"Uşaqların ədalət mühakiməsinə çıxışı" mövzusunda regional konfrans keçirilib
"Uşaqların ədalət mühakiməsinə çıxışı" mövzusunda regional konfrans keçirilib
2 Mart 2020 12:52 SosialBosniya və Herseqovina Ədliyyə Nazirliyinin və UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin birgə təşkilatçılığı ilə fevralın 25-27-də Sarayevo şəhərində "Uşaqların ədalət mühakiməsinə çıxışı" mövzusunda regional konfrans keçirilib. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, 20-dən çox dövlətdən ədliyyə və sosial təminat üzrə nazirliklərinin, milli insan hüquqları təsisatlarının, QHT-lərin və akademik dairələrin 200-ə yaxın nümayəndəsinin bir araya gəldiyi tədbirdə ölkəmizin Ədliyyə Nazirliyinin nümayəndə heyəti iştirak edib. Tədbirə həmçinin, UNİCEF-in Azərbaycandakı Ofisinin və QHT nümayəndələri qatılıblar.
Müzakirələrdə nümayəndə heyətimiz tərəfindən cəmiyyətimizin həssas təbəqəsi olan uşaqların müdafiəsinin Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən olduğu vurğulanıb, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən tədbirlər, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, yuvenal ədliyyə institutunun tətbiqi və inkişafı üzrə görülən işlər barədə məlumat verilib, UNİCEF-lə səmərəli əməkdaşlıq, o cümlədən bu qurumun Ədliyyə və Daxili İşlər nazirlikləri ilə birgə yuvenal ədliyyə sahəsində layihənin uğurla həyata keçirilməsi qeyd olunub. Səfər zamanı həmçinin, Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən qurulmuş "Dostluq parkı"nda ucaldılmış Xocalı soyqırımı abidəsi ziyarət olunaraq faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.