Dərs ilinin  SİLSİLƏ PROBLEMLƏRİ - ƏFSANƏ KAMAL YAZIR...

ƏFSANƏ  KAMAL

Yeni dərs ilinin başlamasını insanların nə qədər istədiyini izah etməyə ehtiyac yoxdur. Qərar verildi, əyani təhsil yenidən əlçatan oldu. Əyani təhsillə birlikdə silsilə problemlərin də başladığı gün oldu. 29 sentyabr-o böyük gün! "Ya da ictimai yerlərdə izdihama dönüş günü" kimi tarixə keçə bilər. Yağışın islatdığı, tıxacın əsəbləri tarıma çəkdiyi, paytaxtda az qalsın 90% insanın işə, dərsə və.s gecikdiyi gün. Göründüyü kimi "29 sentyabr" tarixə heç xoşagələn hadisələrlə keçmədi. Niyə məhz 29 sentyabr? İnanın, bunun üzərinə milyonlarla fəlsəfi məna yükləyə bilərik. Ancaq düşündük ki, ənənəvi qaydanı pozaraq, edilən 14 gün gecikmənin hardasa məntiqli bir səbəbi olmalıdır.
Nəticə isə "təəssüf" hissi.
Anlaşılandır, biz ölkə olaraq pandemiyaya hazırlıqlı deyildik. Bir ildən çoxdur içində yaşadığımız bu vəziyyətə hara çevirdiksə, çarə tapa bilmədik.  Üstəlik başımıza azmış kimi "koronavirus" bəlası çıxıb. İşdən axşam vaxtı evə qayıdan vətəndaş özünü qatara yetirməkdən başqa heç nə düşünmür. Az qala yapışıq vəziyyətdə etdiyimiz səfərlərdə beynimizi sadəcə buradan tezliklə qurtulmaq hissi məşğul edir. Bu məşğuliyyət isə aparır məğlubiyyətə! 
Bir neçə həftə sonra yoluxma artır və bu sanki sonsuzadək davam edir...
Günahkar isə marşrut intervalını, hava şəratini, insan sıxlığını və ən əsası pandemiyanı nəzərə almayan, məsul qurumlardır.  Pandemiyanın tüğyan etdiyi bir vaxtda avtobuslar ağzına qədər dolmayana kimi yola düşmür. Fəsil dəyişikliyi ilə gələn, qrip, digər xəstəlikləri  də nəzərə alan yoxdur. 
Karantin, can qorxusu, ölüm xəbərləri yetməzmiş kimi bir də qərarsızlıq hökm sürür. İnsanlar övladlarını dərsə göndərmək  istəmir.  İşin rəsmi səviyyədə olan əskiklikləri bir yana, sosial kəm-kəsrləri daha çoxdur. 
Universitetlərin qarşısındakı izdihamları deyirəm. Acınacaqlı vəziyyətdir. Birinci kurs tələbəsini bağça uşağı kimi universitetə gətirməkləri bir tərəfə, əlindən tutub içəri ötürən kim, mühafizəçi ilə içəri girmək üçün dava edən kim...
Çox maraqlıdır, övladı üçün bu qədər narahat olan "düşüncəli" valideyn nəyə görə başqalarının övladını və  öz övladını virus təhlükəsindən qorumaq haqqında düşünmür? Universitetlərin rəhbərlikləri hər il vəziyyətin belə olduğunu bilirdi. Bəs niyə tədbir görülmədi? Xəbərdarlıq edilmədi? Vətəndaş sosial məsuliyyəti dərk etmirsə, bunu ona əvvəlcədən izah etmək lazım idi. Qaydaları pozan da, karantindən ən çox şikayət edən də elə həmin şəxslərdir.  
Tələbələr həftə 2-3 gün dərsə getmək üçün kirayə qalmaq istəmir. Ev sahibləri də belə olan halda razılığa gəlmir.  Yağışın, tıxacın ardından bir də dərsə girmək üçün "pasport" yoxlanışında dayanan tələbədən, şagirddən dərsə adaptasiya olmasını necə gözləmək olar ? Bəli, qərar verilir. Və bu qərarlar həyata keçirilir. Ancaq nə qədər keyfiyyətli, verimli bir qərar olub-olmadığı ilə maraqlanan yoxdur. İstər çox uzun vaxt dilimi ərzində istərsə də, sadəcə bir gün vətəndaşlar bu əziyyəti çəkmək məcburiyyətində deyildi. Hər şey öncədən düşünülməli, planlı şəkildə həyata keçirilməlidir. 
Yoxsa bir çox universitet rəhbərliyinin gözü tələbənin saqqalından, saçından, geyimindən başqa bir şey görmür ? 
Saqqal, saç və  insanın sadəcə özünü maraqlandıran şeylərə yox, tələbələrin yaşam şəraitinə, aldığı təhsilin keyfiyyətinə diqqət yetirmək lazımdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31