Şiddət tərbiyə üsulu deyil!- MÖVQE

"Əvvəlcə  ana və atalarımızın uşaqları, sonra uşaqlarımızın ana və atası olarıq. Daha sonra ana və atamızın ana və atası, ən sonunda da uşaqlarımızın uşaqları olarıq."

   Uşaq evin aynasıdır. Uşaqsız   evin bərəkəti olmaz;- deyiblər atalarımız. Hər bir uşaq gələcəyimizdir, gələcəyimizin davamçılarıdır. Bu gün uşaqların düzgün tərbiyə olunması hər bir valideynin üzərinə düşən vacib borclardan biridir. Uşaqların düzgün tərbiyəsi, onlara göstərilən qayğı, sevgi, qoyulan qadağaların  normasında olmağı şərtdir. Bəzi ailələr arasında olan münaqişələr uşaqların böyüməsində onların tərbiyələndirməsinə çox böyük təsir edir və onlar gələcəkdə daha aqressiv, daha kobud  və daha əsəbi olurlar. Bu gün  bu halların olmaması üçün nə etməli? "Uşaqlarımızın  savadlı, bacarıqlı və psixoloji cəhətdən  tam yetişdirilməsi  üşün  hansı tərbiyə metodlarından istifadə etməliyik" deyə suallar yarana bilər. Ilk öncə onu qeyd etmək lazımdır ki, bəzi ailələr şiddətə daha çox meylli olduqları üçün uşaqları  döyməklə düzgün tərbiyə etdiklərini düşünürlər. Lakin bu heç də düzgün bir metod deyil. Əksinə onları psixoloji cəhətdən daha çox yorur və  həyatdan təcrid olunmalarına  gətirib çıxarırlar. Hətta belə qeyd edək ki,  bəzi valideynlər "Uşaq döyülə-döyülə böyüyər", yaxud da "Biz də döyülə-döyülə böyümüşük, pis insanıq?" deyimi də məhz bu cür müdafiə mexanizminin ifadəsidir. Başa düşmürlər ki, şiddət, zorakılıq, düzgün tərbiyə üsulu deyil. Bu yolla o, öz övladının gələcəyini məhv edir. Biz insanlara, gənclərə bunu aşılayaraq uşaqlara qarşı zorakılıq hallarının qarşısını almağa çalışmalıyıq. Bir daha qeyd edim ki, Azərbaycanda uşağa qarşı zorakılıq, həqiqətən, tərbiyə metodu kimi qəbul edilir.. Bütün problemlər də elə buradan başlanır.  Biz onların tərbiyəsini şiddət və zorakııq üzərində yox,  sevgi üzərində qurmalıyıq. Bəzən bir çox hallarda uşaqlarını döyərək tərbiyə edən valideynlər bu zorakılıqlarına haqq qazandırırlar.

Uşaqların tərbiyə prosesində bir çox psixoloqlar və loqopedlər çıxışlar və çağırışlar etsələr də  bu çağırışlara hələ də  bəzi valideynlər məhəl qoymur.

Məsələ ilə bağlı   "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri  Təranə x Paşayeva  Olaylar.az- a bildirib ki, son zamanlar sosial şəbəkələrdə, saytlar və kütləvi informasiya vasitələrində tez-tez qarşılaşdığımız xəbərlərdən biri də uşaqlara qarşı şiddətdir. Bunu da qeyd etməliyik ki, istər hüquq-mühafizə orqanları, istərsə də digər aidiyyatı qurumlar belə həssas məqamlarda operativ davranır, lazımi tədbirləri görürlər. Amma çox təəssüf ki, bəzi hallarda belə xoşagəlməz hallar ictimailəşmədiyi, ailə daxilində baş verdiyi üçün heç bir tədbir görmək olmur. Əksər hallarda valideynlər, yaxın qohumlar uşaqlara qarşı şiddət göstərməklə, onları təhqir edərək və ya döyərək parlaq gələcəyini məhv edirlər, fiziki və psixoloji travmalarla üz-üzə qoyurlar. Şiddətin yaratdığı psixoloji problemlər qalıcı ola bilir, bəzən onun müalicəsi uzunmüddətli davam edir. Psixoloq kimi qeyd etməliyəm ki, uşaq və yeniyetmələrdə şiddət problemi təkcə onların döyülməsi, təhqir edilməsi ilə kifayətlənmir, ailədaxili şiddət, yəni bir ailə üzvünün digərinə qarşı etdiyi fiziki və psixoloji şiddət də onlara təsir edir.Mütəmadi şiddət görən uşaqlarda ruhi və psixoloji problemlər qaçılmaz olur.Şiddət hansı tip və kim tərəfindən olmasından asılı olmayaraq travmanın bir növüdür. Araşdırmalar göstərir ki, ailə üzvləri və sevdikləri insanlar tərəfindən şiddət görən uşaq və yeniyetmələrdə psixoloji travmalar daha yıxıcı olur."

Psixoloqun sözlərinə görə , "Təhqir edilən, döyülən uşaqlarda psixoloji və fiziki fəsadlar zaman keçdikcə özünü daha qabarıq formada göstərməyə başlayır. Ailə daxilində şiddətə şahid olduğu və ya məruz qaldığı zaman eyni hərəkətləri, hətta daha çoxunu başqalarına qarşı tətbiq etməyə başlayır. Həmin insanlarda şiddətin fəsadları bir-birindən fərqli olaraq özünü büruzə verir. Stress, özünəqapanma, tək qalmaq istəyi, asosiallıq,aqressiya, depressiya və digər psixoloji narahatlıqlar ən çox qarşılaşdığımız nəticələr sırasındadır. Bundan savayı həmin şəxslərdə yuxu və iştah problemləri də növbəti mərhələlərdə özünü büruzə verir. Yuxu pozğunluğu, yatan zaman kabus görmək, iştahsızlıq və  çəki itirmək nəticəsində onlarda ruhi dəyişikliklər də hiss edilir. Bu dəyişkənliklərdən sonra yeni qorxular ortaya çıxır, gərgin olur, daha əvvəllər etmədiyi hərəkətləri nümayiş etdirə bilirlər. Əgər uşaq psixoloji travma ilə yanaşı fiziki travma da yaşayırsa, onun fiziki inkişafında da çətinlik ortaya çıxa bilir. Dünya üzrə aparılan araşdırmalar nəticəsində məlum olub ki, uşaq vaxtlarında fiziki və psixoloji şiddət görən şəxslərin bir çoxunda bu travma ömürlərinin sonrakı 30-40 ilində hiss olunur. Ailə həyatı quran insanlar uşaqlıq zamanı yaşadığı şiddəti öz ailələrində də nümayiş etdirirlər.Ata-babalarımızdan bizə miras qalan adət-ənənələri qorumaq bizim borcumuzdur,amma bəzən daha əvvəlki dövrlərdə deyilən və bu günümüzə qədər gəlib çatan bəzi el məsəllərinin fəsadlarını görmək heç də xoş deyildir."Qızını döyməyən dizini döyər", "döyə-döyə ağıllanacaq" və bu tipli digər xoşagəlməz nümunələri əsas gətirib, uşaqları döymək, onlara şiddət göstərməklə valideynlər yalnız onların gələcəyini sual altında qoyurlar. Uşaqlar bu şiddəti bağçada, məktəbdə, universitetdə, həyətdə, qonaqlıqda, başqa sözlə demək olar ki hər yerdə başqalarına qarşı nümayiş etdirə bilir.Valideynlər bunun fərqinə varmasa da, uşaqlarda onlara qarşı nifrət, aqressiya yaranır, kobudluq nümayiş etdirilir və hətta bəzi daha ağır fəsadlarla nəticələnir.Bəs belə anlarda necə davranılmalıdır? İlk öncə uşaqlara qarşı şiddət üsullarından uzaq olun. Hər hansı xoşagəlməz bir şey edərsə, daha yumşaq və ya onları çox üzməyəcək şəkildə cəza təyin edin.Uşaqlarınıza zaman ayırın, onları qucaqlayın, xoşmənalı ifadələr söyləyin,sevdiyinizi göstərin. Onlarla məsafə saxlamayın, hətta yaşları az olsa belə onların dediklərinə diqqət etdiyinizi hiss etdirin, hər hansı bir səhv etdikdə, yanında olduğunuzu nümayış etdirin. Ailə daxilində hər hansı mübahisə baş verdikdə, problemi şiddətlə yox, danışaraq həll etməyə çalışın və bunu uşaqlarınızın yanında etməyin.

Qeyd etdiyim amillər ilk baxışda sadə, amma vacib və diqqət edilməli məqamlardır. Əgər ki, daha öncədən olan və onun fiziki, psixoloji formalaşmasına təsir edən nələrsə müşahidə edilərsə, müvafiq sahənin peşəkarlarına müraciət etməkdən çəkinməyin. Unutmayaq ki, hər bir uşaq təkcə ailənin yox, həmçinin bu ölkənin gələcəyidir.Gələcəyimizə sahib çıxmaq isə hər birimizin borcudur."

Bu gün biz uşaqlara nəyin doğru, nəyin səhv olduğunu göstərmək üçün və doğruların həyatımızda əhəmiyyətini anlatmaqla uşaqlarda düzgün davranışı sərgiləyə bilərik. Uşaqlar səhv edən zaman onlara istər fiziki, istərsə də psixoloji təsir göstərmək olmaz, bu uşaqları daha da ruhdan salar və həyata küsdürər. Ona görə etdiyimiz hər bir hərəkəti onları incitməyəcək tərzdə etməliyik. Gələcək nəsillərimizin sağlam ruhlu , saglam düşüncəli  və həmçinin psixoloji cəhətdən sağlam yetişməsi hər bir valideynin və həmçinin tərbiyə prosesində əməyi keçən hər kəsin borcudur. Zorakılıq və şiddət düzgün tərbiyə metodu deyil! Uşaqlar gələcəyə göndərdiyimiz və əsla görə bilməyəcəyimiz mesajlardır. Bunun üçün də onların doğru şəkildə tərbiyələnməsinə son dərəcə diqqət etmək borcumuzdur!

Mehriban  Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31