Bakının Sabunçu rayonunda TOPs təlimləri keçirilib
“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramının 6-cı mövsümü çərçivəsində növbəti təlimlər Bakı şəhərinin Sabunçu rayonunda baş tutub.
2 Mart 2020 13:00 Sosial"TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması" proqramının 6-cı mövsümü çərçivəsində növbəti təlimlər Bakı şəhərinin Sabunçu rayonunda baş tutub.
Olaylar.az bildirir ki, proqram Təhsil Nazirliyi, "British Council" Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və "İnkişaf Naminə İdman" İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.
Təlimlərlərə Sabunçu rayonu üzrə 69, 107, 108, 112, 126, 128, 137, 142, 155, 268 və 170 saylı orta məktəblərin 35 fiziki tərbiyə müəllimi cəlb olunub. Təlimlər boyunca müəllimlərə fiziki tərbiyə dərsləri daha səmərəli və əyləncəli keçməyin yolları, şagirdləri dərslərə həvəsləndirmək üçün tədris metodları öyrədilib. Təlimlər zamanı müəllimlərə TOPs metodologiyası əyani formada göstərilib, proqramın əhatə etdiyi təlim formatları yerində tətbiq olunub.
TOPs proqramının təlimçisi Asəf Mehdiyev bildirib ki, Sabunçu rayonunun müəllimləri təlimlərə maraqla qoşulublar.
2019-2020 tədris ilində TOPs proqramına bundan əlavə Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı, Şabran, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblər cəlb olunub.
Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.