Azərbaycanda kiberdələduzluq qurbanlarının sayı sürətlə artır - Həll yolu nədir?
14 Sentyabr 2021 11:28 SosialSon günlər şəbəkədə kiberdələduzluq hallarının çoxaldığı, yeni formada kiber təhdidlərin artdığı müşahidə edilir. Kiberdələduzlar videozənglər vasitəsilə tanınmışları şantaj edir, bank kartlarının məlumatları müxtəlif üsullara ələ keçirilir, vətəndaşın tanıya biləcəyi nömrələrdən zəng etmək imkanı verən müxtəlif proqram təminatlarından istifadə edərək zənglər edilməklə məlumatlar ələ keçirilir.
Olaylar.az xəbər verir ki, bununla bağlı Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz deyib ki, vətəndaşların, dövlət və qeyri-dövlət sektorun informasiya təhlükəsizliyinin qorunması istiqamətində bu günlərdə daha aktivlik müşahidə olunmalı idi:
"Baş verənlərlə bağlı vətəndaşlara qabaqlayıcı mesajların verilməsi, kibertəhlükəsizliklə bağlı profilaktiki tədbirlərin görülməsi, kiberdələduzluq halı baş verdikdən sonra atılacaq addımlar haqqında vətəndaşların məlumatlanmasına ehtiyac var. Ümumiyyətlə, ölkədə rəqəmsal savadlılıqla bağlı ciddi problemlər mövcuddur.
Qeyri-dövlət sektorunda əsas səlahiyyətli qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətidir. Son günlərdəki kiberdələduzluqlarla bağlı bu qurum tərəfindən hansı tövsiyyələrin verilməsini nəzərdən keçirəndə, rəsmi saytlarında axırıncı xəbərdarlıq-tövsiyyə məlumatının 5 ay öncə yerləşdirildiyini görmək olar".
Ekspert qeyd edib ki, sözügedən qurum profilaktika, maarifləndrimə, metodiki-informasiya dəstəyi çərçivəsində işləri gücləndirilməlidir:
"Hökumət bütövlükdə əhalinin rəqəmsal savadlılığının artırılması istiqamətdə kompleks tədbirlər müəyyən etməlidir. Rəqəmsal transformasiya ilə bağlı konseptual sənədlərin qəbulunu sürətləndirmək lazımdır".