Uşaqlar arasında koronavirusa yoluxma AZALIB
21 Sentyabr 2021 15:39 Sosial"Hazırda ölkəmizdə uşaqlar arasında koronavirusa yoluxma halı aşağıdır. Eyni zamanda, mövsümi qrip hələ başlamayıb. Çox güman ki, oktyabrda başlayacaq". Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov uşaqlar arasında koronavirusa yoluxma halları və mövsümi qriplə bağlı son durumu dəyərləndirərkən deyib. Baş pediatrın sözlərinə görə, ölkədə koronavirusa yoluxma sayı aşağı endiyi üçün uşaqlar arasında yoluxmalar da azalır: "Ölkədə yoluxma sayının azalması müşahidə olunur. Bununla yanaşı uşaqlar arasında da təbii olaraq koronavirusa yoluxma halında azalmalar görürük. Ümumilikdə uşaqlar bu xəstəliyi assimtomatik keçirir".
Bundan əlavə, E.Rəhimov mövsümi qriplə bağlı vəziyyətin stabil olduğunu deyib: "Digər illərlə müqayisədə mövsümi qrip başlamayıb. Böyük ehtimalla kollektivdə toplaşmalarla əlaqədar oktyabr ayından etibarən başlayacaq. Düzdür, qripə yoluxub müraciət edən uşaqlar var, amma sayları çox deyil".