Azərbaycanda koronavirusla bağlı təhlükə yoxdur -TƏHLİL

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən yayılmağa başlayan yeni koronavirusun digər ölkələrə keçməsi ilə bağlı "səhiyyədə qlobal fövqəladə hal" elan edib.

Hökumət qabaqlayıcı tədbirlər həyata keçirir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən yayılmağa başlayan yeni koronavirusun digər ölkələrə keçməsi ilə bağlı "səhiyyədə qlobal fövqəladə hal" elan edib. ÜST rəhbəri Tedros Adhanom Ghebreyesus deyib ki, bu qərarın əsas səbəbi Çində yox, digər ölkələrdə baş verənlərdir. Bu virusun daha zəif səhiyyə sistemi olan ölkələrə yayılması narahatlıq doğurur. Xatırladaq ki, artıq öldürücü gücə malik koronavirusun dünyanın 37 ölkəsində qeydə alındığı bildirilir. Virusa yoluxan və ölənlər barədə isə ən müxtəlif rəqəmlər səsləndirilir. Azərbaycan üçün isə daha təhlükəli məqam virusun insanların daim sıx təmasda olduqları qonşu dövlət olan İranda qeydə alınmasıdır. Artıq qonşu ölkədə koronavirusdan ölüm halları baş verib ki, bu da virusun ölkəmizə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsini zəruri edir. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan, digərləri isə İran İslam Respublikası vətəndaşlarıdır. Həkim müşahidəsinə götürülənlərdən 3-nün vəziyyəti normaldır səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var. Məlumatda bildirilib ki, həmin insanlar İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar. Ümumilikdə Azərbaycanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 8-ə çatıb. Onlardan 6-sı 1 saylı Kliniki Tibbi Mərkəzdə, digər ikisi isə xüsusi ayrılmış tibb müəssisəsinə həkim nəzarətindədir. Maraqlıdır,  ölkəmizdə koronavirusa qarşı hansı tədbirlər görülüb?

Məlumat üçün qeyd edək ki, 2020-ci il yanvarın 28-də Çin Xalq Respublikasında yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib.  Epidemiyanın təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər görülür. Həmin tarixdən başlayaraq bütün istiqamətlərdən Azərbaycana gələn sərnişinlər ciddi yoxlanılır və bu günədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb. Son günlər İran İslam Respublikasında koronavirusa yoluxma hallarının artmasına və bəzi hallarda ölümlə nəticələnməsinə dair rəsmi məlumatların yayılmasından sonra Azərbaycan-İran sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində də nəzarət gücləndirilib. Yüklərin ölkəyə girişi və çıxışında əlavə sanitar-dezinfeksiya tədbirlərinin görülməsi davam etdirilir. Ölkənin Xarici İşlər Nazirliyi tərəfindən İran İslam Respublikasında yaranmış vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, qeydə alına biləcək "2019-nCoV" infeksiyasına qarşı əks-epidemik tədbirlərin Səhiyyə Nazirliyi ilə koordinasiyalı əməkdaşlıq şəraitində həyata keçirilməsi, Respublikanın hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan yerli və əcnəbi vətəndaşların infeksiya barədə maarifləndirilməsi, hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan şəxslərin termal kameradan keçmələrinin təmin edilməsi, Çindən təyyarə ilə gələn sərnişinlərin isə məsafədən termometriya edilməsi, infeksiyaya şübhəli olan şəxslərin sərhəd-keçid məntəqələrinin karantin otaqlarında izolyasiya edilməsi, şübhəli hal barədə "103" təcili yardım xidmətinin məlumatlandırması, Bakı şəhərində yerləşən sərhəd-keçid məntəqələrində aşkar edilmiş şəxslərin həmin karantin otaqlarından "103" təcili yardım xidməti ilə daşınaraq xüsusi ayrılmış xəstəxanaların infeksion şöbələrinə yerləşdirilməsi, Respublikanın rayonlarında yerləşən sərhəd-keçid məntəqələrinə uyğun olaraq həmin rayonların Mərkəzi Rayon Xəstəxanalarının infeksion şöbələrində iki infeksion palatanın hazırlıq vəziyyətinə gətirilməsi barədə qərar qəbul edilib. Qeyd edək ki, tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılıb. Yeri gəlmişkən bildirək ki, Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"ndən (TƏBİB) verilən məlumata görə, bunun üçün 3 xəstəxana ayrılıb. Bunlar Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və  7 saylı Uşaq infeksion xəstəxanasıdır.

Dövlət Gömrük Komitəsi tərəfindən də koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyyəsi üzrə müvafiq işlər görülür. Belə ki, İranda yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara və Biləsuvar gömrük-sərhəd buraxılış məntəqələrində də profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır. Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən Komitənin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalı və müvafiq tibbi heyəti bu gömrük-keçid məntəqəsinə ezam olunub. Eyni zamanda, Astara gömrük-sərhəd keçid məntəqəsi də Tibbi Xidmət İdarəsinin müvafiq tibbi heyəti ilə gücləndirilib. Məlumat üçün bildirək ki, Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə Biləsuvar gömrük postuna artıq təhkim olunub və fevralın 25-dən etibarən xidmətə başlayıb. Mobil səyyar hospital vasitəsilə zərurət yarandıqda infeksion xəstəliyə şübhəli olan vətəndaşlar tibbi baxışdan keçirib, sonradan TƏBİB-in müvafiq strukturlarına təhvil veriləcək. Eyni zamanda, mobil hospitalda iki yataq xəstəsinə tibbi yardım göstərmək imkanı da mövcuddur.

Əhalinin, xüsusilə məktəbyaşlı uşaqların maarifləndirilməsi məsələsi də diqqətdən kənarda qalmayıb. Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov fevralın 24-də koronavirusla bağlı rayon təhsil şöbələrinə tapşırıq verib. Tapşırıqda bildirilir ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) tabeliyindəki təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaranıb. Aparat rəhbəri qeyd olunan vəziyyəti nəzərə alaraq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) bir sıra tədbirlərin görülməsini tapşırıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də (AQTA) ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi və respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə bağlı sahibkarlara müraciət edib. Müraciətdə qeyd olunub ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir. Əks halda baş verə biləcək hər hansı neqativ halların məsuliyyəti həmin sahibkarların üzərinə düşür.

Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir. Aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə dair tapşırıqlar verilib. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur. Epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31