Ağcabədidə 14 min əhalinin istifadə etdiyi yollar yenidən qurulur
27 Noyabr 2020 15:00 SosialPrezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.
"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, uzunluğu 41 km olan və Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolundan ayrılır. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası sözügedən yaşayış məntəqələrində yaşayan əhalinin sevincinə səbəb olub.
Çünki Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən yollar əsasən çınqıl örtüklü və torpaq əsaslı olduğundan təbii faktorların, suvarma və qrunt sularının təsirindən yararsız vəziyyətdə idi, torpaq yatağının eni normativlərə cavab vermirdi və yolun bir çox hissəsində təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq əsaslı şəkildə təmirinə ehtiyac var idi.
Hazırda "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, çiyinlərin bərkidilməsi, yol birləşmələrinin təmiri, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla təqribən 250 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Layihənin sonuncu mərhələsində yol boyu 4 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu 72 yol nişanlı və məlumatverici lövhə, 840 təhlükəsizlik dirəklərinin və km göstəricilərinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılacaq.
Yenidən qurulan yol həmin ərazidə yaşayan 14 min vətəndaşımıza respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradacaq.