Gigiyenik qaydalara və tövsiyələrə əməl edin
23 Mart 2020 15:16 Sosial"Leyla Klinikası"nın şöbə müdiri Sahib Cəfərovdan COVID -19 virusu ilə bağlı ölkədəki karantin rejiminə münasibət bildirməsini xahiş etdik. S.Cəfərov dedi: "Ölkəmiz ağır dönəmdən keçir. Hər gün koronovirusa yoluxanların sayında fərq görürük. Buna görə də bir daha karantin tədbirlərinin vacibliyi haqda danışmaq istəyirəm. Çünki cəmiyyət xəstəliyin bu qədər ciddiliyini ya anlamır, ya da anlamaq istəmirlər. Ona görə də söyləyəcəyim fikirlərin, tövsiyələrin, tədbirlərə əməl etməyən vətəndaşların cərimə olunacağı xəbərindən daha effektiv olacağını düşünürəm. Beləliklə, karantin bizə nə verir? İlk öncə koronavirusa qarşı mübarizə tədbirlərinə əməl etmək, ümumilikdə xəstələnmə faizini xeyli azaldır. Bundan başqa, kütlə halında eyni anda xəstələnmə riskini ertələyir. Əgər eyni zaman kəsiyində şoxsaylı xəstələr səhiyyə ocaqlarına müraciət edərsə, o zaman hamıya eyni zamanda xidmət göstərməyə nə həkim, nə ləvazimat, nə avadanlıq yetər. Biz bunu İtaliyanın acı təcrübəsindən gördük. Hətta səhiyyə sistemi ən yüksək səviyyədə qurulan inkişaf etmiş ölkələrin belə, bu yükü çəkə biləcəyi real deyil. Xəstəliyə yoluxanların xəstəxanalara kütləvi müraciəti zamanı artıq hərbi qanunlar işə düşür: Böyük bir həkim qrupu qəbul şöbəsində xəstələri "çeşidləməklə" məşğul olur --yüngül, orta ağır və çox ağır. Yüngül xəstələr biri digərinə yardım etmək vərdişləri tövsiyə olunaraq, daha az təcrübəsi olan orta tibb işçilərinin nəzarətinə verilir. Orta ağır xəstələr diqqət mərkəzində saxlanılır və sağalmaq şansları böyük olduğu üçün əsas diqqət onlara yönləndirilir. Ağır xəstələr isə tam qayğıdan kənarda qalır. Onlara nə dərman nə həkim, nə də avadanlıq sərf etmək imkanı yoxdur. Bu, hərbi qanundur. Bu, ekstremal şəraitdə göstərilə biləcək tibbi yardımın səviyyəsidir. Əziz vətəndaşlarımız, məhz bu səbəbdən karantin qaydalarına əməl etməyiniz vacibdir. Özünüzü və əzizlərinizi qorumağın başqa yolu yoxdur. Həkimləri və səhiyyəni zor duruma salmayın. Əks halda, bizi nələr gözlədiyini proqnozlaşdırmaq belə çətindir. Dövlət bu bəla ilə mübarizə üşün əlindən gələni edir. Gerisi ancaq özümüzdən asılıdır. ÜST-nın və Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın bütün tövsiyyələrinə əməl edək. Biz həkimlər iş başındayıq. Siz evdə olun. İnanın, heç kim acından ölməyəcək. Buna bizim dövlət başçımız, ölkəmizin rəhbəri heç cür yol verməz. Hər şeyin bir çarəsi var. Siz sadəcə tövsiyələrə əməl edin, gigiyenik qaydaları unutmayın. Allah hamımızı qorusun".
Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"