Sosial partlayışa və vətəndaş narazılığına yol açan BNA

Azərbaycanda bir neçə qurum var ki, onların fəaliyyətində daha çox insanlara, vətəndaşa xidmət etmək deyil, əksinə onu dövlətdən narazı salmaq, dövlətlə-xalq arasında uçurum yaratmaq özünü göstərir. Belə qurumların içərisində Bakı Nəqliyyat Agentliyi (BNA) öz dəsti xətti ilə seçilir. Etiraf edək ki, adıçəkilən qurum yarananda ilk baxışdan hər şey gözəl görünürdü. Hətta paytaxt nəqliyyatında mövcud olan bir sıra problemlərin həlli istiqamətində göstərdiyi fəaliyyət də təqdir olunurdu. Lakin sonradan BNA-nın da demək olar ki, xarabı çıxdı. Qısa müddətdə paytaxtın ictimai nəqliyyat sektorunu ələ alan BNA, artıq ictimai nıqliyyatdan gələn külli miqdarda vəsaitlərin istifadəçisinə çevrilməyə başladı. Sözün həqiqi mənasında istifadəçisinə. Haşiyədən kənara çıxaraq deyə bilərəm ki, BNA-nın yarandığı gündən indiyə qədər dövlət büdcəsinə köçürmələrlə bağlı heç bir maliyyə hesabatı verməməsi, ictimaiyyətdən bunu gizlin saxlaması faktı Agentliyin paytaxtın ictimai nəqliyyatından gələn gəlirləri öz bildiyi kimi istifadə etdiyi qənaətini formalaşdırıb. Burada bir faktı qeyd etmək lazımdır ki, əksər dövlət qurumları illik, eyni zamanda rüblük dövlət büdcəsinə həyata keçirdikləri öddəmələrin statistikasını açıqlayırlar. Hətta ayrı-ayrı nazir və komitə rəhbərləri şəxsi sosial şəbəkə hesablarından belə bu məlumatı cəmiyyət üçün bölüşürlər. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, indiyə qədər BNA-dan belə bir addımın atılmasını müşahidə etməmişik.

Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti, daha doğrusu yarıtmaz fəaliyyəti bu gün elə bir səviyyəyə gəlib çatıb ki, indi paytaxtda yaşayan hər kəs bu qurumun özbaşınalıqları, insanları təngə gətirən hərəkətlərindən narazıdır. BNA-nın ölkədə sosial partlayış yaratmağa hesablanmış fəaliyyəti bu günlərdə parlamentin plenar iclasında da bir sıra millət vəkilləri tərəfindən dilə gətirildi. Müzakirələr və bu istiqamətdə deputatlarımızın apardığı araşdırmalardan bəlli oldu ki, Bakı Nəqliyyat Agentliyinin indiyə qədər konsepsiyası belə yoxdur. 7 ilə yaxın fəaliyyət göstərən, paytaxtın ictimai nəqliyyat sektorunu iflic vəziyyətinə salan BNA-nın öz işinə, fəaliyyətinə nə dərəcədə qeyri-ciddi, dırnaqarası baxdığı bu faktdan bəllidir. Belə demək mümkünsə günümüzdə BNA və onun rəhbərliyini yalnız bir şey düşündürür.  Pul yığmaq. Həm də necə? İnsanların cibinə girmək, paytaxt küçələrini öz qanunları ilə idarə etmək və vətəndaşlara əsassız cərimələr yazmaqla. Yersiz və mənasız, nəqliyyatın müntəzəm olaraq sıxlıq təşkil etdiyi əraziləri sarı zolaqlara boyayan, belə demək mümkünsə paytaxt yollarını qəfəsə salan BNA öz yalanına hər kəsi inandırmaq istəyir ki, guya bununla Bakı küçələrindəki sıxlığın aradan qaldırılmasına dəstək olurlar. Əslində isə məqsəd qeyd etdiyimiz kimi sürücüləri cərimələmək və bununla da daha çox pul qazanmaqdır. Bu gün paytaxt sakini, eləcə də şəhərimizə qonaq gələn insanlar BNA-nın yarıtmaz fəaliyyəti nəticəsində öz avtomobillərini saxlamaq hüququndan məhrum ediliblər desək yanılmarıq. Təsəvvür edin, bir paytaxt sakinin marketdən girib uzağı 5 dəqiqəyə çörək alması onun üçün 65 qəpik deyil, 40 AZN 65 qəpiyə başa gəlir. Səbəb qeyd etdiyimiz kimi BNA-nın özbaşınalığı, paytaxt küçələrindən asan qazanc mənbəyi kimi istifadə etməsidir. Bu gün BNA rəvayətlərdə deyildiyi kimi, bulağın başında oturmuş divi xatırladır. Qədimdə div bulağn başında oturub insanları susuz qoyduğu kimi, BNA-da paytaxt yollarını nəzarətə götürərək insanların sərbəst hərəkətinə mane olur. Təsəvvür edin, qurum o qədər azğınlaşıb və insani keyfiyyətləri itirib ki, hətta ağır zəstəsini xəstəxanaya çatdırmaq üçün öz avtomobilini qısa müddətdə BNA-nın özbaşına müəyyən etdiyi ərazidə saxlayan vətəndaşa belə güzəşt etmir. Bunun isə bir adı var. Bilərəkdən, qəsdən vətəndaşı dövlətə qarşı qaldırmaq, cəmiyyətdə sosial partlayışa rəvac vermək.

Artıq BNA-nın yarıtmaz fəaliyyəti və insanları yersiz olaraq cərimələməsi, incitməsi məsələsinin Milli Məclis səviyyəsində də qaldırılması ümid yaradır ki, qısa zamanda adıçəkilən qurumun özbaşınalıqlarına ən yüksək səviyyədə son qoyulacaq və bu qurum barədə ciddi ölçü götürüləcək. Çünki bunun üçün ciddi sosial sifariş var və millət vəkillərinin BNA-ya yönəlik haqlı iradları da məhz  vətəndaşın, seçicinin sosial sifarişi, narazılığının göstəricisidir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31