Yeni Fondun yaradılması əhalinin sağlamlığı və ölkənin təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır

Dünyanı cənginə alan koronavirusun sürətlə yayılması dəhşətli nəticələri ilə müşahidə olunmaqdaır. İqtisadi, siyasi, sosial münasibətləri iflic vəziyyətə salan xəstəlik artıq dünyanın 176 ölkəsində qeydə alınıb. Xüsusən insan tələfatının günü-gündən artması bəşər övladları arasında təşviş yaranmasına səbəb olub. Ancaq bir fakt var ki, koronavirus xəstəliyinə ciddi yanaşmayan, vaxtında qabaqlayıcı profilaktik tədbirlər görülməyən ölkələrdə daha çox insan itgisi baş verib. Belə ki, səhiyyəsinə milyardlarla dollar vəsait xərcləyən, həsəd doğuran elmi-intellektual potensialı və ən qabaqcıl texnologiyası olan ölkələr belə bu epidemiyanın yayılmasının qarşısını almaqda aciz qaldılar. Azərbaycanda isə koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə bütün mümkün vasitələrə əl atılıb. Belə ki, Azərbaycan koronavirus təhlükəsi yaranandan bəri onun zamanında təsbit edilməsi, geniş şəkildə yayılmasının qarşısının alınması üçün ən qabaqlayıcı tədbirlər görən ölkələr sırasındadır. Prezident İlham Əliyevin tapşırığı ilə dövlətin demək olar ki, bütün qurumlarının səfərbər edilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, Milli Məclisdə epidemiya əleyhinə, sanitariya-gigiyena, karantin rejimlərinin pozulması ilə bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə edilən dəyişiliklər bu qəbildən olan addımlardandır. Qətiyyətlə demək olar ki, Azərbaycan koronavirusla mübarizə üçün səy və vəsaitini əsirgəməyən ən qabaqcıl laboratoriya, avadanlıqlar alan ilk ölkələrdəndir. Koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan dövləti operativ qabaqlayıcı tədbirlərlə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həyata kerçirilən tədbirlərin effektivliyini yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görür. Prezident İlham Əliyev tərəfindən koronavirusla mübarizə sahəsində çalşan tibb işçilərinin əmək haqlarına əlavələrin edilməsi barədə sərəncam imzalanması da məhz bu məqsədə xidmət edir. Belə ki, dövlət başçısının "Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Sərəncamına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib. Onu da qeyd edək ki, Azərbaycan dövləti təkcə ölkə daxilində deyil, eləcə də koronavirusdan əziyyət çəkən ölkələrə öz dəstəyini əsirgəmir. Nazirlər Kabinetinin qərarı ilə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar, İran İslam Respublikasına 5 milyon dollar ayrılması Azərbaycanın dünyada koronavirusla mübarizəyə layiqli töhfəsidir. Sirr deyil ki, koronavirusla mübarizədə dövlətin, xüsusilə prezident İlham Əliyev tərəfindən atılan addımlar da vətəndaşların sağlamlığı və təhlükəsizliyinə hesablanıb. Məhz bu məqsədlə dövlət başçısı Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradlması haqqında sərəncam imzalayıb. Birmənalı şəkildə qeyd etmək olar ki, yeni fondun yaradılması sözügedən infeksiya ilə mübarizənin, onun yayılmasının qarşısının alınmasının, əhalinin sağlamlığının və ölkənin təhlükəsizliyinin təmin olunmasının prioritet əhəmiyyət daşıdığını, Azərbaycan dövlətinin bu məqsədlər üçün zəruri resursları səfərbər etdiyini və müvafiq nəticələrə nail olmaq üçün bütün mümkün vasitələrdən istifadə olunacağını aydın göstərir. Nəzərə almaq lazımdır ki, Fondun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Yeri gəlmişkən qeyd edək ki, fondun vəsaiti koronavirisla mübarizəyə cəlb edilmiş bütün sahələrə yönəldiləcək. Konkret olaraq, fondun vəsaiti tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə, o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə, tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə, tibb sahəsində mütəxəssislərin hazırlanmasına, təbliğat və maarifləndirmə işlərinə, koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə sərf olunacaq. Artıq Azərbaycan Prezidentinin Sərəncamına əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb. Ancaq bu, ölkədə koronavirusa qarşı aparılan mübarizə çərçivəsində dövlətin yeganə maddi dəstəyi deyil. Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə koronavirusun yayılmasının qarşısının alınması üçün tibbi ləvazimatların, avadanlıqların, dərman preparatlarının alınmasına və digər xərclərə 10 milyon manat ayrılıb. Paralel olaraq dövlət tərəfində koronavirusla mübarizə məqsədilə idxal-ixrac əməliyyatlarına da güzəştlər tətbiq edilib. Azərbaycana xaricdən idxal olunduğu nəzərə alınaraq baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı cari ilin iyun ayının 1-dək idxal gömrük rüsumundan azad olunub. Qısa dövr ərzində 4 müasir laboratoriya alınaraq Azərbaycana gətirilib, bununla da ölkədə laboratoriyaların sayı 10-a çatdırılıb. Təhsil müəssisələri bağlanması, kütləvi tədbirlərin qadağan olunması, xüsusi davranış qaydalarının tətbiq edilməsi, ictimaiyyətə ardıcıl məlumatlandırılması, karantin tədbirlərinin həyata keçirilməsi, Azərbaycanın müxtəlif bölgələrində yerləşən on xəstəxana xüsusi rejimdə işinin təmin edilməsi, bir çox ölkələrlə gediş-gəliş məhdudlaşdırılması, aviareyslərin ləğv edilməsi, elektron vizaların verilməsinin dayandırılması, xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsinin qadağan edilməsi və s. addımları nəzərə alaraq, birmənalı şəkildə demək olar ki, Azərbaycan dövləti koronavirusla mübarizə sahəsində kompleks tədbirlər həyata keçirir, vaxtında qərarlar qəbul olununr, onların operativ icrası təmin edilir. Sadalanan faktlar deməyə əsas verir ki, əhalinin sağlamlığı, ölkənin təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet vəzifədir və buna nail olmaq üçün məqsədyönlü siyasət həyata keçirilir. Ölkədə həyata keçirilən koronavirusa qarşı mübarizə tədbirləri onu göstərir ki, aparılan mübarizənin effektli təşkili bir neçə faktora bağlıdır ki, bura da rəhbərliyin yaranmış riskləri düzgün qiymətləndirmək, fors-major hallarda çevik, doğru qərar vermək və təşkilatçılıq bacarığından tutmuş, ölkənin iqtisadi potensialı, orada səhiyyənin durumunadək bir sıra məsələlər daxildir. Təsadüfi deyil ki, Ümumi Dünya Səhiyyə Təşkilatının açıqlamasından da bəlli olur ki, Azərbaycan onun geniş yayılmasına qarşı mümkün çərçivədə effektli mübarizə aparan, bunun üçün həm qlobal, həm də regional müstəvidə öz töhfəsini verməyə çalışan dövlətdir.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31