Azərbaycan məktəblərində rus bölməsi üzrə 11 ibtidai sinif müəlliminə ehtiyac var
Azərbaycan məktəblərində rus bölməsi üzrə 11 ibtidai sinif müəlliminə ehtiyac var
2 Mart 2020 15:38 SosialMüəllim ehtiyacı əsasən Abşeron və Saatlı rayonlarında üstünlük təşkil edir
Martın 2-də Təhsil Nazirliyində birinci sinfə qəbulla bağlı mətbuat konfransı keçirilib.
Olaylar.az xəbər verir ki, konfransda I siniflərə şagird qəbulu üçün məktəb seçiminin tarixləri açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib ki, martın 10-dan etibarən 2020-2021-ci dərs ilində ölkənin bütün ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbuluna onlayn qeydiyyat aktivləşdiriləcək: "Məktəb seçimi martın 13-dən sentyabrın 15-dək həyata keçiriləcək. Ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla). Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn martın 10-dan 13-dək şəxsi kabinetdən ərizəni çap edib məktəbə təqdim etməlidir".
Müdir müavini qeyd edib ki, I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədi ilə Alternativ Qeydiyyat Mərkəzləri də fəaliyyət göstərəcək: "Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, Alternativ Qeydiyyat Mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən həftənin III və V günləri Apelyasiya komissiyalarına müraciət edə bilərlər. I sinfə şagird qəbulu elektron sistemində 105 mindən artıq 5 yaşa qədər uşaq üçün avtomatik sorğu yerləşdiriləcək. Çünki bu sayda uşaq hazırda məktəbəqədər hazırlıq qruplarındadır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün bu il də elektron qaydada keçiriləcək. 7 yaşı tamam olan uşaqlar üçün də proses eyni qaydada aparılacaq".
Təhsil Nazirliyinin Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun məsləhətçisi Elçin Kərimov isə vurğulayıb ki, 105 min uşağın içərisində 6,8 %-i (7 200) təhsilini digər dillərdə alır: "Bunun da 3 500-ü Bakının, 3 700-ü isə regionların payına düşür". O əlavə edib ki, müsahibə komissiyalarının şifahi nitq bacarığını yoxlaması zamanı həmin uşaqların 9 faizə qədəri qeyri-qənaətbəxş cavab alıb.
E. Kərimov qeyd edib ki, Azərbaycan məktəblərində rus bölməsi üzrə 11 ibtidai sinif müəlliminə ehtiyac var: "Müəllim ehtiyacı əsasən Abşeron və Saatlı rayonlarında üstünlük təşkil edir. Həmin yerlər yerli təhsil idarəetmə orqanları tərəfindən vakant yer kimi təqdim edilib. Hesab edirik ki, müəllimlərin işə qəbulu müsabiqəsində həmin vakant yerlər dolacaq".
Nigar Orucova
Olaylar.az
.jpg)

