"Bakı əhalisinin sayı 2 milyona qədər azaldılmalıdır" - Natiq Cəfərli

"Yağış hər dəfə Bakının "kosmetikası"nı yuyur, bütün problemləri üzə çıxarır".

Olaylar.az  bildirir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. O, problemdən çıxış yolu ilə bağlı fikirlərini bölüşüb. Belə ki, N.Cəfərli qeyd edib ki,  Böyük Şəhər Bələdiyyəsinin yaradılması və seçkili Mer institutunun təsisi problemlərin həlli üçün önəmli addım ola bilər:

"Bu gün haqlı-haqsız "söyülən", tənqid edilən Bakı Şəhəri İcra Hakimiyyəti mənasız qurumdur, şəhər təsərrüfatı tam olaraq onun əlində deyil. Yol tikintisi tam əlində deyil, qismən müdaxilə edə bilir, su-kanalizasiya sistemi "Azərsu"dan asılıdır, nəqliyyat sistemi əlində deyil, elektrik şəbəkəsi və qaz təminatı ondan asılı deyil. Bakı Şəhər İcra Hakimiyyəti torpaq və sərəncam satan orqandır, pul qazanmaq mənbəyidir, amma Şəhər İdarəçiliyi deyil.

Mer seçilsə, bütün problemlər həmən həll olunacaqmı?! Olmayacaq.  Əsl yerliözünüidaetmə institutu kimi təsis olunsa, bütün şəhər təsərrüfatı BŞB-nə həvalə edilsə, addım-addım problemlərin həllinə doğru gedə bilərik. Amma şəhəri abra salmaq üçün fədakarlıq və milyardlarla dollar vəsait tələb olunacaq. O mənada fədakarlıq ki, bu gün şəhərin mərkəzi hissəsində eybəcər binaların sökülməsinə o evlərdə yaşayan camaat necə baxacaq?! Mülkiyyət hüququ məsələsi necə həll olunacaq?! Şəhərin yaşanabilər hala gəlməsi üçün onlar da fədakarlıq edəcəklərmi?!".

Partiya üzvü həmçinin bildirib ki, yaxın 9 ildə - 2030-cu ilə qədər işğaldan azad edilən ərazilərə 1,5 mln. vətəndaş köçürməliyik və orada iqtisadi fürsətlər Bakıdan yaxşı olmalıdır:

"Bundan başqa, ölkədə mütləq ikinci milyonluq şəhər yaranmalıdır - ərazi, əhali, Qarabağ və Şərqi Zəngəzura coğrafi yaxınlıq və logistik uyğunluğa görə bu Gəncə şəhəri olmalıdır.  Beləliklə, normal, işlək, qanunun aliliyi, iqtisadi azadlıqlar təmin edilmiş sistem qurmalıyıq ki, həm işğaldan azad edilən torpaqlar ölkəyə iqtisadi yük deyil də, yeni inkişaf mərhələsi üçün "driver" olsun, nəticədə də Bakının əhalisi optimal olaraq 2 mln. civarına düşsün. Yəni, bir yağış probleminə açıq göz və ağılla baxsaq, yenə də sistem dəyişikliyinə qədər gedib çıxırıq". (sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31