İntihar – Soyuq Ölüm

Həyata pozitiv bax, intihar çıxış yolu deyil!

İntihar - sonunun ölümlə nəticələnəcəyini bilərək seçilən hər hansı bir üsulun birbaşa, ya da dolayı olaraq meydana gətirdiyi ölümdür. İntihar eyni zamanda dözülməz dərdlərin, daşınmaz məsuliyyətlərin, gücü zəifləmiş qürurun seçdiyi bir həll yoludur. İntiharın sonu ölüm, intihara aparan yol isə intihar düşüncəsi və intihara cəhddir. İntihara cəhd ölümlə nəticələnməyən, amma başqaları tərəfindən də qarşısı alına bilməyən insanın özünə zərərvermə davranışıdır.

Son zamanlar intihar gündəmdə olan mövzulardan biri sayılır. Demək olar ki, hər gün bir və ya daha artıq intihar xəbəri eşidirik: "Bakının filan qəsəbəsində bir gecədə iki gənc intihar etdi", "51 yaşlı qadın özünü asaraq intihar etdi", "38 yaşlı kişi özünü güllələdi", "İkinci Qarabağ Müharibəsi qazisi intihar etdi" və daha nələr, nələr...

Dünyada hər 40 saniyədə bir insan intihar edir, hər il bu rəqəmdən 13 dəfə çox isə intihara cəhd olur. Hər 13 intihar cəhdindən 12-si uğursuz, biri isə ölümlə nəticələnir. İntihara cəhd edənlərin əksəriyyəti isə 15-34 yaş arasında olan gənclərdir. Bəs gəncləri intihara sürükləyən başlıca səbəblər nələrdir?

Araşdırmalara əsasən deyə bilərik ki, Azərbaycanda, əsasən, sağalmaz xəstəliyi olan, o cümlədən ruhi xəstələr, ailə üzvlərinin vəfatından depressiya keçirən, narkomaniyaya düçar olmuş, ali məktəbə daxil ola bilməyən şəxslər intihar yolunu seçir. Eyni zamanda, bəzi hallarda məcburi evləndirmə, ailə münaqişəsi, maddi durumun ağır olması, internetdə asılılıq səbəbindən də özünə qəsd faktları qeydə alınır.

Olaylar.az intihar səbəbləri və onların çıxış yolu haqqında vətəndaş və mütəxəssis sorğusu aparıb. Vətəndaşların əksəriyyəti problemin kökünün ailədən və çevrədən qaynaqlandığını bildirib: "Ailədə uşaqlara inam, güvən hissinin olmaması, həddindən artıq qapanmalar intihara gətirib çıxarır. Məsələn , gənclər arasında intihar halları daha çox ali məktəbə daxil ola bilməyənlər arasında müşahidə olunur. Bunun səbəbi valideynlərdir.  "Camaatın uşağı 600-700 toplayır, sən qəbul ola bilmədin", "O qədər pul tökdük, bir işə yaramadın", "Bacarıqsızsan", "Tupoysan" və s. kimi sözlər uşaqlarda psixoloji sarsıntılar yaradır. Özünü yalnız hiss edən gənc, çıxış yolunu intiharda görür".

Psixoloq Samirə Bağırovanın sözlərinə görə də intihar səbəblərinin əsasında valideyn diqqətsizliyi dayanır:

"Valideynlər uşaqları ilə dost deyillər, onların fikirlərini önəmsəmirlər. Qeyd etdiyim kimi, Azərbaycanda avtoritar ailə hökm sürür. Yəni, iki valideyndən biri yumruq bahasına dominantlığı əlinə alır, öz bildiyini edir və uşağın daxilində nə baş verdiyi heç kimin vecinə olmur. Əlbəttə ki, intiharın bir çox səbəbləri var. Amma başlıca səbəblərdən biri budur.

İkinci bir səbəb hər hansısa bir təcavüz halı, depressiya, özündən utancaqlıq, özgüvənsizlik, özünə qapanmaq və s. ola bilər. Bunların hər birinin intiharda böyük rolu vardır. İntihar nə deməkdir? Suisid, gizli şəkildə "mənə diqqət elə", "mənə kömək elə" deməkdir.

İntihar öncəsi müəyyən əlamətlər olur ki, o yoldan döndürməkdən ötrü bunlara mütləq diqqət etmək lazımdır. Məsələn, ətrafımızda, yaxınlarımızdan özünə qapanan, depressiv insan görəndə, mütləq şəkildə səbəbini soruşmaq, danışdırmaq lazımdır. Bir insan ki özünə qapanıbsa, susqundursa, mütləq onun daxilində problemi vardır. Dostlarından uzaqlaşırsa, rəfiqələrindən qaçırsa, evə qapanır və ya ola bilər, konfliktli bir ailədə böyüyürsə, istismara məruz qalırsa, bunun sonu intiharla nəticələnə bilər.

İnsanlar problemləri fərqli şəkildə qəbul edirlər. Beyinlər barmaq izi kimi fərqlidir. Məsələn, misal çəkə bilərik, kimsə pulqabısını itirər, böyük bir panika keçirər. Amma başqa biri çox rahat qarşılayar. Ona görə də, istər yaxın, istər tanımadığımız biri olsun, ətrafımızda aqressiv, özünə qapanan insan görəndə, danışıb məsələnin kökünə enmək lazımdır. Danışmadan heç nəyi çözmək olmaz".

Problemsiz insan yoxdur. Gözümüzdə böyütdüyümüz, uğrunda həyatımızdan belə vazkeçməyi düşündüyümüz məsələ hər nə olur olsun, mütləq həlli vardır. Hər qaranlıq gecənin bir aydın səhəri, hər qışın sonunda bir bahar vardır. Lazım olan, səbrlə, dözümlə mübarizə aparmaqdır. Tükəndiyin an sənə verilən ən dəyərli hədiyyəni - həyatını itirəcəksən. Və nə qədər peşman olsan da, bunun geri dönüşü olmayacaq.

Həyata pozitiv bax, intihar çıxış yolu deyil!

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31