Röyanın 4 günlük konsertinin vaxtı dəyişdirildi - Koronavirusa görə

Röyanın 4 günlük konsertinin vaxtı dəyişdirildi - Koronavirusa görə

Xalq artisti Röya Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq 6, 7, 8 və 9 mart tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan "Nazlı" adlı solo konsertinin tarixini dəyişdirib.

Müğənni nəzərdə tutulan 4 günlük solo konsertin hər birində 3000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq Azərbaycanda və dünyada aparılan profilaktik tədbirlərə, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq bu qərarı verib: "Bu tipli kütləvi tədbirlərdə virusun yayılma təhlükəsini nəzərə aldıq. Bizim üçün insanlarımızın, sevimli tamaşaçılarımızın səhhəti ilə bağlı məsələlər vacib olduğu üçün həyata keçirilən profilaktik tədbirlərə dəstək göstərmək qərarını verdik".

Xalq artisti Röya solo konsertinin yeni tarixi barədə əlavə məlumat veriləcəyini qeyd edib.

Mart ayındakı konsertə bilet almış şəxslər yaranmış suallarla əlaqədar şəhərin müvafiq kassalarına müraciət edə bilərlər.

Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31