“İRS” jurnalı Vyetnam dilində
5 Mart 2020 15:39 SosialAzərbaycanın "İRS" jurnalının Vyetnam dilindəki növbəti buraxılışı işıq üzü görüb. Olaylar.az bildirir ki, bu buraxılışda Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti cənab Truong Tan Sangın məqaləsi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi, Vyetnam Dostluq Təşkilatları İttifaqının Sədri səfir xanım Nguyen Phuong Nganın məqaləsi, habelə Azərbaycan tarixi və mədəniyyətini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini əhatə edən bir sıra materiallar nəşr olunub.
Sözügedən buraxılışda Vyetnamın sabiq prezidenti cənab Truong Tan Sangın həyat yoldaşı xanım Mai Thi Hanhın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın hədiyyə etdiyi Azərbaycan milli geyimində fotoları əks olunub.
Məqalədə Vyetnamın sabiq prezidenti cənab Truong Tan Sang Vyetnam-Azərbaycan münasibətlərinə toxunmuş, ölkəmizə 2015-ci ildəki rəsmi səfərini və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşləri xatırlayır, ikitərəfli əlaqələrin yaxın keçmişi və gələcəyi ilə bağlı fikirləri ilə bölüşür.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müsahibəsində 2019-cu ildə təntənəli surətdə qeyd olunan Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə bağlı yarandığı tarixdən etibarən keçən dövr ərzində Azərbaycan diplomatiyasının nailiyyətləri və qarşısında duran çağırışlar, habelə dövlət başçımız cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən Azərbaycan xarici siyasətinin prioritetləri və Azərbaycan ilə Vyetnam arasında mövcud münasibətlərdən bəhs edir.
Vyetnam Dostluq Təşkilatları İttifaqının Sədri səfir xanım Nguyen Phuong Nga isə öz məqaləsində 2019-cu ildə 60 illiyi qeyd olunan Vyetnam Prezidenti Ho Chi Minhin 1959-cu ildə Azərbaycana səfərini xatırlayaraq ötən müddət ərzində iki ölkə arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən neft-qaz və təhsil sahələrindəki əməkdaşlıq, 2015-ci ildə Hanoy şəhərində təsis edilən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəaliyyəti və dövlətlərarası münasibətlərimizdə müstəsna rol oynayan xalq diplomatiyasının əhəmiyyətindən bəhs edir.
Həmçinin "İRS" jurnalının Vyetnam dilindəki bu buraxılışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, habelə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi, Novruz bayramının qeyd olunması və sənət nümunələrinin şəkillərini əks etdirməklə xalqımızın əl işləri ilə bağlı məqalələr də öz əksini tapıb.

