İtaliyanı uzaq bilirsinizsə, İrana baxın, İrana, ay camaat, İrana!
28 Mart 2020 08:32 SosialBAHƏDDİN HƏZİ
Çox adam bu günlərdə bir-birindən soruşur: "Yəni vəziyyət belə ciddidir?" ( Yox, canım, İtalyanlarla ispanlar çinlilərlə zarafatlaşır((
Bilmirəm, daha nələr baş verməlidir ki, insanlarımız koronavirus pandemiyasının hər birimizi ölümlə təhdid etdiyini anlasın?! Xətrinizə dəyməsin, çox əhli-kef, məsuliyyətsiz olmuşuq (ya da elə bəlkə də həmişə beləydik). Düşmənimiz Fond yaradıb bütün dünyada pul toplayanda, silahlananda: "Erməni kimdir ki, bizdən torpaq alsın?!" dediyimizi xatırlayın. Biz niyə bu qədər arxayınıq?!
Məsələ ölümdə deyil; onsuz da bir gün hamımız gedəcəyik bu dünyadan. Ancaq nəyə görə hamı eyni vaxtda xəstələnmək və ölmək istəyir?! Başa düşdük, ola bilər hökumətin dediklərinə inanmırsınız. Barı qonşuluqda fövqəladə vəziyyət elan edən Gürcüstana baxın. İtaliyanı uzaq bilirsinizsə, İrana baxın, İrana, ay camaat, İrana! Qaydalara əməl edin! Nə olar, heç olmasa, bu dəfə sosial məsuliyyət hiss edək! Biz canımızın hayında deyilik; övladlarımız var. O sərvət payını satdığımız, xərclədiyimiz gələcək nəsilləri deyirəm. Barı onlara rəhm edək!
Son 5-10 ildə ölkənin taleyüklü məsələləri həll olunanda küçələrə çıxmayanlar indi evdən bayıra dartınır, xeyir ola?! Mitinqə getmədik, döyüşə getmədik, seçkiyə getmədik, indi hara gedirik?! Heç küçəyə çıxmalı olanda çıxmadıq, indi niyə çıxırıq?!
Yadımdadır, Bakının mərkəzində yürüşdəydik. Bir pəzəvəng düşüb camaata qoşulmaq əvəzinə eyvandan qışqırdı ki: "Bəsdir də, a millət, yığışın bu küçələrdən!" Bəli, millət o siyasi küçələrdən yığış(dırıl)dı evinə, eşiyinə. Bəs indi bu sosial küçələrdən niyə yığış(dırıl)mır ki?!
Hə, deyəcəksiniz ki, evdə oturum, o gələcək nəsil ac qalsın?! Düz deyirsiniz. Bunu da artıq hökumət düşünəcək. Kredit ödənişləri dondurulsa, sahibkarlara vergi tətili elan edilsə, kommunal ödənişlər ertələnsə, hər adambaşına zəruri məbləğ insanlara ödənilsə, evlərə çatdırılma xidməti qurulsa, kim çıxacaq küçəyə?! Bunun anonsu verilib artıq. Tezliklə qərar verilməsi də lazımdır. Bunlar dövlətdən asılı məsələlərdir. Dövlət öz üzərinə düşəni etməlidir. Hər halda edəcəyinə dair vəd verib. Bizdən asılı olanı da biz etməliyik. Özümüzü və ailəmizi qorumalıyıq. Gücümüzün yetdiyi qədər. Sonra peşman olmayaq və "kaş ki..." deməyək. Allaha əmanət olun!