Rauf Qurbanov: “Xalqımız xeyriyyəçilik ənənələrini davam etdirməlidir”
24 Mart 2020 10:54 Sosial"Bu gün yaşadığımız planet ciddi bir problemlə " Koronavirus infeksiyası" ilə qarşılaşıb. Bu problemin həllində bütün dövlətlər, xalqlar həmrəylik nümayiş etdirməli və yaranmış vəziyyətdən birgə çıxış yollarını araşdırmalıdırlar". Bu fikirləri "Olaylar"a deyən AKP MK sədri Rauf Qurbanovun sözlərinə görə, "Koronavirus infeksiyası"nın qarşının alınması istiqamətində dünya dövlətləri müxtəlif tədbirlər həyata keçirilər: "O cümlədən respublikamızda da prezident İlham Əliyevin fərmanı ilə Nazirlər Kabineti yanında operativ qərərgah yaradılıb və bu virusun əhali arasında kütləvi surətdə yayılmasının qarşısının alınması istiqamətində təxirə salınmaz tədbirlər həyata keçirilir. Bütün bunlarla yanaşı Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və ölkə prezidentinin bir illik əmək haqqını həmin fonda ianə verməsini Azərbaycan kommunistləri dəstəkləyir və Respublikanın digər rəhbər orqanlarında çalışan vəzifəli şəxsləri və imkanlı iş adamlarını bu nəcib, vətənpərvərlik təşəbbüsünə qoşulmağa dəvət edirlər. Belə bir zamanda Respublikamızda xalqımıza xas olan xeyriyyəçilik ənənələrinin davam etdirilməsi milli birliyimizin və həmrəyliyinin bariz göstəricisidir".