraq üstünlük əldə etməyə çalışırlar. Münasibətlərini adətən əmr sisteminə uyğun qurmağa çalışırlar. Bunun xaricinə çıxıldıqda hirslənir və aqressiv, passiv-aqressiv davranışlar sərgiləyirlər. Qarşılarındakı insanın həyatı onları maraqlandırmır. Əgər qayğı göstərirsə, adətən bunu rutin zərurət kimi gördüyü üçün edir. Bütün münasibət ölçüləri bütövlükdə qiymətləndirildikdə, bu tip insanlar eqosentrik (fərdin öz nəzər nöqtəsindən başqa hər hansı digər fikri qəbul etməməsi) olurlar.
Narsistik pozuntuya necə diaqnoz qoyulur?
Diaqnoz yalnız bir mütəxəssis, klinik psixoloq və ya psixiatr tərəfindən qoyulur. İnsanın mükəmməllikçi, son dərəcə müvəffəqiyyətli xasiyyəti, qüsursuz olmaq istəyi və səhvləri qəbul etməməsi, empatiya qura bilməməsi, görünüşünə böyük əhəmiyyət verməsi və diqqətəlayiq olmaq istəyi, ətrafını daim tənqid etməsi səbəbiylə münasibətlərində yaşadığı çətinliklər diaqnoz qoymağa kömək edir.
Narsistik şəxsiyyət pozuntusunun müalicəsi varmı?
Narsistik şəxsiyyət pozuntusu dərmanla müalicə olunmayan bir xəstəlikdir. Müalicə uzunmüddətli psixoterapiya üsulu ilə klinik psixoloq tərəfindən aparılmalıdır. Terapiya üsullarında tez-tez idrak davranışçı terapiya istifadə olunur. Terapevtlərin ən çox çətinlik çəkdiyi xəstəlik qrupudur.
Narsistik şəxsiyyət pozuntusu olan insanlar sağalır?
Narsistik şəxsiyyət pozuntusu olanların sağalması uzun bir terapiya kursundan asılıdır. Ancaq şəxsiyyət pozuntusundan qaynaqlanan narahatlıq və depressiya üçün dərmanlar verilir. Dərmanlar sayəsində digər problemlərə görə şəxsiyyət pozuntusunun böyüməsinin qarşısı alına bilər.
Narsistik şəxsiyyət pozuntusu olan bir insanla necə davranmaq olar?
Narsist bir insana qarşı davranışın sərhədləri aydınlaşdırılmalıdır. Emosional və psixoloji cəhətdən bütün manipulyasiya davranışları məhdudlaşdırılmalı və icazə verilməməlidir. Onu itirmək qorxusu ilə yanaşıldığını göstərməmək və hiss etdirməmək lazımdır. Əgər şəxsi itirmək qorxusu varsa, bunun altında yatan səbəb də müəyyən edilməlidir.
Narsist bir insanın qarşısında günahkarlıq, dəyərsizlik və ya yetərsizlik kimi hissləri yaşamamalıyıq. Narsist şəxsiyyətin eqosunu bəsləyəcək vəzifə alınmamalıdır. Onu dəyişdirmək və ya düzəltmək üçün heç bir cəhd edilməməlidir. Narsist bir insana qarşı müsbət və ya mənfi hisslər açıq şəkildə ifadə edilməlidir.
Narsistik şəxsiyyət pozuntusu olan insanlar peşman olurlar?
Onlar üçün peşmançılıq zəiflik əlamətidir. Bununla belə, həyatlarının bir nöqtəsində nadir hallarda peşmançılıq yaşayırlar. Peşman olduqlarını başa düşdükdə, adətən özlərinə qapanırlar.
Narsistik şəxsiyyət pozuntusu olan insanlar üzülür?
Narsistik şəxsiyyət pozuntusu olan insanlar adətən uşaqlıqda yaşadıqları sevgisizlik və dəyərsizlik hisslərini yaşayırlar və hər nə qədər özgüvənli görünsələr də, bu həddən artıq özgüvənin kökündə bir etibarsızlıq hissi var.
Preston Ni deyir: "Bir çox narsistlər kiçik, sadə hadisələrə görə üzülürlər, dərinliklərində acı çəkmək istəməsələr belə, özlərini "çirkin ördək balası" kimi hiss edirlər".
Narsistik şəxsiyyət pozuntusu olan insanlar başqasını sevirmi?
Narsistik şəxsiyyət pozuntusu olan insanlarla münasibətdə olanlar tərəfindən ən çox verilən sualdır. Bu tip insanlar bəzi dövrlərdə sevgilərini çox ifadə etsələr də, bəzən sevdiyini dedikləri insanı belə deyək, yerdən yerə yıxırlar. Xüsusən də münasibətin əvvəlində sevgi dolu olsalar da, zaman zaman keçdikcə münasibətlərin gedişatını dəyişərək zalım və təkəbbürlü bir insana çevrilirlər.
Narsistik şəxsiyyət pozuntusu olan insanlar tərk edilərsə nə olar?
Narsist bir insanla birlikdə olmaqda çətinlik çəkənlərin ən çox verdiyi suallardan biridir. Narsist insanlar münasibətin idarəsini öz əllərində saxlamaq istəyirlər. Münasibətin davamından danışaraq inandıra bilməyəcəyini anladıqda qarşıdakının zəif tərəflərini ortaya qoyur və insanı pis hiss edir. Keçmişdən yaxşı vaxtlar danışmağın işə yaramadığını anladıqda hücum edə bilər.
Röyalə Xəyal