İlahiyyat İndtitutunun tələbələri Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyini ziyarət ediblər
İlahiyyat İndtitutunun tələbələri Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyini ziyarət ediblər
3 Mart 2020 12:11 SosialAzərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyini ziyarət ediblər. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tələbələr muzeyin girişində asılmış rəsm əsərləri ilə tanış olublar. Rəsm əsərləri soyqırımı qurbanlarının matəm sükutunu özündə əks etdirir. "Xocalı fəryadı" adlı rəsm əsəri buna əyani sübutdur. Həmçinin muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci il fevralın 26-da Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində ucaldılmış "Ana fəryadı" abidəsinə keçirilmiş yürüşünün irihəcmli fotoşəkli yerləşdirilib.
Muzeylə tanışlıq zamanı tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağıdılıb viranə qoyulmuş görüntüləri, əhalinin həyat tərzi əks etdirən fotolar haqqında məlumat verilib. Muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.