Boqotada İngilis-Amerikan kollecində Azərbaycan barədə təqdimat keçirilib
Boqotada İngilis-Amerikan kollecində Azərbaycan barədə təqdimat keçirilib
2 Mart 2020 12:59 SosialAzərbaycanın təbliğ edilməsi məqsədi ilə Kolumbiyanın ən səviyyəli kolleclərindən biri olan İngilis-Amerikan kollecində nümayəndəlik tərəfindən Azərbaycana dair mühazirə təşkil olunub.
Olaylar.az bildirir ki, səfirlik tərəfindən gənc kolumbiyalılara Azərbaycanın coğrafi mövqeyi, iqlimi, əhalisi və dövlət quruluşu barəsində məlumat verilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ölkəmizə qarşı Ermənistan təcavüzü barədə həqiqətlər çatdırılıb.
Mühazirə zamanı Azərbaycanın tarixi, Qafqaz Albaniyası, qədim şəhərləri, tarixi abidələri (Qobustan, Yanardağ, Alban kilsələri, Qız Qalası və s.) və mədəni irsi barəsində bəhs edilib. Daha sonra Türkmənçay və Gülüstan müqavilələrinin tarixi nəticələri, Müsəlman Şərqinin ilk demokratiyası olan Azərbaycan Xalq Cümhuriyyəti barədə, həmvətənlərimizin faşizm üzərində qələbəyə verdiyi töhfə, 20 yanvar faciəsi və Xocalı Soyqırımına dair məlumat verilib.
Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanın inkişaf yolu və nailiyyətləri, həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyi və onun rəhbərliyi altında ölkədə bütün sahələrdə nail olunmuş inkişaf, o cümlədən irimiqyaslı qlobal layihələrdə lider rolu və onların əhəmiyyətinə dair məlumatlar auditoriyaya təqdim olunub.