“Görülən işlərə kölgə salmaqdan əl çəksinlər” - Politoloq

"Prezident İlham Əliyev xalqı bayram münasibətilə təbrik etməklə yanaşı, indiki şəraitdə yaranan ekstremal vəziyyətlə bağlı da müəyyən tövsiyələr verdi".

Bunu Publika.az-a açıqlamasında ölkə başçısının Novruz təbrikini və çıxışında epidemiya ilə bağlı səsləndirdiyi fikirləri şərh edən politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Prezident xalqı həm virusla, həm də bütövlükdə digər məsələlərlə bağlı siyasi həmrəyliyə, konstruktivliyə və birliyə çağırdı: "Ölkə başçısı koronavirus təhlükəsi ilə bağlı məsələlərdə bəzi siyasi qüvvələrin aranı qatmaq, hökumətin gördüyü tədbirləri gözdən salmaq və bütövlükdə Azərbaycan xalqında hakimiyyətin gördüyü müsbət işlərə mənfi münasibət formalaşdırmaq cəhdlərini də pislədi. Prezident bildirdi ki, belə cəhdlər əsassızdır. Bu cəhdlər onların xalq arasında etimadının daha da zəifləməsinə və bütövlükdə siyasi proseslərdən uzaq qalmasına səbəb olur. Prezidentin koronavirusa qarşı mübarizəni milli məsələ adlandırması xalqın taleyini düşünməsindən irəli gəlir. Cənab Prezident vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi tədbirlərə qarşı sayğılı olmağa və onları qətiyyətlə həmin tədbirlərə əməl etməyə çağırdı.

Koronavirus bəşəriyyətin başının üzərini qara bulud kimi alıb. Çindən başlayan virus artıq dünyanı təhdid edir. Ona görə də koronavirus tüğyan edən yoluxucu xəstəlik kimi təqdim edilir. Bu məsələdə adamlarda inamsızlıq yaratmaq, dövlətin gördüyü tədbirləri gözdən salmağa cəhd etmək siyasi mübarizə aparan təşkilatlara yaraşmayan, qurşaqdan aşağı yönəlmiş zərbələrdir. Tənqidi fikirlər səsləndirənlər özləri özlərini nüfuzdan salır. Görülən işlərə töhfə verə bilmirlərsə, yersiz iradlar səsləndirmələri mənasızdır. Əslində onlar da təbliğat-təşviqat prosesində iştirak etməlidirlər. Bu fəallığı göstərə bilmirlərsə, heç olmasa görülən işlərə kölgə salmaqdan əl çəksinlər. Təhdidedici xəstəliyin aradan qaldırılması istiqamətində hökumətin gördüyü işlərə mane olmasınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31