“Səhiyyə Nazirliyi 12 yaş üzərində müxtəlif xroniki xəstəliyi olan uşaqların peyvənd edilməsini tövsiyə edir”- Təyyar Eyvazov

"Yoluxma hallarının çox yüksək həddə çatmaması üçün əhalidən qoruyucu tədbirlərə ciddi əməl etmək və vaksinasiyada daha aktiv iştirak etmək tövsiyə olunur"

Bunu Olaylar.az-a açıqlamasında  Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov deyib. O, bildirib ki, son vaxtlar COVİD 19-a yoluxma hallarının artmısının bir sıra səbəbləri var.

"Son vaxtlar COVİD 19-a yoluxma hallarının artımı müşahidə edilir.Bunun bir sıra səbəbləri var. Bu gözlənilən idi. Əsas səbəb insanlar arasında təmasların sıxlığının artmasıdır.Buna kömək edən faktorlar hazırda pandemiya ilə bağlı əksər məhdudiyyətlərin aradan qaldırılması, havaların soyuması ilə əlaqədar insanların daha çox qapalı məkanlarda toplanması, havalandırmanın daha az icra olunması, fəsil dəyişikliyi ilə əlaqədar immun sistemdə olan mövsümi zəifləmələr, həmçinin dövriyyədə daha yoluxucu mutant variantın-delta ştammın olmasıdır.Ölkəmizdə vaksinasiya prosesi davam edir, son statistik məlumatlara görə iki doza vaksin olunanların sayı 4 milyonun üzərindədir. Lakin ölkədə hələ də vaksin olunmamış kifayət qədər infeksiyaya həssas insanlar var. Hazırda, xüsusən də, ağır xəstələnmə qrupunu əsasən onlar təşkil edirlər. Digər tərəfdən də istər xəstəlikdən

sonra formalaşan təbii immunitet, istərsə də vaksinasiyadan əldə edilmiş süni immunitetin əksər insanlarda 6 aydan sonra zəifləməsi baş verir. Vaksinasiya nəticəsində əldə edilmiş immuniteti gücləndirmək üçün Buster dozaya ehtiyac yaranıb. Bu yolla xəstələnmə hallarının sayını azaltmaq mümkündür. Buster doza birinci növbədə risk qrupuna daxil olan şəxslərə,yaşı 50-nin üzərində olanlara, o cümlədən müxtəlif ağır xroniki xəstəlikləri olan şəxslərə tövsiyə olunur. Beləliklə,hazırda koronavirus infeksiyasına qarşı ən effektiv vasitə vaksinasiyadır. Yoluxma hallarının çox yüksək həddə çatmaması üçün əhalidən qoruyucu tədbirlərə ciddi əməl etmək və vaksinasiyada daha aktiv iştirak etmək tövsiyə olunur. Hazırda məktəblərdə əyani tədrisə başlanılmışdır. Uşaqlar arasında həm koronavirusa, həm də digər mövsümi respirator virus infeksiyalara yoluxma halları haqqında məlumatlar gəlməkdədir. Bununla mübarizədə müvəqqəti lokal qapanmalara gedilir, tədris distant formaya keçirilir, lakin bəlli müddət tamam olduqdan sonra həmin siniflərdə, məktəblərdə yenidən əyani tədris bərpa olunur. Yoluxmanın sürətlə artması kimi neqativ halların baş verməməsi üçün valideynlərdən diqqətli olmaq, xəstə uşağı  məktəbə buraxmamaq tələb olunur. Təhsil müəssisələrində tədris Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalarla həyata keçirilməli və buna ciddi nəzarət olunmalıdır. Eyni zamanda Səhiyyə Nazirliyi 12 yaş üzərində müxtəlif xroniki xəstəliyi olan uşaqların peyvənd edilməsini tövsiyə edir.Həmçinin bu yaş qrupunda digər sağlam uşaqların da valideynlərin istəyi və razılığı əsasında peyvənd olunmasını mümkün sayır.Beləliklə, hazırkı epidemioloji durum qapanmalara getməyərək vəziyyəti nəzarətdə saxlamağa  imkan verir"

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31