“Baktelecom” “İçərişəhər” qoruğunu optik internetlə təmin edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") "İçərişəhər" Tarix-Memarlıq Qoruğunda optik şəbəkənin inşasını yekunlaşdırıb.

Bu barədə "OLAYLAR"-a nazirlikdən məlumat daxil olub. Məlumata görə, "Evədək optika" layihəsi çərçivəsində "Baktelecom"un "Azeurotel" telekommunikasiya operatoru tərəfindən qoruqda 15 km uzunluğunda fiber-optik xətlərin çəkilməsi təmin edilib.

"İçərişəhər" qoruğunda mövcud 1 500-ə yaxın mənzilin sakinləri üçün bir optik xətt üzərindən telefon və multimedia xidmətlərinin göstərilməsinə imkan yaradılıb. "Evədək optika" layihəsi tətbiq edilən digər ərazilərdə olduğu kimi, burada da xidməti dəstəkləyən internet avadanlıqlar istifadəçilərə ödənişsiz təqdim edilib.

Görülən işlər ən müasir internet bağlantısı olan GPON (Gigabit Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır. Bu texnologiya sabit sürətə zəmanət verir, eyni zamanda bir sıra xidmətləri bir xətdə birləşdirməyə imkan yaradır.

Hazırda paytaxt və ətraf ərazilərdə "Baktelecom" köhnə və yeni tikililərlə yanaşı, fərdi evlərdən ibarət yaşayış massivlərində optik şəbəkə qurur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31