BNA-da maliyyə mənimsəməsi
24 Fevral 2022 13:29 SosialYaxın günlərdə qurumda yoxlama başlaya bilər
Paytaxtın ictimai nəqliyyat sistemini, ümumiyyətlə Bakının nəqliyyat sahəsini iflic vəziyyətə salan Bakı Nəqliyyat Agentliyi adlı qurum istər cəmiyyət, istərsə də onun öndə gedən nümayəndələri, hətta qanunverici orqanın təmsilçilərinin haqlı irad və etirazları, tələbələrinə rəğmən öz fəaliyyətində şəffaflıq prinsipinə əməl etmir, paytaxtın nəqliyyat sahəsini öz daxili qayda və qanunları ilə idarə edir. Baxmayaraq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər Icra Hakimiyyətinin tabeliyinə verildi, lakin hələ də bu qurumun paytaxtdakı özbaşınalıqları davam etməkdədir. Maraqlısı odur ki, BNA rəhbərliyi "burda mənəm, Bağdadda kor xəlifə" prinsipini iş fəaliyyətində əsas tutur. Ancaq "su səhəngi suda sınar" deyimi deyəsən BNA üçün də keçərli olacaq. Belə ki, etibarlı mənbələrdən daxil olan məlumata görə, yaxın vaxtlarda Bakı Şəhər Icra Hakimiyyətinin tabeliyinə verilmiş BNA- da ciddi maliyyə yoxlamaları aparılacaq. Bəs görəsən, BNA hansı maliyyə pozuntularına yol verə bilər?
Mənbəmiz qeyd edir ki, ilk növbədə bu maliyyə yeyintisi paytaxtda ödəniş sistemi kart vasitəsilə həyata keçirilməyən marşrut avtobuslarında baş verir. Daha dəqiq desək nəğd ödəniş sisteminin qaldığı onlarla marşrut avtobusu var ki, onlarda Bakıkarta keçmiş avtobuslardan fərqli olarqq gündəlik olaraq dəqiq hesab - uçot aparmaq olmur. Bu da öz növbəsində gündəlik olaraq toplanan həmin vəsaitin büdcədən yayındırılması deməkdir. Məlumata görə, Bakı kart ödəmə sisteminə keçməyən həmin marşrut xətləri birbaşa BNA şefinin yaxınlarına məxsusdur və Kərimli cənabları bu yolla hər ay yüz minlərlə vəsaiti mənimsəyir. Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sahəsində onlarla nəğd ödənişin həyata keçirildiyi marşrut xətləri mövcuddur. Burada diqqət çəkən digər maraqlı məqam onda ibarətdir ki, nəğd ödənişin həyata keçirildiyi həmin marşrut sahiblərinin qarşısında avtobus parklarının yenilənməsi tələbi də qoyulmur. İstifadəyə yararsız, natəmizliyin hökm sürdüyü, sürücülərin əksəriyyətinin kobud və etikadan kənar davranışlarla seçildiyi həmin marşrut sahibləri ilə BNA rəhbərliyini elə ciddi sıx tellər bağlayır ki, hətta həmin marşrut sahiblərinin telefon nömrələri də vətəndaşdan gizli saxlanılır. BNA-nın "Alo 141" xəttinə həmin marşrut xətləri və avtobus sürücülərinin kobud davranışları ilə bağlı edilən şikayətlər də nəzərə alınmır, heç bir ciddi ölçü götürülmür.
Təkcə nəğd ödənişlərin deyil, eləcə də Bakı kartla həyata keçirilən ödəmələrin olduğu marşrut xətlərindən əldə edilən gəlirlər barədə də BNA cəmiyyətə heç bir hesabat vermir. Məlumat üçün qeyd edək ki, paytaxtda kartla ödəmənin həyata keçirildiyi marşrut avtobuslarıın böyük əksəriyyətinə hər gün 800-900 arasında sərnişin minir. Hər bir marşrut xəttində ən azı 10 avtobusun olduğunu nəzərə alsaq, bu təkcə bir xətt üzrə 2400-2700 manat pul deməkdir. Paytaxtda sərnişin çoxluğu olan marşrut ayrı-ayrı xətt avtobuslarının sayının ən azı 20 olduğunu nəzərə alsaq, isə bu təxminən gündəlik 60 min manata yaxın pul edir. Deməli ay ərzində BNA-nın sərnişin daşımasından əldə etdiyi gəlir 2 milyon manata yaxındır. Indi fikir verək görək BNA topladığı vəsaitin qarşılığında ortaya sərnişini razı sala bilən fəaliyyət qoya bilirmi? Təbii ki, yox. Deməli BNA ciddi maliyyə mənimsəməsinə yol verir. Elə buna görə də yaxın günlərdə qurumda yoxlamaların həyata keçiriləcəyi bildirilir.
Məhəmməd