DOST mexanizmi öz uğurunu təsdiq edir- vətəndaşların məmnunluq səviyyəsi 95,8 faizdir
19 Mart 2020 14:12 SosialÖtən ilin may ayından etibarən fəaliyyət göstərən birinci DOST mərkəzimiz və dekabrdan etibarən fəaliyyət göstərən ikinci mərkəzimiz üzrə bu günədək birlikdə 81 min müraciət qəbul edilib. Olaylar" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev prezident İlham Əliyev tərəfindən qəbul edilərkən deyib. Nazir bildirib ki, vətəndaşların məmnunluq səviyyəsi 95,8 faizdir: "Sizin müvafiq fərman və sərəncamlarınızla yaradılmış DOST Agentliyi - DOST mexanizmi öz uğurunu təsdiq edir. Vətəndaşlar bu mexanizmdən çox razıdırlar. Hər bir rayondan bizə müraciətlər gəlir ki, bu şəbəkə sürətli şəkildə genişləndirilsin. Sizin dəstəyinizlə artıq 8 yeni mərkəz üzərində iş aparılır. Onlardan biri yaxın günlərdə açılış üçün hazır olacaqdır. Bu 8 mərkəzdən ikisi Bakıda, digərləri Abşeronda, Sumqayıtda, Qubada, Bərdədə, Şəkidə və Sabirabadda yaradılacaq. Regional DOST mərkəzlərində əlavə olaraq peşə hazırlığı mərkəzi komplekslərinin də yaradılması nəzərdə tutulur. Bu mərkəzlərdə müraciət edən işsiz və işaxtaran vətəndaşlarımızın peşə hazırlığı təmin olunacaq. DOST mərkəzi fəaliyyətə 90 xidmətlə başlamışdı. Sizin dəstəyinizlə xidmətlərin sayı əvvəlcə 126-ya, sonra isə 132-yə qədər artdı. Biz düşünürük ki, yeni məşğulluq xidmətləri də buraya əlavə edildikcə, bu mexanizm təkcə sosial təminat yönümlü deyil, eyni zamanda, məşğulluq və əmək münasibətləri baxımından da geniş nəticə əldə edəcəkdir. "Çağrı" mərkəzi də DOST mərkəzlərinə inteqrasiya olundu. Ona görə də, orada bizim ciddi şəkildə artımımız meydana çıxdı və qısa müddət ərzində artıq Azərbaycanda ən çox istifadə olunan "Çağrı" mərkəzlərindən birinə çevrildi".