Antisanitar şəraitində satılan balıq koronavirus təhlükəsini artırır -TƏHLİL
Antisanitar şəraitinda satılan balıq koronavirus təhlükəsini artırır-TƏHLİL
16 Mart 2020 13:33 SosialNovruz süfrəsi üçün balıq alanda nələrə diqqət edilməlidir?
Novruzun əsas atributlarından biri Novruz süfrəsidir ki, inanclarımıza görə, süfrəyə düzülən nemətlər nə qədər bol, çeşidli olarsa, il bir o qədər bərəkətli olar. Qədim zamanlarda belə bir inanc da vardı ki, əgər ailə bütün lazımi nemətləri süfrəyə qoyurdusa, bu, həmin ailənin özünütəsdiqindən xəbər verirdi. Novruz bayramında süfrənin əsas özəlliyindən biri də budur ki, süfrəyə şirin yeməklər qoyulmalıdır. Şirniyyatlardan paxlava, şəkərbura, şirin qoğal, badambura və s. saymaq olar. Bundan başqa, qovurğa qovrulur, müxtəlif şərbətlər, milli ickilərə yer verilir. Adətə görə, süfrəyə "s" hərifi ilə başlayan 7 növ ərzaq qoyulur. Bununla yanaşı, Azərbaycanın bəzi bölgələri var ki, Novruz süfrəsində mütləq balıq olmalıdır. Məsələ orasındadır ki, hazırda paytaxt küçələrindəki balıq satışında heç bir gigiyenik qaydalara riayət olunmur. Belə ki, balıqlar küçənin ortasında açıq şəraitdə müştərilərə təklif olunur. Polimer qablarda saxlanılan diri balıqlar çabalayaraq yerə düşür, satıcı tozlu-torpaqlı balığı yenidən yerinə qaytararaq alıcılara sırıyır. Xüsusən səhər saatlarında yüzlərlə insan qeyri-qanuni ovladığı balığı satışa çıxarır. Başqa sözlə, böyük bir qismi bundan dolanışıq mənbəyi kimi istifadə edilir. Problem ondan ibarətdir ki, hazırda satışa çıxarılan balıqların əksəriyyətinin dəniz və çaylarda deyil, adicə su kanallarında ovlandığı bildirilir. Sirr deyil ki, hazırda koronavirusun yayıldığı şəraitdə belə balıqlar insan orqanizmi üçün təhlükəli hesab olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz balıq ovu ilə bağlı reydlər davam etdirməsinə baxmayaraq bütövlükdə kanallardan balıq ovunun qarşısını almaq mümkün olmayıb. Belə ki, Mil-Muğan və Şirvan kanallarında, eləcə də Baş Şirvan və Baş Mil-Muğan kollektorlarında qanunsuz qurulmuş xeyli tor, balıq tutmaq üçün digər qanunsuz vasitələrin yerləşdirildiyi bildirilir. Daha dəhşətlisi odur ki, balıq ovu Bakıətrafı kanalizasiyalarda aparılır. Belə ki, brakonyerlər balıq tutmaq üçün çaya elektrik cərəyanı buraxırlar. Mütəxəssislərin fikrincə, balığın haradan və necə tutulması da əsas şərtdir. Məsələn, bir vaxtlar Kürün Zərdab rayonundan keçən hissəsində brakonyerlərin balıq tutmaq üçün istifadə etdiyi vasitə əhali arasında zəhərlənməyə səbəb olmuşdu. Mütəxəssislərin fikrincə, kanalizasiya sularında yaşayan balıqların satışı qadağandır. Çünki bu cür balıqlar toksiki maddələrlə zəhərlənir. Buna görə də bu cür balıqları yemək olmaz. Toksinlər bağırsaq yollarına gedir və orqanizmdə müxtəlif xəstəliklər yaradır. Məhz bu kimi halların nəticəsidir ki, hər il xeyli sayda balıqdan zəhərlənmə halları qeydə alınır. Ölkədə qanunsuz ov hallarının qarşısının alınması istiqamətində mütəmadi reydlərin davam etdirilməsinə baxmayaraq bazarlarda, özü də antisanitar şəraitdə satışa çıxarılan balıqların sayı kifayət qədərdir. Bəs, keyfiyyətli balığı necə müəyyənləşdirmək olar?
Əvvəla onu qeyd edək ki, tərкibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq və balıq məhsullarının insanların sağlam qidalanmasında xüsusi əhəmiyyəti var. Fizioloji normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq istehlaк etməlidir.
Ticarət şəbəkələrində əsasən diri, hisə verilmiş və qaхac edilmiş, duzlu balıq, balıq кonservləri və digər dəniz məhsulları satılır. Məlumata görə, istehlakçılar hazırki şəraitdə balıq alarkən bir sıra vacib məsələlərə diqqət yetirməlidirlər. İlk növbədə nəzərə alınmalıdır ki, təzə balığın dərisinin səthi təmiz, az miqdarda şəffaf selik ilə örtülü, pulcuqları hamar və parlaq, dərisi ətinə möhkəm yapışmış olur. Keyfiyyətli təzə balığın gözləri şəffaf, parlaq olur. Qəlsəmələrin arasını iylədikdə spesifik təzə balıq iyi hiss olunur. Təzə balığın qəlsəməsi tünd qırmızı, köhnə balıqlarda isə boz rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır. Basıldıqda əmələ gələn batıq tez hamarlanır. Təzəlik dərəcəsinin itməsi ilə əlaqədar olaraq balıq ətinin ağ rəngi itir, çəhrayı, qırmızı, qonur rənglər yaranır.
Balıq məhsulları alarkən istehlakçıların üzləşdiyi başlıca problem balığın saxlama müddətinin keçməsidir. Təzə balıqdan spesifik çürümə iyi gəlməməlidir. Balıq köhnəldikcə selik şəffaflığını itirir, ağ, sarı, boz və s. rənglərə çalır. Xarab olma dərəcəsindən asılı olaraq qəlsəmələrin rəngi qırmızı-qəhvəyi, çəhrayı və s. dəyişə bilər. Qəlsəmələrin üzərindəki selik qatı təzə balıqlarda şəffaf və rəngsiz olur. Saxlama müddətinin ötməsi nəticəsində balığın gözünün rəngi bulanıqlaşır. Dövlət xidmətinin məlumatında bildirilir ki, balıq məhsullarının növündən asılı olaraq onların saxlanma müddəti, şəraiti və temperaturu da müxtəlifdir. İlin isti vaхtlarında müvafiq şəraitdə təzə balığı mağazada 24 saat, soyuq vaхtlarda 48 saat saхlamaq olar. Duzlu balıq çəlləklərdə duzlanma səviyyəsindən asılı olaraq 4-9 ay, yeşiklərdə 4 aya qədər, xüsusi paketlərdə vakuum şəraitdə 20-35 sutka, vakuumsuz şəraitdə 10-15 sutka, hisə verilmiş və qaxac edilmiş balıqlar 2 aya qədər müddətdə saxlanıla bilər. Qurudulmuş balıq mənfi 8-10 dərəcədə 8-10 ay saxlanıla bilər. Qida üçün hazır olan və hermetik qablarda daha çox saxlanıla bilən məhsullardan olan balıq konservlərinin saxlama müddəti isə məhsulun növündən, qablaşdırılmasından və saxlama şəraitindən asılı olaraq 6 aydan 3 ilədək müəyyən edilir.
Bazarlarda, yarmarkalarda və digər ticarət obyektlərində sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı qadağan edilir. Nəzərə almaq lazımdır ki, keyfiyyətsiz balıq və balıq məhsullarının istehlakı insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Bunun baş verməməsi üçün balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir.
Nurlan
Olaylar.az