Zelenskinin təbrik etdiyi azərbaycanlı KİMDİR
Ukrayna idmanının ən tanınmış simalarından biri olan Pərviz Nəsibov Azərbaycan əsilli ukraynalı yunan-roma güləşçisi, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
6 Avqust 2021 11:03 SosialUkrayna idmanının ən tanınmış simalarından biri olan Pərviz Nəsibov Azərbaycan əsilli ukraynalı yunan-roma güləşçisi, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
Olaylar.az xəbər verir ki, Pərviz Paşa oğlu Nəsibov 1998-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Pərviz altı yaşına qədər Muğanlıda yaşayıb. Müsahibələrindən birində dediyinə görə, idman karyerasına da doğma kəndində başlayıb. Bir il burada sərbəst güləşlə məşğul olub.
2004-cü ildə Pərviz ailəsi ilə birlikdə Ukraynanın Nikolayev şəhərinə köçüb. İdman karyerasına burada davam etdirmək qərarı verən Pərviz Ukraynada yunan-roma üslubuna keçib.
Karyerasındakı uğurları
O, 2017-ci ilin mart ayında İranda keçirilən Dünya Kubokunda iştirak edib. Milli komanda yarışlarda altıncı yerdə qərarlaşsa da, bütün döyüşlərdə məğlubiyyətsiz mübarizə aparan yeganə ukraynalı güləşçi olub.
Pərviz həmin ilin iyul ayında Almaniyanın Dortmund şəhərində keçirilən yarışların finalında gürcü Georgi Kurtanidzeni məğlub edərək yeniyetmələr arasında Avropa çempionu titulunu aktivinə yazdırıb. 2018-ci ilin sentyabrında Slovakiyanın Trnava şəhərində yeniyetmələrin Dünya Çempionatında bürünc medal qazanıb.
Pərviz Nəsibov 2021-ci ilin may ayında Bolqarıstanın Sofiya şəhərində keçirilən turnirdə Tokio Olimpiya Oyunlarına vəsiqə alıb. Tokio olimpiadasının finalınadək məğlubiyyətsiz irəliləyən Nəsibov burada uduzmasına baxmayaraq, Ukraynaya gümüş medal qazandırıb. Bu, Pərvizin böyüklər arasında qazandığı ilk böyük makafatdır. İdmançı əvvəllər dünya və Avropa çempionatlarında yalnız gənclər səviyyəsində medallara sahib olub.(teleqraf)