Elektrik cihazları ilə balıq tutan şəxs saxlanıb

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Ağstafa rayonunda xidməti ərazidə keçirilən tədbir zamanı rayon sakini Qurban Musayev qanunsuz balıq ovlayan zaman saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, araşdırma zamanı onun elektrik avadanlıqlarından istifadə edərək qanunsuz olaraq balıq ovladığı məlum olub. Məlumatda bildirilir ki, elektrik cihazları ilə tutulan balıqların istehlakı insanlarda müxtəlif növ xəstəliklərə səbəb ola bilər. Həmçinin bu üsul balıqların kütləvi məhvi ilə nəticələndiyindən istifadəsi qəti qadağandır. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə müəyyən edilən qaydalarda balıq tutmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31