Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq atır

Söz və mətbuat azadlığı hər bir cəmiyyətdə aşkarlıq, hesabatlılıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən mühüm amillərdən sayılır. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Bəşər tarixi söz və mətbuat azadlığı uğrunda mübarizə səhifələri ilə zəngindir: sivil insan cəmiyyəti formalaşandan azad fikir, sərbəst düşüncə ifadə etməyə və eyni zamanda, dəqiq, obyektiv informasiya almağa ciddi mənəvi-fizioloji ehtiyac duymuşdur.
Cəmiyyətin söz və mətbuat azadlığına qovuşması, hər bir fərdin ayrı-ayrılıqda özünüifadə istəyi əsrlər boyu insanların demokratik ideallar uğrunda mübarizəsinin də başlıca qayəsini təşkil etmişdir.
Bu dəyərlər uğrunda mübarizə ona görə daim aktualdır ki, cəmiyyət və dövlətdən çəkinməyərək öz fikrini ifadə etmək hüququ - özünüifadə azadlığı insan haqlarının ən mühümü, vətəndaşın dövlətin idarə olunması və ona nəzarət edilməsində həqiqi iştirakının əsasını təşkil edir. Bu azadlıqlar insanın cəmiyyətdə layiqli yerini tapmasına, plüralizmin bərqərar olmasına, ən başlıcası, dövlətin demokratik dəyərlərə söykənməsinə şərait yaradır. Müasir dövrdə mətbuat azadlığına münasibət həm də dövlətlərin demokratik dəyərlərə münasibətini ifadə edir, cəmiyyətin siyasi fəallığından xəbər verir.
Söz və mətbuat azadlıqları hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. Bu azadlıqlar tam demokratik idarəetmənin qaydaya salınmasında, zorakılığa əl atmadan istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə, hər bir fərdin özünüifadəsinə şərait yaradır. Söz azadlığı deyəndə, eyni zamanda, insanın fikirlərini yazılı, şifahi və başqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyi başa düşülür. Azad söz, müstəqil fikir uğrunda mübarizə bəşər sivilizasiyasına böyük töhfələr vermiş Azərbaycan xalqının tarixində də mühüm yer tutur. Sözə daim həssas yanaşaraq ona böyük dəyər verən, ucalığını, saflığını, müqəddəsliyini əməli fəaliyyəti ilə qoruyub saxlamağa çalışan azərbaycanlılar əsrlər boyu azad fikir, sərbəst düşüncə naminə mübarizə aparmış, demokratik ideallara sadiq olmuşlar.

Müstəqilliyin ilk illərində mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmamışdır. 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişlər.
Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, silahlı dəstələrə arxalanan müxtəlif siyasi qrupların məkrli iddialarını gerçəkləşdirmək üçün qeyri-qanuni cəhdlər göstərməsi, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum söz, mətbuat, məlumat azadlıqlarının təmin edilməsinə, bu sahədə dövlətin və vətəndaşların mənafelərinin qorunmasına ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı siyasi hakimiyyət çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci il aprel ayının 12-də hərbi senzura tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi. 1992-ci ildə hakimiyyətə gələn AXC-nin bir illik fəaliyyəti dövründə ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyət daha da pisləşmişdi. O zamankı ölkə rəhbərinin 15 aprel 1993-cü il tarixli sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyətini daha da sərtləşdirmişdi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlanmışdır. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. "Jurnalist əməyi qeyri-adi əməkdir, çox səylər və hünər göstərilməsini tələb edən əməkdir" - deyən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.
1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edilmişdir. Konstitusiyaya bu müddəanın daxil edilməsi respublikamızın da qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlir. 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi, eyni zamanda 1966-cı ildə yenə BMT tərəfindən qəbul edilən Mədəni və Siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsi, 1950-ci ildə Romada qəbul edilən Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 10-cu maddəsi bütünlükdə hər kəsin məlumat azadlığını - informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi və yayılması hüququnu təsbit edir.
1996-cı il noyabrın 15-də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin iş metodlarında müsbətə doğru ciddi dəyişikliklər edilmişdir. Buna baxmayaraq, ölkədə demokratikləşmə prosesinin tədricən dərinləşməsi əlavə qərarların qəbulunu da zəruri edirdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" isə vətəndaşların Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açmışdır. Həmin Dövlət Proqramından az sonra Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olmuşdur. Fərman, eləcə də kütləvi informasiya vasitələri əməkdaşlarının beynəlxalq mərkəzlərin tədqiqat və təhsil proqramlarında, beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirakı üçün geniş şərait yaradılmasını nəzərdə tuturdu.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və bu islahatların son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Dövlətimizin başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Qəzetlərin 2001-ci il dekabrın 31-dək olan "Azərbaycan" nəşriyyatına olan 398 min manat məbləğində borcunun dövlət büdcəsindən ödənilməsi, 2005-ci, 2010-cu, 2015-ci illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130, 135, 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin təcəssümüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da məhz ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq atır. Belə ki, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31