"İnterneti gücləndirin, cənablar!" - ELÇİN ZAHİROĞLU
28 Mart 2020 14:35 SosialELÇİN ZAHİROĞLU
Hökumətin virusla bağlı çağırışlarına ciddi riayət olunması daha çox dövlət qurumlarından asıldı.
Küçələrdən evə təpilməklə iş bitimir, ağam. Məsləhətlər əla, ağlabatan, təhlükəsizliyimiz üçün göydəndüşmədi. Amma və lakin.
Deyirsən, evdən işlə, amma necə, hansı internetlə? Yeməyi onlayın sifariş elə, amma nəylə? Əvvəl zəif idi, indi ümumiyyətlə, yoxdu! Necə işləyək, necə teledərslərə baxaq, necə filmlərlə vaxtımızı keçirək?
Bizim balaca bir ofisimiz var. Oranın internetinə ayda 160, evinkinə 20, telefonumun internetinəsə 25-30 manat ödəyirik, buna baxmayaraq, mən internet krizisi yaşayıram. İndi görün telefon xətlərinin ümidinə qalanalar nə edir...
İki əməkdaşımız rayondan qayıda bilmir. Əslində, faciə yoxdu; valideynlərinin yanında oturub işləyərlər. Bu qədər sadə, eləmi? Axı biçarələrin nə xətlə interneti, nə də mobil internetdən istifadə üçün normal şəbəkələri var. Bəs nə olacaq? Heç nə. Bu gün əməkdaşlığa son verdik.
İllərdi rabitə nazirliyi, mobil operatorlar soyğunçuluq edir, cibimizə girir, uzağı bir-iki status yazılır, vəssalam - heç kim səsini çıxarmır. Amma indi bu, dövlətin təhlükəsizliyi məsələsidir. İndi bu oğurluq hökumətin apardığı işə qarşı provokasiyadır.
İnterneti gücləndirin, cənablar. İmkan varsa, güzəştlər edin, oğurluq etməyin.
Onsuz da əhalinin psixoloji durumu normal deyil, əksəriyyət təşviş içindədir. Hamı saytlardan, sosial şəbəkələrdən hadisələrdən anındaca xəbər tutmaq, uzaq düşdüyü yaxınları ilə heç olmasa internet üzərindən əlaqə saxlamaq istəyir. Onlara əlavə sarsıntı yaşatmaq əclaflıqdır.
İnternetə əncam çəkilməsə, kommunal xidmətlər yüksək səviyyədə olmasa, bu, əhalinin sağlamlığına virusdan daha çox ziyan vuracaq