Bahəddin Həzi: "O alimlərə biz vaxtında nə vermişdik ki, indi nəsə də alaq?! "
19 Mart 2020 05:49 Sosialİspaniyalı bioloq xanım deyir: "Futbolçular ayda 1 milyon avro qazanır, bioloq isə 1800 avro maaş alır. Gedin, Ronaldo ilə Messi sizi sağaltsın".
Əlbəttə, bu fikirlə mübahisə etmək olar; futbola milyonlarla, milyardlarla insan maraq göstərir. Biologiyaya isə yox. O da ola virusologiya. Və elə iş də ondadır ki, koronavirusdan qabaqkı yaşamımızda maraqlı olan hər şey faydalı olan hər şeydən daha çox dəyərləndirilirdi. Dünənə qədər ortastatistik Azərbaycan insanını hansısa müğənninin ayaqqabısının ölçüsü daha çox maraqlandırırdı, bu gün isə qonşusundakı feldşerin ağzına baxır ki, görsün, koronavirusdan nə deyir. Koronavirus, gördünüzmü, birinci kimi işsiz qoydu. Toy müğənnilərini, duzsuz mütribləri, bar qadınlarını - əyləncə sektorunu.
Yadınızda olar, bir idmançımız gedib hansısa əcnəbi güləşçinin kürəyini yerə vuranda, ya da karateçimiz kiminsə çənəsini sındırıb qayıdanda onları necə qəhrəman kimi qarşılayırdıq. Boyunlarına çələnglər asır, hava limanından evinə qədər zurna-balabanla yola salırdıq. Və dövlət ərkanı, rəsmilər - oliqarxından tutmuş icra başçısına qədər hamısı o idmançılara 100 minlərlə pul-para səpir, şəhərin hər yerində hər kvadraturada ev vermək, ən son model maşınları bağışlamaq üçün basabas salırdılar. Ancaq həmin vaxt millətin bioloqu, mikrobioloqu, biotexnoloqu evə bazarlıq etməyə 100 manat tapa bilmirdi, Kirayəsini gecikdirirdi. Əcnəbinin çənəsinə bir naqolay təpik ilişdirmiş idmançının şöhrətdən və sərvətdən başı gicəllənərkən, boynuna ordenlər asılarkən, bioloq ac oğlunun qabağında boynunu bükürdü. Bəs nə oldu?! Canımızın hayına düşən kimi həkimi xatırladıq?! Baxın, indi boynuyoğun, irigövdəli zənginlər az maaşla ayın axırını birtəhər bağlayan distrofik görünüşlü virusoloqdan vaksin umur. O alimlərə biz vaxtında nə vermişdik ki, indi nəsə də alaq?! Hələ bir lağa da qoyuruq: "Nə?! Bizim alim?! Vaksin?!"
Elmə, alimə xəsislik dünyanı necə cəzalandırdı, gördünüzmü?! Nə futbolmuş! Gördünüzmü, virus gələn kimi ən birinci bağlanan o əzəmətli, həşəmətli idman kompleksləri, nəhəng arenalar oldu. İndi möhtəşəm stadionlarda şanlı derbilər tamaşaçısız oynanılacaq. Biz də "idman dövləti"ydik; göylərdə uçurduq. Elm, bilik, texnologiya dövləti olmadıq, ola bilmədik, ya da istəmədik. Tək biz də yox. İtaliya kimi 7-lərdən biri dövlət! Nə futbollar oynandı o Romada, Valensiyada, Milanda! Nə çempionluqlar! Elə biz də nə oyunlar gördük, nə oyunlar! İndi bu virus çıxan kimi göylərdən yerə düşdük. Yox, mən idmanın əleyhinə deyiləm. İdmançı dostlarım, tanışlarım da var. Onların da əməyinə hörmət edirəm. Ancaq yanlış strategiyalar bizi heç də arzulamadığımız yerə gətirdi. Qərəz, bu koronavirus bəlası həm də bizə dərs verir. Elmin, biliyin, fikrin gücünə deyil, əzələlərin gücünə dəyər verməyimizin necə yanlış olduğunu, təəssüf ki, əyani gördük. Bu virusdan qorxmaq, xoflanmaq nəyə yarayar axı?! Biz bu virusdan öyrənəcəyik. Necə yaşamağı, necə qidalanmağı, necə mübarizə aparmağı öyrənəcəyik. Necə salamat qalmağı, öz dövlətinə, millətinə, elminə, irfanına tutunmağı öyrənəcəyik. Bir-birimizdən qorunmağı öyrəndik indiyədək. Bir-birimizi qorumağı da öyrənəcəyik.
Vəə... İndi, gəlin, o idman komplekslərini hər ehtimala qarşı koronavirus xəstəxanalarına çevirək. Barı bir işə yarasınlar. İnşallah ehtiyac qalmaz!