Qənirə PAŞAYEVA: "Vətəndaşlarımızı karantindən qorxmamağa çağırıram"

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva koronavirusla bağlı açıqlamasında bildirdi ki, hazırda dünya ölkələri çox ağır vəziyyətlə üzləşiblər. Çindən yayılan virusun digər ölkələrdə yaratdığı acınacaqlı vəziyyətə heç bir dövlət laqeyd qala bilməz və ona görə də bu məsələ bütün ölkələrdə ciddi nəzarətə götürülüb:

"Hətta bəzi ölkələr fövqəladə vəziyyət rejimi elan ediblər, insanların vəziyyəti çox gərgindir, ölüm halları günbəgün artır. Amma Azərbaycanda dövlətin, hökumətin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində bu virus geniş yayılmayıb. Hazırda ölkəmizdə bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Bu baxımdan biz hətta bir çox ölkələri qabaqlayırıq. Dünyanın bəzi ölkələrində fövqalədə vəziyyətlə bağlı çox ciddi qərarlar qəbul edilib. Avropa ölkələrinin bir çoxu hava uçuşlarını dayandırıb, sərhədləri bağlayıb. Azərbaycan da artıq Rusiya, İran, Gürcüstan ilə sərhədləri bağlayıb. Xarici ölkələrdə olan vətəndaşlarımızın gətirilməsi üçün tədbirlər davam etdirilir. Ölkəyə gələn vətəndaşlarımızın karantinə alınması prosesi də uğurla aparılır. Belə qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə bu virusa yoluxanların sayı cəmi 25 nəfərdir. Onlardan artıq 7-si evə buraxılıb, digərlərinin də vəziyyəti ağır deyil".

Q.Paşayeva bildirdi ki, Azərbaycanda karantin məsələsinə çox ciddi nəzarət olunur: "Bu məsələ birbaşa ölkə başçısının nəzarəti altındadır. Yəni dövlət vətəndaşlarımız üçün bütün zəruri tədbirləri görür. Amma vətəndaşlarımız da bu məsələdə diqqətli olmalı, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verməlidirlər. Birincisi, dezinformasiya xarakterli məlumatlara inanmaq olmaz. Sosial şəbəkələrdə, VhatsApp qruplarında naməlum şəxslərin yaydığı səs yazılarına əhəmiyyət verilməməlidir. Yəqin ki, cəmiyyətdə panika, ajiotajın yaradılmasına xidmət edən belə şəxslər müəyyənləşdiriləcək və onların barəsində ən sərt tədbirlər görüləcək. İkincisi, gigiyena qaydalarına hər zamankından daha çox diqqət etməliyik. Çünki bu, hava-damcı infeksiyasıdır. Gün ərzində əllərimizi bir neçə dəfə sabunla yumalıyıq. Spirtdən tez-tez istifadə etmək də doğru deyil. Bunun üçün xüsusi sabunlar, antiseptik məhlullar var. Yaxşı olar ki, onlara üstünlük verərək, dezinfeksiya tədbirlərini həyata keçirək. Ən əsası isə insanların çox olduğu qapalı məkanlardan uzaqda olmaq, bir müddət kütləvi tədbirlərə, yas, toy məclisləri ilə bağlı dövlətin qərarına əməl etmək lazımdır. Toy, yas, ad günü mərasimlərinin qadağan olunmasına insanlar müsbət yanaşmalıdır. Bu, onların sağlamlığına xidmət edən, xəstəliyə yoluxmamaq üçün qəbul edilən qərardır. Hətta, insanlar çox ehtiyac yoxdursa, evdə oturmağa üstünlük verməlidirlər. Vacib hallarda bayıra çıxanda isə ictimai nəqliyyatdan istifadə edənlər gigiyenik qaydalara xüsusi diqqət yetirməlidir. Çünki ictimai nəqliyyatda hər hansı virusun yayılma imkanları daha  genişdir. Buna görə də insanlar qoruyucu vasitələrdən daha ciddi istifadə etməli və öz təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmalıdırlar".

Q.Paşayeva bildirib ki, eyni zamanda yaxınlarında, ailəsində koronavirusa yoluxmasından şübhələndiyiniz insanlar varsa, bunu gizlətməyə çalışmaq lazım deyil: "Çünki bunu etməklə həmin insanlar həm öz ailəsini, ətrafındakıları, həm də cəmiyyəti təhlükə altına atır. Ona görə də belə halla rastlaşanda mütləq, tibb ocağına, yaxud mütəxəssisə müraciət etmək lazımdır. Koronavirus aşkarlanmış insanlar müalicə olunmalıdır. Çünki bu günə qədər bu virusa yoluxanların əksəriyyəti müalicə olunub. Azərbaycanda virusla bağlı ağırlaşmış vəziyyət müşahidə edilmir".

Deputat əhalini karantin sözündən qorxmamağa çağırıb: "Virusun yayıldığı riskli ölkələrdən Azərbaycana gələnlər karantinə getməlidir. Bunu anlamaq lazımdır ki, karantin ilk olaraq, həmin şəxsin özünə, sonra onun ailəsinə lazımdır. Qeyd etmək lazımdır ki, sərhəd-keçid məntəqələrində xüsusi risk daşımayan ölkələrdən gələnlər də yoxlanılır. Həmin şəxslərdə virus göstəriciləri olmadıqda onlar evə buraxılır, lakin həmin insanlarla da mütəmadi əlaqə saxlanılır, vəziyyətləri öyrənilir. Biz çalışmalıyıq ki, özümüzü, ailəmizi, cəmiyyətimizi qoruyaq. Əgər insanlar fərdi şəkildə bunu etməkdə maraqlı olmasa, dövlət nə qədər tədbir görsə belə, bu məsələdə kifayət qədər nəticə əldə edə bilməyəcəyik. Bu gün Azərbaycan xəstəliyə yoluxanların sayına görə, ən yaxşı vəziyyətdə olan ölkələr sırasındadır. Bu durumu qorumaq lazımdır. Bu virusun artması ehtimalına qarşı birlikdə mübarizə aparmalıyıq.

Virusun dərmanı tapılmayıb, hətta dünyanın inkişaf etmiş ölkələri belə virusun qarşısını ala bilmirlər. Səhiyyəsi yüksək inkişaf etmiş Almaniya, İtaliya, Fransa, İspaniya və digər Avropa ölkələrində vəziyyət acınacaqlı haldadır. Həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən biri də hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir. Heç bir ölkə və şəxs heç nədən sığortalanmayıb. Ona görə də vətəndaşlarımız vəziyyətin ciddiliyini başa düşərək dövlətin gördüyü tədbirlərə dəstək verməlidir. İnsanların hər biri fərdi qaydada bu tədbirlərə öz töhfəsini verməlidir. Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu və Səhiyyə komitələrinin birgə keçirdiyi iclasında bu məsələləri 2 saat  müzakirə etmişik. Bütün suallar ətrafında geniş müzakirələr apardıq. İnsanlarımızda psixoloji panikanın yaranmasını yolverilməz hesab edirik. Panika insanlara virusdan daha çox ziyan verə bilər. Məsələnin ciddiyyətini dərk edərək, sadəcə göstərilən tövsiyələrə əməl etmək kifayətdir".

Z.BƏŞİRQIZI,
"Xalq qəzeti" 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31