Vətəndaşların təklifləri mədəniyyətin inkişafına həssas münasibətdən xəbər verir

Mədəniyyət naziri Əbülfəs Qarayev Masallı rayonunda vətəndaşlarla görüşündən sonra mətbuata açıqlama verib.

Olaylar.az bildirir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay regionlarda vətəndaşların qəbulu keçirilir və bu görüşlərdə vətəndaşlar tərəfindən mədəniyyətin müxtəlif istiqamətlərində məsələlər qaldırılır. Bütün bunlar insanların mədəniyyətin inkişafına həssas münasibətini ortaya qoyur: "Qəbulda dəyərli təkliflər, müraciətlər səsləndirildi. Onların sırasında muzeylərdə uşaqlar üçün xüsusi proqramların tərtib olunması, ustad dərslərinin keçirilməsi, tarixi abidələrin qorunması, bərpa və konservasiyası kimi məsələləri əhatə edirdi. Qeyd edilən məsələlərin həlli ilə bağlı atılan addımlar mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verir".

Əbülfəs Qarayev Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri və səfər zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı istiqamətində görülən işlərə toxunub. Bildirib ki, bu il ərzində İtaliyada Azərbaycana həsr olunmuş silsilə tədbirlər keçiriləcək: "Bu tədbirlər həm Heydər Əliyev Fondu, həm də Mədəniyyət Nazirliyi tərəfindən ilboyu davam etdiriləcək. Xüsusilə qeyd etmək istərdim ki, İtaliyada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. O, cümlədən İtaliyada təşkil olunan beynəlxalq tədbirlərdə də ölkəmiz fəal iştirak edir. İtaliyanın elmi, mədəni mərkəzləri ilə çox sıx əlaqələrimiz var. Bu yaxınlarda da nümayəndə heyətimiz növbəti dəfə Venesiyada keçiriləcək beynəlxalq tədbirə qatılacaq".

Qeyd edək ki, nazir Masallıya səfəri çərçivəsində nazir rayonunun bir sıra mədəniyyət müəssisələrinə baş çəkib, onların fəaliyyəti ilə maraqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31