Nüvə tədqiqatlarına dair əməkdaşlıq sazişi imzalandı

Nüvə tədqiqatlarına dair əməkdaşlıq sazişi imzalandı

Bakı Dövlət Universitetində Qazaxıstan Respublikasının Energetika Nazirliyi yanında Nüvə Fizikası İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və Bakı Dövlət Universiteti arasında nüvə tədqiqatlarına dair çoxtərəfli bəynəlxalq əməkdaşlıq sazişinin imzalanma mərasimi keçirilib.

Olaylar.az bildirir ki, BDU-nun rektoru Elçin Babayev qonaqları salamlayaraq ölkəmizdə elm və təhsil sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən, o cümlədən, BDU-nun beynəlxalq əlaqələrindən bəhs edib. Bakı Dövlət Universitetinin yeni inkişaf strategiyasından, təhsil, tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi sahəsində görüləcək işərdən danışaraq birgə əməkdaşlığın bu istiqamətdə faydalı olacağını vurğulayıb.

Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxışında Rusiya və Azərbaycan arasında elmi əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini bildirib.

Qazaxıstan Respublikasının Energetika Nazirliyi yanında Nüvə Fizikası İnstitutunun baş direktoru Erqazi Kenjin ölkələrimiz arasında qarşılıqlı elmi əməkdaşlığın perspektivlərindən söz açaraq əməkdaşlıq sazişinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək, müştərək elmi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini önə çəkib. AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev birgə əməkdaşlığın əhəmiyyətini önə çəkərək, bugünkü sazişin tərəflər arasındakı elmi əlaqələri daha da dərinləşdirəcəyinə əminliyini ifadə edib.

Sonra nüvə tədqiqatlarına dair çoxtərəfli bəynəlxalq əməkdaşlıq sazişi imzalanıb.

Saziş qarşılqlı əməkdaşlıq şəraitində tərəflərin elmi-texniki və tədris əlaqələrinin genişləndirilməsi, müştərək innovativ tədqiqat layihələrinin işlənib hazırlanması, birgə konfrans, seminar və simpoziumların, elmi-tədqiqat işlərinin və qrant layihələrin həyata keçirilməsi, elmin son uğurlarından birgə bəhrələnmək məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31