Akademik İsa Həbibbəylinin ədəbi cərəyanlar konsepsiyası

Fil. f. d. Elnarə Qaragözova

Akademik İsa Həbibbəylinin elmi yaradıcılığında ədəbi cərəyanlar konsepsiyası mühüm yer tutur. Akademikin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası İsa müəllimin bu sahədə apardığı çoxillik araşdırmaların, gərgin elmi zəhmətin bəhrəsidir. Əsasını Azərbaycançılıq konsepsiyası təşkil edən monoqrafiyada Azərbaycan ədəbiyyatının dövtləşdirilməsinin yeni variantı əsaslandırılaraq elmi ictimaiyyətə təqdim edilir. Qeyd etməliyik ki, akademik monoqrafiyada Azərbaycan ədəbiyyatı tarixinin 10 dövrdən ibarət təsnifatını təqdim edir:

Qədim dövr Azərbaycan ədəbiyyatı.Etnosdan eposadək (ən qədim dövrlərdən VII əsrə qədər)

Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər)

İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər)

Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)

Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər)

Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr)

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək)

Azərbaycan ədəbiyyatında sosializm realizmi dövrü (1920-1960-cı illər)

Milli - mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980-ci illər)

Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən)

Təsnifatın diqqətçəkən məqamlarından biri  ədəbi cərəyanların ədəbiyyatın tarixi inkişaf dövrləri kimi qeyd edilməsidir. Fikrimizcə, tarix elmindəki ictimai formasiyalar tarix elminin strukturunda  önəmli yer tutduğu kimi ədəbi cərəyanlar da ədəbiyyat nəzəriyyəsinin əsaslarından biridir. Tarixi formasiyalar bəşəriyyətin, ədəbi cərəyanlar  isə bəşəri fikrin əsas sütunlarıdır. Tarixi formasiyalar tarixin, ədəbi cərəyanlar isə ədəbiyyatın inkişafında yeni mərhələlərin, istiqamətlərin başlanmasını özündə ehtiva edir. Tarixi formasiyalar ümumbəşəri olsa da hər xalqın tarixində özünəməxsusluğu ilə seçilir. Ədəbi cərəyanlar da ümumədəbiyyat məsələsi olsa da milli ədəbiyyatlarda həmin cərəyanlar yeni keyfiyyətlər qazanır, özünəməxsus elementləri ilə diqqəti cəlb edir.

Akademik İsa Həbibbəyli yalnız elmi yaradıcılığında deyil, gənc kadrların hazırlanması prosesində də ədəbi cərəyanlar faktoruna xüsusi diqqət yetirir.  2018-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin təşəbbüsü ilə yaradılan və akademikin rəhbərliyi ilə fəaliyyət göstərən "Ədəbi cərəyanlar" sektoru Azərbaycanda ədəbi cərəyanlar probleminin araşdırılması işində mühüm addımlardan biridir. Hal-hazırda sektorda realizm, modernizm, postmodernizm, akademizm ədəbi cərəyanları üzrə araşdırmalar aparılır, əldə edilən nəticələr ölkə daxilində və xaricində dərc edilərək elmi ictimaiyyətə çatdırılır. Qeyd etmək lazımdır ki, "Ədəbi cərəyanlar" sektorunun yaradılmasından qısa müddət keçməsinə baxmayaraq artıq sektorun institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsi ilə birgə "Ədəbi cərəyanlar:poetikası və estetikası" adlı elmi sessiyası keçirilmişdir. Məruzələrin əhatəliliyi və elmi müzakirələrin diapazonu nəzərə alınaraq 2 hissədən ibarət nəzərdə tutulan elmi sessiya 16.07.2019 və 13.02.2020 tarixlərində keçirilmiş və mətbuatda geniş işıqlandırılmışdır.

Akademik İsa Həbibbəylinin elmi fəaliyyətində mühüm yer tutan  ədəbi cərəyanlar konsepsiyası onun yetişdirdiyi gənc  ədəbiyyatşünaslar üçün bir mayakdır. Mayakın  işıqları isə "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasından süzülərək gənc tədqiqatçıları elmin zəhmətli olduğu qədər də şərəfli yollarına səsləyir! 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31