Qurman əhvalatı -2 -Elçin Hüseynbəyli yazır

Belə belə işlər

 Elçin Hüseynbəyli

-Bəlkə yeməyə duz əvəzinə şəkər atmısan? - Sual vermirəm, yavaşca qulağına pıçıldayıram.

Bir müddət mat-məhəttəl üzümə baxır, sonra şkafın aşağı siyirməsini açır, yarımkiloluq bir banka götürür, şəhadət barmağını onun içinə salır, dodağına vurub tamsınınr. Sonra daha bir banka çıxarır, ona da eynilə barmağını toxundurur, tamsınır. Mənə tərəf baxıb, başını bulayır. Anlayıram ki, mən deyəndir, amma yekə stolun ətrafında oturub nə barədəsə qızğın mübahisə edən qonaqlar bunu görmür...

Yəqin başa düşdünüz. Mən baməzə dostumun "ikinci qurman əhvalatı"nı danışmaq istəyirəm. Ona görə də başdan başlayaq:

-Bir dostumla Gədəbəyə getmişdik. Martın əvvəlləriydi. Belə danışmışdıq ki, bir-iki gün kənddə qalaq, odun peçinin (sobasının) böyründə oturub kəklikotu çayı içək, elə peçin üstündəcə Gədəbəy kartofundan bişirib yeyək.

İlk gün hər şey biz dediyimiz kimi oldu. Amma bir səhər durduq ki, o qədər qar yağıb, gəl görəsən. Dağlar, bağlar, ağaclar, yer-yurd - bir sözlə hamısı ağappaqdır. Yalnız qarın üstündə atılıb-düşən sərçələri seçmək mümkündür. Məcbur olub, yollar açılana kimi kənddə qaldır. Bir həftə ərzində gəlib-gedənləri barmaqla saysan qurtarmaz. Qaz gətirən kim, hinduşka qonaqlığı verən kim.

Nəsə. Bir dostumuz dedi ki, sabaha bizə yaxşı bir erkək toğlu gətirəcək və elə bir toğludur ki, bütün Gədəbəyi axtarsan ona çatanı olmaz.

Deyilən vədə toğlu da gəldi, dost-tanışlar da. Toğlunu elə artırmadaca kəsdilər. Doğrudan da kök bir toğluydu xrustal kimi əti vardı. Kəndin xörək bişirəni Sabiri də çağırdılar. Dedilər ki, onun asdığı qazana söz ola bilməz, bir buğlama bişirər ki, barmağının beşini də yalayarsan. Bəır başdan deyim ki, xörək bşirənə söz ola bilməzdi, di gəl ki, xırda bir nüans olmasaydı.

Deməli, Sabir kişi əti doğradı, qazanı asdı. Ət qaynara düşəndən, ədviyyası vurulandan  sonra onun iy-qoxusu evi başına götürdü, hələ, yəqin qonşuların da burnunu yaxşı mənada qıcıqlandırıb. Yeməyin qoxusu yayıldıqca biz də acırdıq. Hövsələmiz daralırdı.

Bir də baxdım ki, Sabir kişi xörəyin suyundan bir qaşıq götürüb ağzına vurdu, amma ağlı bir şey kəsmədi, gedib bir ovuc duz da gətirib əlavə elədi, qarışdırdı, yenə də ağzına vurdu və yenə də bir ağıl eləmədi. Bax onda yuxarıda dediyim xırdaca dialoq baş verdi. Sən demə, siyirmədəki bankalar bir-birinin oxşarıymış: birində duz, o birisində şəkər tozu və Sabir qardaşımız çaşıb yeməyə duz əvəzinə, şəkər atıb.

İş-işdəın keçmişdi. Dedim ki, yeməyə çoxlu duz at, onda şirinliyi bir o qədər də bilinməz. O da mən dedyim kimi elədi...

Yemək buğlana-buğlana ortaya gəldi. Acmışdıq deyə ağzına-bozuna baxmadan hərəmiz bir tikə götürüb dartışdırmağa başladıq. Birdən qonaqlardan kimsə dedi ki, ət, elə bil, şirin dadır. Sabir kişi də bir az pərt olmuşdu. Onu vəziyyətdən çıxarmaq üçün belə dedim: "Ay gədəbəylilər, bəs siz necə dağ adamısınız ki, yaz ağzı heyvanlara şəkər yalatdırmağı bilmirsiniz. Çünki yaz ağzı heyvanın vitamini azalır, arıqlayıb əldən düşür, ona görə də ona şəkər yalatdırırlar ki, sağlam və kök olsun, indi ətini yediyimiz toğlu kimi..."

Yəqin ki, mən qonaq olduğuma, həm də başqa rayondan olduğuma  görə onlar mübahisə eləmədilər. Çünki elə başa düşdülər ki, yəqin mən düz deyirəm, bir az da dərinə getsələr, bu barədə daha geniş bilgilər sərgiləyəcəm...

Yeməyimizi yeyib, üstündən də kəklikotulu çay içdik və gecə yarısına qədər şirin-şirin söhbət elədik.

Sabir kişi həmin axşam mənə qulluq eləmək üçün əldən-ayaqdan getdi və hamı da bunu mənim qonaq olmağıma yozdu...

Mart, 2020

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31