Emosianal sağlamlıq - İnsan təcrübəsinin hissi fundamenti

Emosianal sağlamlıq - İnsan təcrübəsinin hissi fundamenti

İnsanların dünyada düzgün həyat və fəaliyyət göstərməsi üçün bir çox amillərin yerində olması vacibdir. Bunların ən başlıcası insanların sağlamlığıdır. İnsan bədəni sağlam olmadıqca heç bir normal fəaliyyətdən və inkişafdan söz gedə bilməz. İnsanların fiziki sağlamlığı qədər emosianal sağlamlığı da olduqca əhəmiyyətlidir. Bizim hər bir emosiyamız beynin müəyyən sistemini fəallaşdırır, hərəkəti dəyişməyə, yeni vəziyyətə uyğunlaşmağa yönəldir. Məsələn, qorxu hissi bizdə "qaçmaq" fikrini oyadır: qanda adrenalin ayrılır, ürək əzələsinin, tənəffüs sisteminin işi güclənir, arterial təzyiq yüksəlir, nəbzin vurması sürətlənir, maddələr mübadiləsi orqanlarının işi zəifləyir. Narahat dünyamız o qədər gərginləşmişdir ki, insanın daşıdığı psixi yük gündən-günə, saatdan-saata artır. Qəzetdən, radiodan, televiziyadan, eləcə də ayrı-ayrı adamlardan alınan informasiyalar insana güclü təsir göstərir. Təkamül nəticəsində insanda bir çox özünü qoruma mexanizmləri əmələ gəlmişdir. Bunların bir çoxu "mənfi emosiyalar" adlanır. Məsələn, qorxu hissi, ağrı hissi, utancaqlıq hissi və s. Məhz bu tip mənfi hesab edilən emosional durumların sayəsində insan orqanizmi ətraf mühitə uyğunlaşaraq öz tamlığını və toxunulmazlığını qorumağa cəhd göstərir. Bu, həm fizioloji və həm də psixoloji sferada baş verir. Bütün bunların hamısı yaşamaq uğrunda mübarizənin elementləri olmaqla bir məqsəd daşıyır - sağ qalıb, həyatı davam etdirmək.

Psixologiyada yer alan faktlara görə, emosional halın dəyişməsi orqanizmin bütün orqan və sistemlərinə təsir edərək olduqca mürəkkəb bioloji reaksiyalara səbəb olur. Misal üçün, müsbət emosional reaksiyalar zamanı qanda şəkərin, katexolaminlərin miqdarının, mənfi emosional reaksiyalarda isə adrenalinin, serotoninin miqdarının artması buna misal ola bilər. Ümumiyyətlə, insan daim xarici və daxili aləmdən gələn qıcıqların təsiri altında ya şənlənir, ya da kədərlənir. Xəstəlik nəticəsində meydana çıxan ağrı, aclıq, soyuğun təsiri narazılıq hissini, yaraddır. Xoş xəbər eşitmək, dost ilə görüşmək isə insanı razı edir. Bütün bunlar əhvala təsir göstərir. Əhvalın həddi bütün qıcıqların cəminə bərabər olur. Gün ərzində bu göstəricilər dəfələrlə dəyişə bilər. Əhval-ruhiyyənin vəziyyəti hər bir şəxsin anadangəlmə fərdi xüsusiyyətləri, temperamenti, xasiyyəti ilə də əlaqədardır. Həyatda nikbin adlandırdığımız adamlar, əhvalı bədbib olardan kəskin fərqlənir. Belə ki, az əhəmiyyətli, mənfi bir qıcıq nikbin adamların vəziyyətinə bəzən heç bir təsir göstərməsə də, bədbin adamlarda xeyli davam edən məyusluğa səbəb olur.

Tez-tez rast gəlinən emosiya pozuntularına laqeydlik, emosional kütlük, hipertimiya, hipotiniya, eyforiya, disforiya, qorxu, təşviş, həyacan emosional ləbillik, emosional kövrəklik, emosional ambivalentlik, emosional kütlüyü hesab olunur. Məsələn, emosional kövrəklik zamanı xəstə olduqca yazıq, asanlıqla göz yaşı axıtmağa hazır olan görkəm alır. Beynin damar, üzvi, intoksikasion və infeksion xəstəlikləri zamanı rast gəlinir. Laqyedlik zamanı isə xəstə yaxın adamlara, ətrafda cərəyan edən hadisələrə qarşı biganə olur. Amma bu zaman şəxs, marağına, instiktiv tələblərinə laqeyd qalmır.

Alimlər bu nəticəyə gəlmişlər ki, stresin əsasını çox vaxt onu doğuran hadisəyə münasibət təşkil edir. Təhlükənin obyektivliyinin necəliyi o qədər vacib deyil, başlıcası, onun necə qiymətləndirilməsidir. Qəfil və əsassız qorxu, yaxın adamın hərəkətlərinin düzgün şərh edilməsi, həqiqi ziyan və təhlükə baş vermədiyi halda bu barədə yalan məlumat da real təhlükə kimi stress üçün səciyyəvi olan fiziki və biokimyəvi təsir oyadır.

Psixoloq Leyla Ramazanlı bildirib ki, emosiyalar tələbatların təzahürünün subyektiv forması kimi çıxış edir. Emosiyalar insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir. İnsan hiss və emosiyaların köməyilə gündəlik həyatında rastlaşdığı bioloji, psixoloji, sosial gərginliklərdən azad olur. Bu psixoterapevtik funksiya kim hiss və emosiya əslində bədənlə şüurun birgə fəaliyyətinin son məhsulu və ya təzahür formasıdır.  Hiss və emosiya diqqət, hafizə, duyğu, qavrayış, təfəkkür, təxəyyül və orqanizmin mürəkkəb kombinasiyasıdır.

İnsanın psixi həyatı çoxcəhətli,  rəngarəng olsa da o vəhdətdədir. İdrak prosesləri (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, təxəyyül, nitq) emosiya və hisslərlə dialektik vəhdət təşkil edir. Bu köklü qanunauyğunluq müasir təlim nəzəriyyəsi üçün fundamental əhəmiyyətə malikdir. Başqa sözlə desək insanda müəyyən hiss və emosional hal doğuran qıcıqlandırıcı (söz, hərəkət, hadisə, cism, və s.) yaddaşda daha yaxşı saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovşağında önəmli bir fenomen - emosional hafizə fenomeni əmələ gəlmişdir ki,  orqanizmin relaksasiyasına kömək edir.

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31