Ombudsman təsisatı ilə UNICEF arasında əməkdaşlığa dair fəaliyyət planı imzalanıb
Ombudsman təsisatı ilə UNICEF arasında əməkdaşlığa dair fəaliyyət planı imzalanıb
5 Mart 2020 11:05 SosialAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardini qəbul edib. "Olaylar" xəbər verir ki, Ombudsman UNICEF-lə səmərəli əməkdaşlığın əhəmiyyətini, birgə tədbirlərin və mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, gələcək fəaliyyətin yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edib.Səbinə Əliyeva Milli İnsan Hüquqları Təsisatı olaraq uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən tədbirlər, o cümlədən müstəqil monitorinq mexanizmi kimi əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən və əməkdaşlıq imkanlarından danışıb.
E.Karvardin Azərbaycan Ombudsmanının əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini, dövlət uşaq müəssisələrində Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən birgə işləri yüksək qiymətləndirib. Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planında əksini tapmış və uşaq hüquqları ilə bağlı müraciətləri də nəzərə alacaq Ombudsmanın vahid Qaynar Xətt xidmətinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb, imzalanan fəaliyyət planı üzrə gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub. Yekunda Ombudsman təsisatı ilə UNICEF arasında birgə əməkdaşlığa dair fəaliyyət planı imzalanıb.